Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Vergilər nazirinin müşavirinin adı müdhiş təhsil maxinasiyasında

Vergilər nazirinin müşavirinin adı müdhiş təhsil maxinasiyasında

Azərbaycan Universiteti ilə bağlı beynəlxalq qalmaqal; tələbələri Corciya Universitetində təhsillə şirnikləndirib aldadan şəbəkə haqda sensasion məlumatlar
Azərbaycan Universitetində baş verən qanunsuzluqlarla bağlı redaksiyamıza məlumatlar, məktublar, foto-videolar daxil olub. Məlumata görə, 2008-ci ildən etibarən universitetdə bakalavr və magistr hazırlığı üzrə ABŞ-ın Corciya Universiteti ilə birgə təhsil proqramının tətbiq edilməsi haqda elanlar yayılıb, reklamlar verilib.

Reklam və elanlardakı iddiaların saxta olduğu, tələbə cəlb etmək üçün yalan üzərində qurulduğu çox sonralar üzə çıxıb. Belə ki, qeyd olunan proqram “Biznesin təşkili və idarə olunması” istiqamətində “Menecment”, “Marketinq”, “Maliyyə”, “Mühasibat uçotu”, “Dünya iqtisadiyyatı” ixtisasları üzrə ingilis dilli təhsili nəzərdə tutub.

Universitet rəhbərliyinin sifarişi ilə yayılan reklam çarxlarında proqrama daxil olan ixtisaslar üzrə tam kurs keçmiş tələbələrə ABŞ-ın Corciya Universitetinin və Azərbaycan Universitetinin ikili beynəlxalq səviyyəli diplomu veriləcəyi də bildirilib. Bu proqram üzrə ilk məzun buraxılışı 2012-ci ildə olub. Lakin nə bu proqramın 2012-ci ildəki ilk buraxılışının, nə də sonrakı buraxılışlarının məzunlarının heç birinə beynəlxalq səviyyəli ikili diplom verilməyib. Məzunlara təqdim edilən diplomların yalnız Təhsil Nazirliyi tərəfindən təsdiq olunduğunu görən tələbələr və onların təhsil haqqı ödəyən valideynləri haqlı narazılıqlarını bildiriblər.

Axı bu proqrama daxil olan eyni ixtisaslar üzrə milli diplom verilən Azərbaycan və rus bölmələrində bakalavr hazırlığı üzrə Azərbaycan Universitetinin müəyyən etdiyi təhsil haqqı 500 manat azdır. Maraqlıdır ki, 2008-ci ildən, yəni proqramın tətbiq olunduğu tarixdən etibarən TQDK-nın rəsmi saytı və rəsmi nəşr orqanı olan “Abituriyent” jurnalının əvvəlki illərdəki saylarında Azərbaycan Universiteti barədə məlumatlarda ikili diplom və müvafiq olaraq təhsil haqqının hər il üçün azı 500 manat artıq olduğu haqda qeydlər var. Yaranmış situasiyada Azərbaycan Universiteti məzunlara ya vəd etdiyi ikili diplomu təqdim etməli, ya da əlavə ödənilən təhsil haqlarını geri qaytarmalıdır!

Məsələnin digər tərəfi də maraq doğurur. İkili diplom vədinin saxtalığı üzə çıxsa da, hazırkı dövrdə də universitetdə bu proqram üzrə təhsil alan tələbələr var.

Bundan başqa bildirilir ki, universitetin sabiq rektoru, hazırda özəl universitetin rəsmi təsisçisi olan dövlət məmuru – vergilər nazirinin müşaviri Akif Musayev ikili diplomla bağlı hələ də reklam etməkdədir.

