Çərşənbə axşamı , Dekabr 5 2023
Ana səhifə / Siyasət / Vahid Əhmədov hökumətə səsləndi

Vahid Əhmədov hökumətə səsləndi

Deputat Vahid Əhmədov Milli Məclisdəki büdcə müzakirələrində bildirib ki, 2024-cü ilin büdcə vəsaitlərinin 9,3 milyard manatı, yəni 25,5 faizi müdafiə və təhlükəsizlik məsələlərinə ayrılıb. Eyni zamanda vəsaitlərin 43 faizinin sosial sahəyə ayrıldığını qeyd edib.

“2024-cü ilin dövlət büdcəsi post-müharibə dövrünün büdcəsidir” – deyən deputat qeyd edib ki, torpaqlarımız işğaldan azad edildikdən sonra bərpa-quruculuq işlərinə böyük vəsaitlər lazım olacaq. Ona görə də qarşıdakı illərdə islahatları dərinləşdirmək, əlavə gəlir mənbələri müəyyənləşdirmək, həmçinin büdcə vəsaitlərindən səmərəli istifadəyə diqqət etmək lazımdır.

V.Əhmədov bildirib ki, orta aylıq əmək haqqı 980 manat, orta aylıq pensiyalar 480 manat olsa da, əhalinin əmək haqqı və pensiyaları bu məbləğlərdən aşağıdır.

“Bu il Rəqabət Məcəlləsinin tezliklə işə salınmasını zəruri sayırıq” – deyən deputat seçicilərinin problemlərindən də danışıb.

O, bölgələrdə iş yerlərinin açılmasını zəruri sayıb, həmçinin qeyd edib ki, Quba-Xaçmaz bölgəsində 500 minə yaxın əhali yaşayır, cəmi 2 emal müəssisəsi var. Dəfələrlə müraciət edilməsinə baxmayaraq, bu istiqamətdə addım atılmayıb.

Millət vəkili əlavə edib ki, qeyri-neft sektorunun inkişafı ilə əlaqədar bölgələrdə iş yerlərinin açılması hökumət üçün prioritet olmalıdır. Həmçinin, işğaldan azad edilmiş ərazilərdə də iş yerlərinin açılması, hərbi sənaye müəssisələrinin yaradılmasını təklif edib.

“Müharibə veteranlarına verilən 80 manat müavinətin məbləğinə baxılmasını da xahiş edirəm” – deyən V.Əhmədov dövlət şirkətlərinin tədricən özəlləşdirilməsi ilə bağlı da təklif verib.

Sonda deputat Bakı-Quba yolunun bir hissəsinin təmir olunmasına və istifadəyə verilməsinə görə ölkə başçısına və hökumətə təşəkkürünü bildirib. Amma yolun digər hissəsinin təmir olunmadığını bildirib və bu işin başa çatdırılmasını zəruri sayıb. Eyni zamanda Bakı-Quba yolunda ödənişin məbləğinin azaldılmasını zəruri sayıb.

O bildirib ki, son günlərdə 10 dəfə Qubada olub: “Ödənişli yolda demək olar ki, maşın yoxdur”.

Musavat.com

Həmçinin oxuyun

“Milli Məclis Ali Məclis adlandırılmalıdır” – Qüdrət Həsənquliyev

“Ağdərə rayonunun yaradılması onunla əsaslandırılır ki, bu ərazilərdə idarəetmənin təkmilləşdirilməsi dövlət funksiyalarının həyata keçirilməsinin səmərələliləşdirilməsi, …