Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Vahid Mustafayev: ‘Hər kəs bugünkü hərəkətlərinə görə ehtiyatlı olsun’ – FOTOLAR

Vahid Mustafayev: ‘Hər kəs bugünkü hərəkətlərinə görə ehtiyatlı olsun’ – FOTOLAR

Bu  gün 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində “ANS ÇM Yayım və Media” Şirkətinin Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı iddiası üzrə məhkəmə prosesi keçirilib.
Musavat.com-un məlumatına görə, hakim Elçin Məmmədovun sədrliyi ilə keçirilən prosesdə şirkətin prezidenti Vahid Mustafayev və vitse-prezident Mirşahin Ağayev də iştirak ediblər.
Prosesdə iddiaçı tərəfin vəkili Raqif Mustafayev vəsatətlə çıxış edərək bildirib ki, cavabdeh MTRŞ-nın qərarı nəticəsində şirkətə külli miqdarda maddi zərər dəyib: “Bizim 1000-ə yaxın əməkdaşımız işsiz qalaraq əmək haqlarını ala bilmirlər. Biz işin Ali Məhkəməyə getməsini gözləyəcək halda deyilik və belə fikrimiz yoxdur. Ona görə də xahiş edirik ki, 18 iyul tarixli qərarın ləğv edilməsi və ANS ÇM-in fəaliyyətinin bərpa edilməsi ilə bağlı qərar qəbul edəsiniz”.
MTRŞ-nın Aparat rəhbəri Toğrul Məmmədov vəsatətə münasibət bildirərək, bunun təmin edilməməsini istəyib.
Vahid Mustafayev isə bildirib ki, heç bir qanuni izahat olmadan bizi binadan çıxarıblar və bu günə qədər ora heç kim girə bilmir: “Avadanlıqlarımızı belə, götürə bilmirik. Hətta xadimələrin ora girib, təmizlik işi görməsinə belə, ixtiyarı yoxdur. Söhbət Çingiz Musyafayevin adina olan radiodan gedir. Hər kəsə bildirirəm ki, bugünkü hərəkətlərinə görə ehtiyatlı olsunlar. Zamanı gələndə xalqın qarşısında utanmasınlar”.
ANS ÇM-in lisenziyasının ləğv edilməsi ilə bağlı qərar məhkəmədə iddiaçı tərəfə təqdim edilib. Vəkil bildirib ki, 18 iyul qərarından sonra reklamlar efirə verilə bilməyib və “ANS Kommers” şirkəti müştərilər qarşısında borclu qalıb.
V.Mustafayev isə əlavə edib ki, beynəlxalq şirkətin də hüquqları pozulub: “Biz hələ ki, onların bu işə qarışmasının qarşısını alırıq. Deyirik ki, dövlətimiz bu işi həll edəcək. “ANS Kommers” şirkətinə 100 minlərlə dollar ziyan dəyib”.
İddiaçı tərəf “ANS kommers” şirkətinin və “ANS ÇM”-in təsisçisi “ANS Şirkətlər Qrupu”nun üçüncü şəxs qismində məhkəmə prosesinə cəlb edilməsi barədə vəsatət  verib. Məhkəmə isə bu vəsadəti təmin etməyib.
Vəkil Raqif Mustafayev çıxış edərək bildirib ki, məhkəmənin ədalətliliyinə, qərəzsizliyinə şübhə edirlər.
V.Mustafayev çıxış edərək deyib ki, hakim vəsatətləri rədd edərkən heç bir səbəb göstərmir: “Qarşı tərəf nə deyirsə, düz deyir, biz isə səhv? Biz sizin ayağınıza gəlmişik. Nə edək, indi biz yıxılaq ölək? Xarici şirkətlər 100 minlərlə pul səlmayə qoyublar. Biz onlara nə deyək? Söhbət bizdən yox, Azərbaycan dövlətindən gedir. Onlar sabah başqa radiolara, televiziyalara da inanmayacaqlar. Necə olur ki, bir günün içərisində hər şey qapadılır. Bizə deyirlər ki, qanun pozuntumuz var. Bəs indiyə qədər bu, nə üçün deyilmirdi. Hər şey bir günün içərisində nə üçün bağlanır? Xahiş edirəm ki, bizi öldürməyin. Bəlkə yenə də ehtiyacınız oldu. Aprel ayında cəbhədə vəziyyət gərginləşəndə biz Mirşahinlə cəbhədə olub, hər mənada ermənilərlə vuruşduq. ANS həmişə sipər olub.  Baxın, Çingiz Mustafayevin oğlu Fuad Mustafayev də buradadır”.
Vəkil Raqif Mustafayev prosesin təxirə salınmasını istəyib. Hakim isə 10 dəqiqəlik fasilə elan edib. Fasilədən sonra məhkəmə prosesi 6 sentyabr saat 14:15-ə qədər təxirə salınıb.
Qeyd edək ki, MTRŞ-nin 18 iyulda keçirilmiş iclasında “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 23.2.8-ci maddəsinin tələbinə uyğun olaraq, “ANS ÇM Yayım və Media” Şirkətinə 25 oktyabr 2013-cü il tarixdə verilmiş TR 100 saylı xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi barədə qərar qəbul edilib. Yayım zamanı bir neçə dəfə qanunvericiliyin tələblərinin pozulması halları əsas götürülərək, ANS ÇM radiosunun xüsusi razılığı (lisenziya) ləğv olunub.





Həmçinin oxuyun

BMT-nin Baş katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

“BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri …

Bir cavab yazın