Bəs ikili diplomun verilməməsi, öz üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq Corciya Universitetinin azərbaycanlı tələbələrə diplom təqdim etməməsinin səbəbi nədir? Hansı səbəbdən bu proqram üzrə təhsil alan tələbələr Azərbaycan Universiteti tərəfindən vəd olunduğu kimi Corciya Universitetinə təhsil almağa göndərilmirlər? Axı onlar təhsilin iki ilini Azərbaycanda, qalan iki ilini isə ABŞ-da keçməli idilər. Bu proqram üzrə daha yüksək təhsil haqqı da bu səbəbdən müəyyən edilmişdi. Corciya Universiteti isə öz növbəsində rəsmi razılaşmaya uyğun olaraq güzəştli şərtlərlə azərbaycanlı tələbələrə təhsil xidmətləri təqdim etməli idi. Azərbaycan Universitetinin bu proqram üzrə təhsil alan heç bir tələbəsi universitet tərəfindən təhsilinin iki ilini Corciya Universitetində keçmək üçün göndərilməlidir. Tək-tük tələbələrin bir neçəsi tədris ilindən də çox qısa müddətə Corciya Universitetinə göndərilsə də, onların heç biri məlum səbəbdən sertifikat belə ala bilməyib. Məlum oldu ki, bu beynəlxalq proqram bir sıra MDB ölkələrində tətbiq olunmuş və bəzi hallarda müvəffəqiyyətsizliyə uğrayıb.

Bu proqram üzrə tam kursu bitirən tələbələrə Corciya Universitetinin Mak Robinson Kollecinin verdiyi sertifikat bakalavr dərəcəsini təsdiq edən rəsmi sənəd-diplom sayıla bilərmi?! Sadə kurs kimi sertifikat verən Kollec proqramının Azərbaycan Universitetinin bakalavr və magistr hazırlığı proqramı ilə necə eyniləşdirərək rəsmən təsdiq etdiriblər?

Məlum səbəblərdən adının gizli qalmasını istəyən universitetin müəllimlərindən biri maraqlı məqamları açıqlayıb: “Bir necə ildir Azərbaycan Universitetində işləyirəm. Universitetdə əvvəllər xüsusi fənn monopoliyası şəbəkəsi yaradılmışdı. Müəyyən fənləri yalnız rəhbərliyə yaxın olan və qohum-əqrəba, dost-tanışlar vasitəsilə qəbul edilən konkret müəllimlərə təhkim olunurdu. Lazım olanda müəyyən tələbələr semestr imtahanları və kəsrlərdən bu müəllimlərin vasitəsilə keçirilirdi. 2011-ci ildən sonra universitetə yeni inzibati kadrlar və müəllimlərin gəlişi ilə bu şəbəkə universitetin daxilindəki sağlam, əvvəlki şəffaflığı bərpa etməyə çalışan qüvvələrin cəhdləri ilə dağılmağa başladı. Monopoliyada olan fənlər universitetə yeni cəlb edilən elmi dərəcəli və müvafiq sahələr üzrə ixtisaslaşmış peşəkar kadrlara təhkim edilməyə, savadı və peşəkarlıq səviyyəsi aşağı olan, zəif biliyə malik olan tələbələrə himayədarlıq edən müəllimlər isə tədris prosesindən və universitetdən uzaqlaşdırılmağa başladı. Fənlərin monopoliyasının dağıldığını görən şəbəkə üzvləri gəlirlərinin qarşısının kəsildiyi gördükdə hər vasitə və yollarla bu tədbirlərə qarşı çıxırdılar. Fərid Əhmədov rektor təyin edildikdən sonra bu monopoliya yenidən bərpa edilməyə başladı”.
Müəllim bildirib ki, Fərid Əhmədov təhsil və elm sahəsində uzun illər təcrübəsi olan dekanlar, dosent Akif Əlizadə və 15 ildən yuxarı Azərbaycan Universitetində dekan, kafedra müdiri, prorektor vəzifələrini icra etmiş elmlər namizədi, dosent Mahir Talışlını tutduğu vəzifələrdən uzaqlaşdırıb.

