Çərşənbə , Fevral 8 2023
Ana səhifə / Siyasət / Vasif Talıbovun həbsi gözlənilir – DEPUTAT

Vasif Talıbovun həbsi gözlənilir – DEPUTAT

Xəbər verdiyimiz kimi, bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin iclası keçirilib. İclasda Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov istefa qərarını elan edib. 27 il Naxçıvana rəhbərlik edən Talıbovun istefası ölkə gündəminin əsas mövzusuna çevrilib.

Hazırda onun istefasının səbəbləri ilə yanaşı, həbs olunma ehtimalına dair ciddi müzakirələr gedir. Ehtimal olunur ki, Naxçıvanda aşkarlanan ciddi korrupsiya faktları Vasif Talıbovun həbsinə səbəb ola bilər.

Bununla bağlı Modern.az-a danışan Milli Məclisin naxçıvanlı deputatı Fazil Mustafa bildirib ki, Vasif Talıbovun istefası gözlənilən olub.

“Naxçıvanda baş verənlər Vasif Talıbovun istefasını zəruri etdi. Bundan sonrakı dönəmdə hansısa struktur dəyişikliklərini gözləmək olar. Mütləq referendum olmalı idi ki, müəyyən maddələr, imzalar dəyişsin. İndiki halda keçici variantlara üstünlük verilə bilər. Hər halda Milli Məclisin içindən kimsə Vasif Talıbovu əvəz edəcək. Daha sonra Prezidentin yeni rəhbər təyin etməsinin şahidi ola bilərik”.

Deputatın sözlərinə görə, bundan sonra vətəndaşların Naxçıvanla bağlı fikirləri dəyişəcək: “Naxçıvandakı yaşamla bağlı narazı olanların fikirlərinin dəyişəcəyinə ümid var. Ölkə rəhbəri vəziyyəti nəzarətə alıb. Vətəndaşların maraqlarına uyğun olaraq konkret adddımlar atılır. Bu, gələcəkdə Naxçıvanda daha çox məskunlaşmaya təkan verəcək”.

Bundan əlavə, Fazil Mustafa Vasif Talıbovun əməllərinə hüquqi qiymətin verilməsinin tərəfdarı olduğunu əlavə edib. Onun fikrincə, Talıbovun həbsi istisna deyil:

“Hər bir varianta əl atmaq olar. Azərbaycanda məsələlərin hüquqi şəkildə həllində problemlər yaranır. Məsələ hüquqla həll olunsa, əlbəttə, onun həbsini də gözləmək olar. Ancaq məsələyə hansısa digər münasibətlər zəminin baxılarsa, bunun olmaması ehtimalı da var. Ancaq mən məsələnin hüquqi çərçivədə həllinin tərəfdarıyam”.

Qeyd edək ki, bu gün Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin iclası keçirilib. İclasda Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov istefa verib.

Vasif Talıbov 1995-ci ilin dekabr ayından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində çalışıb.

Naxçıvan MR Konstitusiyasının 30-cu maddəsinə əsasən, Ali Məclisin sədri istefa verdikdə, səhhətinə görə öz səlahiyyətlərini icra etmək qabiliyyətini itirdikdə müəyyən edilmiş müddətdə yeni sədr seçilənə qədər onun səlahiyyətlərinin icrası Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini, o da olmadıqda müavini tərəfindən yerinə yetirilir.

Hazırda Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Yadulla oğlu Zeynalovdur. O, 2020-ci ildən bu vəzifədə çalışır.

Həmçinin oxuyun

AMEA prezidenti İranı yıxdı-sürüdü: “Əvvəlcə qadınları…”

İran İslam Respublikasında artıq bir ilə yaxındır ki, kütləvi iğtişaşlar, həbslər, qarşıdurmalar davam etməkdədir. Əvvəlcə …