Bazar , Yanvar 29 2023
Ana səhifə / Siyasət / “Vasif Talıbov könüllü olaraq o əmlakları geri qaytarmayacaq”

“Vasif Talıbov könüllü olaraq o əmlakları geri qaytarmayacaq”

“Vasif Talıbov öz əmlakının böyük bir hissəsini Azərbaycandan xaricə çıxarıb”. 

Bunu Yenisabah.az-a açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib.

ADP sədri Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbovun korrupsiya yolu ilə ələ keçirdiyi əmlakları könüllü olaraq dövlətə qaytarması, habelə naxçıvanlıların əlindən alınan əmlakları geri qaytarmasının mümkün olub-olmaması haqda ehtimalları dəyərləndirib. 

S. Cəlaloğlu deyir ki, ölkədən çıxarılan sərvətin Azərbaycana qaytarılması uzun illər tələb edəcək. Dövlət bu əmlakı geri qaytarmaq istəsə, həm də çox ciddi hüquqi prosedurlardan keçmək lazımdır: 

“Vasif Talıbov könüllü olaraq o əmlakları geri qaytarmayacaq, eləcə də hökumət qısa zamanda həmin əmlakın geri qaytarılmasına nail olmayacaq.

Akif Çovdarovun məhkəməsi onu göstərdi ki, hətta dövlətə qarşı cinayət törətmiş adamların əlindən alınan əmlaklar sonradan özlərinə qaytarılır. Məsələn, Əli İnsanovla bağlı belə şayiələr var ki, onun əmlakı özünə qaytarılır. Yaxud Rəsul Quliyevin müəyyən əmlakının özünə qaytarılması ilə bağlı cəmiyyətdə müəyyən məlumatlar var. Bir halda ki, əgər əlindən aldığın əmlakı həmin adama qaytarırsansa, onda Vasif Talıbovun əmlakının əlindən alınmasını necə düşünə bilərik?!”

Həmsöhbətimizin iddiasına görə, Azərbaycanda korrupsiya yolu ilə əldə edilən əmlakın geri qaytarılmasıyla bağlı bir nümunə yoxdur:

“Baxmayaraq ki, Prezident keçən il fərman verib ki, dövlətdən oğurlanan əmlakın dövlətə qaytarılmasıyla bağlı komitə yaradılsın. Bu komitənin də bu günə qədər ciddi bir addımı qeyd olunmayıb. Baş Prokurorluğun verdiyi məlumata görə, indiyə qədər dövlətə vurulan ziyanın təxminən bir neçə milyonu dövlətə qaytarılıb – hansı ki, bu şəxslər dövlətə milyardlarla ziyan vurublar. Bu ziyanın da heç bir faizi belə məhkəmələr və prokurorluq yolu ilə dövlətə qaytarıla bilməyib”.

Partiya sədri aydınlaşdırıb ki, faktiki olaraq, Azərbaycanda bu sahədə ciddi bir problem var:

“Vasif Talıbov haqqında da hələ ki hər hansı bir cinayət işi qaldırılmayıb və ona qarşı elədə ciddi bir məhdudlaşdırıcı tədbirlər görülməyib. Ona görə də indidən onun əmlakının qaytarılıb-qaytarılmaması ilə bağlı müzakirə etmək düz deyil və hesab etmirəm ki, belə bir addım da olacaq”.

Siyasətçi zorla əllərindən əmlakları alınan naxçıvanlıların məhkəməyə müraciət edəcəyinə inanmadığını da dilə gətirib:

“Azərbaycanda bu təcrübə də yoxdur. Mənə elə gəlir ki, naxçıvanlılar da bu istiqamətdə ciddi bir addım atmayacaq. Ona görə ki, Talıbovların Naxçıvandakı hakimiyyəti hələ də aradan qalxmayıb. 1-2 nəfərin işdən çıxarılması hələ o demək deyil. Oradakı Ali Məclisin tərkibi tamamilə Vasif Talıbovun adamlarından ibarətdir, eləcə də muxtar respublikadakı rayon rəhbərlərini də buraya şamil etmək olar”.

Sərdar Cəlaloğlu onu da vurğulayıb ki, Azərbaycanda Vasif Talıbovu müdafiə edən bir çox yüksək rütbəli məmurlar var:

“Həmçinin, Vasif Talıbov “beşinci kolon”unun nümayəndələri ilə iç-içədir. Ona görə də onu belə asanlıqla neytrallaşdırmaq mümkün deyil. Kim onu “monster”a çeviribsə, o da ona qalib gələ bilər. Vasif Talıbov kimi adamları “monster”a çevirən güclər isə təkcə Azərbaycanla məhdudlaşmır, Azərbaycan sərhədlərindən kənarda da həmin güclər var. Bu baxımdan, fikrimcə, sadəlövhlük nümayiş etdirib deyə bilmərik ki, Vasif Talıbovun oğurladığı əmlaklar tezliklər geri qaytarılacaq”.

Həmçinin oxuyun

“Netanyahu səfirliyimizdə qətlə yetirilən şəhidimizin qisasını alır” – Deputat

“Gərək İsraildən xahiş edək ki, Təbrizi vurmasın! Bizə Təbriz abad şəkildə lazım olacaq”.Bu sözləri özünün …