Bazar , Noyabr 29 2020
Ana səhifə / Siyasət / Virus təhlükəsi Ermənistanda hakimiyyət dəyişikliyi törədə bilər

Virus təhlükəsi Ermənistanda hakimiyyət dəyişikliyi törədə bilər

Samir Adıgözəlli: “Vəziyyət belə davam edərsə, Ermənistanda hakimiyyət çevrilişi qaçılmaz olacaq”

Ermənistanda koronavirus gözlənildiyindən də sürətlə yayılmağa başlayıb. Son rəsmi məlumata görə, ölkədə COVİD-19-a yoluxanların sayı 110-a yaxınlaşıb. 444 nəfər karantinə alınıb, daha 799 nəfər isə öz evlərində təcrid olunmağı xahiş ediblər. Yoluxanların 81%-i erməni katolikosun oturduğu Eçmiədzində qeydə alınıb.

Cəmi 2-3 milyon əhalisi olan kasıb bir ölkə üçün bunlar kifayət qədər böyük rəqəmdir. Onu da bildirək ki, bir neçə gün öncə hökumət Ermənistanda aprelin 14-dək, bir aylıq fövqəladə vəziyyət elan edib. Hökumət həm də bu kimi zəruri ön təbirlərə gec başlamaqda ittiham olunur.   

Bu arada koronavirusla əlaqədar Ermənistanda yaranan situasiya, o sırada qonşu İran və Gürcüstanla sərhədin bağlanması ucbatından iqtisadiyyatın pisləşməsi əhaliyə “iqtisadi inqilab” vədi verən Paşinyan hökumətini həddən artıq qəliz vəziyyətə salıb. Bu haqda yazan “Qraparak” qəzeti qeyd edir ki, vəziyyətdən çıxmaq üçün indiki hökumət nümayəndələri hətta keçmiş hökumətin təmsilçilərinə müraciət etmək zorunda qalıb.

Ermənistan kimi zəif iqtisadiyyata malik olan ölkədə koranavirusun sürətlə yayılması hakimiyyətin dəyişməsi kimi proseslərə yol aça bilərmi?

İctimai-Siyasi Proseslər Beynəlxalq Əlaqələr Mərkəzinin (İSBAM) rəhbəri Samir Adıgözəlli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, koronavirusa qədər də Ermənistan iqtisadiyyatında tənəzzül yaşanırdı və indiki vəziyyət daha acınacaqlı xarakter alıb: “Ermənistan iqtisadiyyatının çöküşünü şərtləndirən vacib səbəblər var. Həmin ölkə deyilən amilləri aradan qaldırmaqda maraqlı görünmür. Ölkənin vəziyyətini gərginləşdirən başlıca amil işğalçı siyasəti səbəbindən blokadada qalmasıdır. Ermənistanın, faktiki olaraq, iki qonşusu ilə sərhədi bağlıdır. Hələ koronavirusa qədər olan dönəmdə belə Ermənistan əhalisi dolanışığın olmaması ucbatından ölkəni tərk edirdi. Pandemiya ilə bağlı vəziyyətin isə həmin ölkədə daha acınacaqlı olduğunu görürük. Bu da təbiidir. Çünki heç bir ölkənin sığortalanmadığı bu epidemiyadan qorunmaq üçün ciddi vəsaitlər tələb olunur. Ermənistan bunu etmək gücündə deyil. Mən sosial şəbəkələrdən Paşinyanın İrəvan küçələrini gəzib apteklərə baş çəkdiyini gördüm. Aydın sezilir ki, çatışmazlıqlar mövcuddur. Bu hələ bizə göstəriləndir, görün arxa planda nələr yaşanır? Statistik məlumatlar göstərir ki, pandemiya ilə bağlı Ermənistanı qarşıda daha ağır sınaq gözləyir. Paşinyan hakimiyyətinə qarşı xalqda ciddi aqressiya var. Çünki onlar  söz verib çevrilişlə hakimiyyətə gəldikləri vədləri yerinə yetirməyiblər. Koronavirus bəlası həmin ölkədə yeni siyasi narazılıq dalğasını qaldıra bilər. Vəziyyət belə davam edərsə, Ermənistanda hakimiyyət çevrilişi qaçılmaz olacaq”.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Fəxrizadənin müəmmalı qətli: İranla bağlı plan aktiv fazaya keçir… (TƏHLİL)

“Fəxrizadənin ölümü sırf İran ətrafında uzun müddət davam edən prosesin bir həlqəsi kimi dəyərləndirilməlidir”.Bunu Qaynarinfo-ya açıqlamasında …