Azərbaycan Universitetində bəzi müəllimlərə ixtisasına uyğun olmayan fənlərin tapşırıldığı haqda da məlumat var: “Təsisçisi baza ixtisası riyaziyyatçı olan AMEA-nın müxbir üzvü Akif Müsayev də baza ixtisasına uyğun olmayan sahə üzrə – iqtisadiyyat üzrə dissertasiya mövzularının koordinasiya şurasının sədridir. Avtomobil nəqliyyatı vasitələrinin yükdaşımaları sahəsinin riyazi təhlillərinə həsr edilmiş mövzuda dissertasiya müdafiə etmiş Akif Müsayevə akademik olmaq arzusuna çatmaq üçün akademiyada bir yer tapmaq lazım idi və bu istəyin qarşısında isə ixtisasın nə əhəmiyyəti var?! Yəqin Azərbaycan Respublikasında baza ixtisasları sırf iqtisadçı olan, sırf iqtisad elmləri sahəsində tədqiqatlar aparmış iqtisadiyyat üzrə fəlsəfə və elmlər doktorları tamamilə tükənərək yox olduğundan Akif Musayev bu şuraya sədr təyin edilib”.

Fərid Əhmədovun dekan Elçin Rəşidovu işdən çıxarmasına diqqət çəkən müəllim deyib ki, sonuncu Amerikada təhsil alıb, Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri vəzifəsini icra edib, dünyanın aparıcı universitetləri və alimləri ilə geniş əlaqələrə malikdir: “Elçin Rəşidov Oksfordda fəlsəfə doktoru dissertasiyasını müdafiə edən ilk və yeganə azərbaycanlıdır. Amerikada təhsil aldığı universitetdə Elçin Rəşidovun müəllimləri olmuş Nobel Mükafatı laureatları məhz istedadlı tələbələrinin dəvəti ilə bir neçə il əvvəl Azərbaycana təcrübələrini bölüşməyə gəliblər. Universitetdə Fərid Əhmədov rektor təyin olunmazdan əvvəl Akif Əlizadənin dekan olduğu ”İqtisadiyyat və idarəetmə” fakültəsində dərs deyən, dərsin keyfiyyətsizliyi və məsuliyyətsizliyinə görə dəfələrlə rəhbərlik tərəfindən iradlar bildirilən bir müəllimin dərsinin video və foto görüntülərini sizə təqdim edirik. Bu video lentdə dərs zamanı müəllimin mühazirə deyib, dərs keçmədiyi aydın görünür, tələbələr də bundan istifadə edərək auditoriyada yerdə divar boyu quraşdırılan, daxilində elektrik və internet şəbəkəsi naqilləri yerləşdirilən qutunu söküb içinə dəftər yerləşdirirlər. Dərsdə bir-birilərinə müxtəlif əşyalar atıb dava edirlər. Müəllim isə universitetin əmlakının dağıdılmasına heç bir reaksiya vermir. Bu müəllimin qeyri-qənaətbəxş fəaliyyəti nəzərə alınaraq növbəti dərs ilində ona dərs verilməyib. Lakin 2015-ci ilin noyabrında belə bir məsuliyyətsiz şəxsi yenidən universitetə qaytarıb “dekanlıq işini bilməyən” Akif Əlizadənin dekan olduğu “İqtisadiyyat və idarəetmə” fakültəsinin ixtisas kafedralarından birinə kafedra müdiri təyin ediblər. Fərid Əhmədov isə bizim kimi sadə müəllimləri məsuliyyətə çağırır! Universitetdə Fərid Əhmədovun yeni təyin etdiyi “nümunəvi dərsinin” video görüntülərini sizə təqdim etdiyimiz, heç bir təcrübəsi olmayan belə şəxslər dərs ilinin ortasında qeyri-qanuni təkrar dərs bölgüsü aparırlar. Bəlli məsələdir ki, Akif Əlizadə və Mahir Talışlı kimi dekanlar öz fakültələrində belə saxta dərs yükü bölgüsünü təsdiq etməzdilər”.

Müəllim deyir ki, Azərbaycan Universitetinin Həmkarlar İttifaqı Komitəsinin sədri Fəxrəddin Məhərrəmov universitetdə baş verən qanunsuzluqlara göz yummadığı üçün tutduğu vəzifədən çıxarılıb: “Rektorun işçilərin hüquqlarının pozması və onun əlaltılarının kollektivdə yaratdığı qeyri-sağlam mühit, qeyd olunan digər neqativ hallar barəsində Həmkarlar İttifaqı Komitəsinin sədri Fəxrəddin Məhərrəmova məlumat vermişik. Sədr rektorun əməllərinin qanunsuz olduğunu qeyd etdikdən sonra məzuniyyətdə olduğu müddətdə qanunsuz işdən çıxarılıb. Onun yerinə əvvəllər universitetin Həmkarlar İttifaqı Komitəsinin üzvü olmayan, rektorun yaxın dostu və həmyerlisi təyin olunub”.

“Yeni Müsavat” əməkdaşı Fəxrəddin Məhərrəmovla əlaqə saxladıqda o, universitet əməkdaşlarının məktublarında göstərdikləri faktları təsdiq edib. Deyib ki, işçilərin adlarının gizli saxlanılması istəklərinin səbəbini çox yaxşı başa düşür: “Onlar rektorun təqiblərindən ehtiyat edirlər. Əgər işçilərin hüquqlarını müdafiə edən müstəqil təşkilatın rəsmi nümayəndəsi olduğum halda mənə qarşı qərəzli mövqe tutularaq qeyri-qanuni işdən çıxarılıramsa, sadə işçilərə qarşı hansı əməllər törədildiyini təsəvvür edin. İşçilər tərəfindən sizə təqdim olunan sənəd, foto, video görüntülər isə danılmaz faktlardır və onların haqlı olduğunu bir daha sübut edir. Bu faktları isə heç bir şəkildə inkar etmək olmaz”.
İddialara münasibət öyrənmək üçün Azərbaycan Universitetinin mətbuat xidmətinin rəhbəri Venera Şərifzadə ilə əlaqə saxladıq. Xidmət rəhbəri ikili diplomla bağlı elanlara diqqət yetirilməli olduğunu vacib saydı: “Orada yazılmayıb ki, ikili diplom verilir. Yazılıb ki, sertifikat verilir, amma gələcəkdə ikili diplom ola bilər. Bundan başqa universitetdə müqavilə var və dəfələrlə də həmin universitetin rektorları Amerikadan universitetimizə gəliblər. Bunu təsdiq edən foto-videomateriallar da var”.

V.Şərifzadə deyir ki, hazırkı tədris ilində 8 tələbə ABŞ-a göndərilib: “Müvafiq ballar var, o balları toplayan uşaqlar orada gedib təhsillərini davam etdirə bilirlər. Həmin tələbələrin bütün xərclərini universitet qarşılayır”.

Xidmət rəhbəri dekanların tutduğu vəzifələrdən çıxarılmasını kadr islahatları ilə əlaqələndirib: “Bütün universitetlərdə belə kadr dəyişiklikləri var və bunun bir çox səbəbi ola bilər. Deyilən dekanların işdən çıxarılmasının səbəbini bilmirəm. Amma ola bilər ki, özlərinin istəyi ilə, işlərinin çoxluğu ilə əlaqədar tutduqları vəzifədən gedə bilərlər. İl ərzində o qədər işçi dəyişir ki”.

Xidmət rəhbəri Azərbaycan Universitetinin Həmkarlar İttifaqı Komitəsinin sədri Fəxrəddin Məhərrəmovla əlaqəli hər hansı bir məlumata malik olmadığını söylədi. (musavat.com)

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …

Bir cavab yazın