Cümə axşamı , Yanvar 21 2021
Ana səhifə / Siyasət / Vüqar Qədirov: “Ümidvarıq ki, BMT elan etdiyi prioritetləri sırasındakı Dağlıq Qarabağ problemilə daha ciddi şəkildə məşğul olacaq”

Vüqar Qədirov: “Ümidvarıq ki, BMT elan etdiyi prioritetləri sırasındakı Dağlıq Qarabağ problemilə daha ciddi şəkildə məşğul olacaq”

BMT-nin baş katibi Antoniu Quterriş rəhbəri olduğu təşkilatın 2018-ci il üzrə 12 fəaliyyət istiqamətini açıqlayıb. Baş Assambleyanın üzvlərinə müraciət edən Quterriş bildirib ki, onun rəhbər olduğu bir il ərzində bəşəriyyət sülhə doğru irəliləməyib.
Həlli vacib olan problemlərin sırasında Yaxın Şərqdə, həmçinin, Avropada dondurulmuş münaqişələrin nizamlanması, Myanma və Banqladeşdə qaçqın problemlərinin həlli, Koreya yarımadasında vəziyyətin normallaşdırılması yer alıb.
Antoniu Quterriş Avropada münaqişələrin “dondurulması”na səbəb olan “iflic”i bitirməyə çağırıb. Onun sözlərinə görə, qitə ölkələri bu problemin həlli üçün lazımi rıçaqlara malikdirlər.
BMT baş katibi Dağlıq Qarabağ münaqişəsinin həllinin əsas prioritetlər sırasında olduğunu vurğulayıb: “Bu vəziyyətlərin normallaşdırılması üçün millətçiliyin təhlükəli dalğasına qarşı durmaq və Şərqi Ukrayna üzrə Normand formatı və üçtərəfli kontakt qrupu, Qarabağ üzrə ATƏT-in Minsk Qrupunu, Gürcüstan üzrə Beynəlxalq Cenevrə diskussiyasını və Dnestryanı üzrə “5+2” prosesi də daxil olmaqla müvafiq vasitəçilik işlərinin canlandırılması vacibdir”, – deyə BMT rəhbəri bildirib.
Göründüyü kimi, BMT-nin baş katibi Dağlıq Qarabağ məsələsini də özlərinin prioritetləri sırasına aid edib. Qeyd edək ki, Quterrişin yeni vəzifəsinin icrasına başladığı dönəmdən sonra qurumun 72-ci sessiyası keçirildi. Ora dəvətli olan Prezident İlham Əliyevin Quterrişlə təkbətək görüşü oldu. Həmin görüşdə İlham Əliyev BMT-nin yeni baş katibinin diqqətinə Ermənistanla bağlı bəzi faktları çatdırdı. Xüsusilə də BMT-nin Dağlıq Qarabağla bağlı qəbul etdiyi qətnamələrin icra mexanizminin zəif olması və Ermənistanın mənşəyi bilinməyən adamları Qarabağa köçürməklə oradakı demoqrafik vəziyyəti dəyişmək cəhdləri barədə geniş müzakirə aparıldı. BMT baş katibinin Dağlıq Qarabağ problemini təşkilatın prioriteti sırasına salmasında İlham Əliyevin səylərinin nə kimi rolu olub?

Politoloq Vüqar Qədirovun sözlərinə görə, Prezident İlham Əliyevin bu istiqmətdə səyləri çox məhsuldar olub: “Xüsusilə də ölkə başçısının BMT-nin son sessiyasındakı çıxışı və həmin ərəfədə qurumun baş katibilə keçirdiyi görüşü bura aid edə bilərik. Bilirsiniz ki, BMT Təhlükəsizlik Şurasının Azərbaycan torpaqlarının işğalı ilə bağlı 4 qətnaməsi var. Prezident həmin vaxt bildirdi ki, BMT-nin elə qətnamələri var ki, bir gündə həyata keçirilir, amma torpaqlarımızın işğalı ilə bağlı qəbul edilmiş qətnamələr 25 ildir həyata keçirilmir. Dövlət başçısı sual etdi ki, bu ikili standartlar nə üçün baş verməlidir, BMT kimi nüfuzlu təşkilat qətnamələrin icrasını niyə təmin etmir? Bugünkü Ermənistana qarşı niyə sanksiyalar tətbiq edilmir?
Dövlət başçısının çıxışı 5 dəqiqə oldu. Bütün problemləri 5 dəqiqəlik çıxışa sığışdırmaq mümkün deyil. Buna görə də Prezident çıxışında vaxt məhdudiyyətinə görə söyləyə bilmədiyi bəzi mətləbləri BMT baş katibilə keçirdiyi görüşdə onun diqqətinə çatırdı.
İlham Əliyev BMT-dəki çıxışında birmənalı deyib ki, işğala və erməni separatçılarının cəbhə bölgəsindəki təxribatlarına son qoyulmasa, Azərbaycan Ordusu 2016-cı ilin aprel hücumunu yenidən təkrarlayacaq. Təbii ki, bütün bu amillərin BMT-nin qəbul etdiyi sonrakı qəraralara mühüm təsiri var. Biz bunun bariz nümunəsini BMT baş katibinin özləri üçün elan etdikləri prioritetlər sırasında görürük. Ümidvarıq ki, BMT elan etdiyi prioritetləri sırasındakı Dağlıq Qarabağ problemilə daha ciddi şəkildə məşğul olacaq. Ən azından, öz nüfuzunu qorumaq üçün özünün qəbul etdiyi qətnamələrin icrası istiqamətində səylərini artıracaq”. (Bakı-Xəbər)

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Ceyhun BayramovunTürkmənistana səfəri başladı

Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun Türkmənistana səfəri başlayıb. Bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti …