Cümə , Dekabr 4 2020
Ana səhifə / Siyasət / Vətəndaş cəmiyyəti korrupsiyaya qarşı vətəndaş qalxanıdır

Vətəndaş cəmiyyəti korrupsiyaya qarşı vətəndaş qalxanıdır

“Dövlət olan yerdə korrupsiya da var”
Herri Stenli,

“Nobel” mükafatı laureatı.
Korrupsiya və rüşvətxorluq müasir cəmiyyətin çox ciddi problemlərindəndir. Bütün dünyada korrupsiya və rüşvətxorluqla aparılan mübarizənin sərtliyinə baxmayaraq, coğrafiyası genişlənməkdə davam edir. Lakin aşkar olunan korrupsiya rəqəmləri həmişə həqiqəti əks etdirmir.
Ötən il Azərbaycanda korrupsiyaya qarşı mübarizə üzrə tədbirlər əhəmiyyətli səviyyədə həyata keçirilmiş, korrupsiyaya şərait yaradan halların aradan qaldırılması səmtində çox iş görülmüşdür. Ölkədə korrupsiyaya qarşı mübarizə tədbirləri iqtisadi sahədə aparılan islahatları tamamlamış, ölkənin iqtisadi inkişafı üçün yeni imkanlar açmışdır. Korrupsiyaya qarşı mübarizə və bu problemin aradan qaldırılması dövlət siyasətinin prioritet istiqaməti kimi antikorrupsiya islahatlarının innovativ xarakteri ilə sıx bağlıdır. 2016-cı ildə korrupsiyaya qarşı beynəlxalq standartlara cavab verən genişmiqyaslı institusional islahatlar həyata keçirilmiş, iqtisadiyyatın keyfiyyətcə yeni mərhələsinin və həyata keçirilən islahatların davamlılığını təmin etmək məqsədi ilə Prezidentin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə iqtisadiyyatın əsas sektorları üzrə 12 strateji yol xəritəsi təsdiq edilmişdir. Qeyd edilən geniş miqyaslı islahatlar ölkə üçün yeni perspektivlər açır. Dünyada mövcud qlobal iqtisadi böhrana baxmayaraq, ölkədə qeyri neft sənayesi inkişaf edir.
Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya tərəfindən “Açıq hökumətin təşviqi və korrupsiyaya qarşı mübarizəyə dair Milli Fəaliyyət Planları”nın yekun qiymətləndirilməsi həyata keçirilmiş, korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin dövlət tərəfindən müdafiəsi müvafiq qanunvericilik aktları ilə təmin edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Korrupsiyaya qarşı mübarizədə fikrini lakonik tərzdə: “Mən xalqın xidmətçisiyəm!” –deməklə dövlətin cəmiyyətə xidmət etməsi nəticəsində korrupsiyanın zəifləyəcəyinə işarə etmişdir. Bu barədə dövlət orqanlarının məmurlarına xəbərdarlıq, vətəndaşlara isə bu mübarizədə fəal olmalarına çağırış edib. Vətəndaş cəmiyyəti korrupsiyaya qarşı vətəndaş (müdafiəsinə) qalxanına çevrilir.
Dünya ekspertləri belə qənaətə gəlirlər ki, korrupsioner vəzifəli şəxslərin sayı və dairəsi çoxaldıqca bu qəbildən olan faktların aşkar olunması məsələsi də çətinləşir. Deməli, vətəndaşlar əldə etdikləri məlumatların ötürülməsində prinsipal olmalıdırlar.
Ümumiyyətlə cinayətkarlıqla mübarizə bütün dövlət orqanlarının, siyasi və vətəndaş institutlarının tədbirlər sisteminin tam həyata keçirilməsindən asılıdır.Bu missiyada vətəndəş cəmiyyəti hüquqa zidd əməllərin qarşısını almaqda həm müdafiəçi, həm də dəstək vermək gücündə olmalıdır.
Sevindirici haldır ki, dövlətin maliyyə dəstəyilə vətəndaş cəmiyyəti institutlarının həyata keçirdikləri monitorinqlər və spesifik tədbirlər səmərə verməkdə davam edir. Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının bu sahə üzrə maliyyələşdirdiyi layihələr əhali arasında maarifləndirmə işinə stimul yaradır. QHT-lər korrupsiya ilə mübarizədə vətəndaş nəzarətini artırır. Bu sahədə olan müsbət dinamika beynəlxalq antikorrupsiya reytinqlərində də öz əksini tapmışdır. Belə ki, “Beynəlxalq Şəffaflıq” təşkilatı tərəfindən hazırlanan sonuncu “Korrupsiya Qavrama İndeksi”ndə Azərbaycan ötən illə müqayisədə 7 pillə irəliləmiş, “Beynəlxalq Şəffaflıq” təşkilatının digər ənənəvi hesabatında “2016-cı il Qlobal Korrupsiya Barometri” üzrə ölkəmiz korrupsiyaya qarşı mübarizəni gücləndirmiş, korrupsiyanın dəhlizi daralmışdır.
Azərbaycan Respublikası Daxili İşlər nazirliyinin 2016-cı ildə cinayətkarlıqla mübarizənin vəziyətinə dair keçirilmiş geniş kollegiya iclasında nazir, general polkovnik Ramil Usubov dövlətin iqtisadi təhlükəsizliyinə yönələn ağır cinayətlərə qarşı aparılan əməliyyat tədbirləri barədə də danışmış, 33 saxta pul hazırlama və satma cinayətlərinin aşkarlanmasını kollegiya iclasının iştirakçılarının diqqətinə çatdırmış, qeyri-leqal dövriyyədən ümumi məbləği 47 min manat, 10 min ABŞ dolları və 9 min 500 avro olan 931 ədəd müxtəlif nominalda saxta əskinasların, habelə istifadə müddəti ötmüş 35 tondan çox yeyinti məhsulunun və tikinti materiallarının çıxarılmasına toxunmuşdur. DİO əməkdaşlarının keçirdiyi çevik əməliyyat-axtarış tədbirləri nəticəsində valyuta qanunvericiliyinin tələblərini pozmaqla ümumilikdə 195.650 ABŞ dolları və 30.000 avro satan 7 şəxs saxlanılmış, toplanmış materiallar aidiyyəti üzrə Vergilər Nazirliyinə göndərilmiş, 262 şəxs haqqında inzibati məsuliyyət tədbirləri görülmüşdür.
Azərbaycan Respublikası Baş Prokurorunun yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin 2016-cı il hesabatında qeyd olunduğu kimi keçirilmiş 6 əməliyyat tədbiri nəticəsində 6 nəfər korrupsioner cinayət başında yaxalanmışdır. Baş idarənin əməliyyat heyəti tərəfindən aşkar olunmuş faktlar üzrə 32 cinayət işi başlanılmış, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində (korrupsiya cinayətləri ilə bağlı) axtarışda olan 24 şəxs tutulmuşdur. Hesabat dövründə 480 cinayət işi üzrə 313 vəzifəli şəxs barədə 201 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilmişdir. Məhkəmələrə göndərilən cinayət işləri üzrə 202 milyon 629 manat məbləğində dəyən ziyanın 33 milyon 249 manat və ya 16,6 %-nin ödənilməsi təmin edilmiş, 78 milyon 283 manat məbləğində əmlak üzərinə həbs qoyulmuşdur. İstintaqı aparılmış cinayət işləri üzrə 220-dən çox vəzifəli şəxslər cinayət məsuliyyətinə cəlb olunmuşlar. Onlardan 110 vəzifəli şəxs qulluq mövqeyindən sui-istifadə etməklə dələduzluq etmiş, 34 nəfər vəzifə səlahiyyətlərini aşmış, 10 nəfər rüşvət almağa görə təqsirlənmiş, 14 nəfər də rüşvət verməyə görə məsuliyyətə cəlb olunmuşlar. Göründüyü kimi vətəndaşların rüşvət verməyə meyli hələ də az deyil. Bu, çox ciddi faktordur və korrupsiyanı doğuran səbəblərdəndir. Vətəndaşlardan gələn rüşvət təklifi bu sahə ilə mübarizəyə və vətəndaş təşəbbüslərinə ciddi ziyan vurur. Adi vətəndaşların korrupsiya hüquqpozmalarının subyektinə çevrilməsi dövlətin cinayətkarlıqla mübarizə siyasətinə mane olur, ictimai maraqdan kənara çıxır.
Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin fəaliyyətə başladığı gündən 1800-dən çox cinayət işi aidiyyəti üzrə məhkəmələrə göndərilmişdir.
Cinayət işləri arasında 70 faktdan çox rüşvətxorluq; vəzifəsindən sui-istifadə halları üzrə 150; qulluq mövqeyindən istifadə etmək və qarətlə müşayət edilən 500-dən çox cinayət iş materialları olmuşdur.
Bu cinayətlər nəticəsində dövlətə 200 milyon AZN-dən çox ziyan dəymiş, 122 mln manatın büdcəyə keçirilməsi təmin edilmişdir. Təbii ki, rəqəmlər düşünməyə əsas verir.
Zənnimcə vətəndaşları vəzifəli şəxslərin ələ alınmasına sövq edən halların mövcudluğu cəmiyyətin müəyyən qisminin ibtidai şüura malik olmasının təzahürüdür. Bakı Metropolitenin sabiq rəisinin MTN-ə rüşvət verməsi faktının KİV də bəyan etməsi yaxud, sabiq Rabitə və İnformasiyalar Texnologiyaları nazirinin buna bənzər “mülahizələri“zəif təfəkkürdən, qeyri peşəkarlıqdan xəbər verir. Bu cür məmurlar hərəkətlərinin, danışıqlarının ya fərqinə varmırlar, ya da dediklərini anlamırlar.
Ailə və qadın işləri üzrə komitənin sabiq aparat rəhbərinin,Təhsil Nazirliyinin Sumqayıt şəhər Təhsil İdman Mərkəzinin sabiq direktorunun vəzifələrindən sui-istifadələri ilə bağlı eyni fikirləri söyləmək olar. Dövlət qulluqçuları içdikləri anda sədaqət göstərsələr neqativ hallar əhəmiyyətli səviyyədə azala bilər. Söhbət Vətənə və etibar edilən etimada sədaqətdən gedir.
Məhkəmə hakimiyyətində davam edən ciddi demokratik islahatlar dövlətin daxili siyasəti ilə üst-üstə düşür. Son illər yalnız hüquqi erudiyasına, daxili inamına, hüquq düşüncəsinə, bilik səviyyəsinə, peşəkarlığına və qabiliyyətinə görə hakim korpusuna qəbul olunanların sayı artmaqdadır. Ədliyyə Nazirliyinin kollegiyası sözün həqiqi mənasında obyektivlik, ədalətlilik və şəffaflıq prinsiplərinə üstünlük verməklə islahatlar davam etdirilir. Hakimin yüksək nüfuzuna xələl gətirən hakimlərə qarşı ciddi reaksiya verilir. Ötən il ərzində 13 hakim korrupsiya hüquqpozmalarına görə intizam məsuliyyətinə cəlb olunmuşdur.
Vətəndaşları narahat edən məsələlərdən biri də,hakimlərlə bağlı şikayətlərin hakimin çalışdığı məhkəmələrə göndərilməsidir.Belə hallar məhkəmə hakimiyyətinin və hüquqi dövlətin prinsipləri ilə uzlaşmır, qəbuledilməzdir.
Korrupsiya, insan alveri, narkotik vasitələrin qanunsuz dövriyyəsi və terrorçuluq cinayətləri mütəşəkkil cinayətkarlığın bir-biri ilə sıx bağlı olan sahələridir. Ona görə, belə cinayətlərlə mübarizə bütün dünyada problem olaraq qalır. Mütəşəkkil qrup və dəstələrin siyasi himayədarları, hərbi və maliyyə imkanları çox geniş, (hətta bank hesabları) olduğundan mübarizə həmişə səmərə vermir. Dünya ictimaiyyəti bu işdə maraqlı olmalı, mübarizə beynəlxalq səviyyədə, koordinasion qaydada aparılmalıdır..
Dövlətin və hüququn təşəkkülü vaxtından bu günə qədər korrupsiya və digər növ cinayətlər(cinayətlərin yeni növləri)olmuş və olacaqdır. Nobel mükafatı Laureatı Herri Stenli Bekker (iqtisadçı) qeyd edir ki, yalnız dövləti ləğv etməklə korrupsiyanı və müxtəlif növ cinayətləri ləğv etmək olar. Deməli, korrupsiya digər növ cinayətlər dövlətin və hüququn yaranması ilə meydana gəlir.
Almaniya imperiyasının Kansleri Otto Fon Bismarka görə “dövləti pis qanunlarla idarə etmək olar,amma intizamsız məmurlarla idarə etmək qeyri mümkündür”. Mübarizənin üsulları da diqqət çəkir:
I Pyotr çarlığının dövründə bir fərman imzalamşdı. Həmin fərmanda bir cümlə ilə bütün Rusiyaya xitab edilirdi : “Kim kəndirin dəyərindən artıq oğurlayarsa o kəndirlə(dar ağacında olan kəndir nəzərdə tutulur) də asılacaqdır”. Bu zaman Ona cavab olaraq bildirilmişdi ki, “Zati Aliləri! belə getsə təbəəsiz (vətəndaşsız) qalacağıq”.Bütün bunlara baxmayaraq, qədim dövlət kimi Rusiyada bu gün də, korrupsiya baş alıb gedir.
Ən güclü dövlətlər belə korrupsiyanı aradan qaldırmağa zəmanət verə bilməmişlər. Amma, harda cəmiyyət güclüdürsə, harda dövlət cəmiyyətə xidmət edirsə, orada korrupsiya zəifdir, hiss olunmur. Yenə Rusiya çarı I Pyotrun dövründə birinci xanım üçün Çindən gətirilən brilyantı”özününküləşdirən” Sibir Knyazı Qaqarinin cəsədi başqalarına görk olsun deyə bir il dar ağacından asılı qalmışdı. Onu ifşa edən, dövrün tanınmış prokuroru Nekrasov da müəyyən müddətdən sonra korrupsiyaya görə dar ağacından asıldı. Aparılan mübarizə səmərəsini vermədi, onunla “döyüşdə” çar uduzub kənara çəkilmişdi.
İngiltərədə VIII Henrix rüşvətxorluğun kökünü kəsmək üçün hər cürə tədbirin görülməsinə razı idi. Kral müəssisələrinin yanında məmurların qanunsuz hərəkətləri barədə müraciət üçün qutular qoyulardı. Hər şikayətin müəllifinə bir farting- ingilis pul vahidi verilərdi. Lakin sonralar Kral mübarizədən kənara çəkilir. Daxil olan şikayətlər həddən artıq çox olduğundan onların yoxlanılmasına vaxt çatdıra bilmədilər.
İlk dəfə korrupsiya ilə mübarizə e.ə IV əsrdə Laqaşa şəhər dövlətinin Şumer çarı Urukaqina tərəfindən aparılmışdır. Onun“Çarın əmlakı olmamalıdır”məşhur fikri bu gün də, diqqət çəkir.
Bəs başqa ölkələrdə vəziyyət necədir?
Rusiya Federasiyasında Korrupsiya faktları ötən dövrlərlə müqayisədə 21 % artmışdır. Ümumiyyətlə korrupsiya faktları barədə məlumat verən vətəndaşların dövlət tərəfindən müdafiəsi belə cinayətlərin qarşısını almağa kömək edə bilər.
RF-nın sabiq Maliyyə Naziri A.Kudrina qeyd edir ki, ölkədə il ərzində korrupsiya yolu ilə əldə edilən məbləğ 300 mlrd. dollar təşkil edir. Bu baxımdan korrupsiya artıq dünyada bütün sahələrin fəaliyyətinə sirayət edir. Rüşvətin müəyyən faizi məmurların vəzifələrinə olan xəyanətləri ilə bağlı olur. Rusiya Federasiyası DİN-nin statistik rəqəmlərinə görə Korrupsiyanın ümumi həddini 2 hissəyə bölmək olar: məmurların rüşvətxorluğu ümumi rüşvətxorluğun 20% təşkil edirsə, yerdə qalan 80% aşağı hissələrdə baş verən korrupsiyaya aiddir. Bu sırada həkimlər, müəllimlər, hüquq-mühafizə orqanlarının əməkdaşları durur. Vəziyyətin təhlilindən belə qənaətə gəlmişlər ki, yüksək çinli məmurların rüşvəti il ərzində 9 mln rubldan çox olur. Cinayət işləri üzrə təqsirliliyi sübuta yetirilənlər barədə ədalətli cəzanın tətbiqi baş tutsa da, səmərəsi azdır. RF dünyada korrupsiyanın səviyyəsinə görə 127-ci yerdədir. Narahatlıq doğuran məsələ ondan ibarətdir ki, vətəndaşların ¼ hissəsi rüşvətxorluqda, (rüşvət verməkdə, rüşvət təklif etməkdə və vasitəçilikdə) şəxsən maraqlı olurlar. Bu, çox ciddi faktordur. Əhalinin müəyyən hissəsinin hüquqi dövlətin və vətəndaş cəmiyyətinin prinsiplərinin qorunmasında iradə nümayiş etdirə bilməməsi korrupsiyaya şərait yaradan amillərdəndir.
Müqayisə üçün korrupsiya reytinqi üzrə( sonuncu yeri) KXDR, Somali və Əfqanıstan 8 balla yer tutur. Ən yaxşı göstərici Danimarka və Yeni Zellandiyaya şamil olunur. 107 ölkə üzrə 114 min insanlar arasında keçirilən interaktiv sorğunun nəticəsinə görə dünyada hər dörd nəfərdən biri (114 min nəfərin 27%) heç olmasa bir dəfə rüşvət verməsini təsdiq etmişlər.
Roma imperiyasının dağılmasının əsas və mühüm səbəblərindən biri də korrupsiya olmuşdur.
Beynəlxalq statistik məlumata görə Ukrayna dövlətində də (Viktor Yunikoviçin prezident olduğu son illərdə) korrupsiya görünməmiş həddə çatmışdır. Hər il 160 mlrd. qriven leqal dövriyyədən məmurların cibinə axıb. Statistik xidmətin təhlilinə görə təkcə korrupsiya istiqaməti üzrə Ukrayna dövləti il ərzində 137 mlrd qriven itirmişdir. Gömrük sahəsində olan sui-istifadələrə görə (2013-cü il ərzində) korrupsiya nəticəsində 40 mlrd qriven büdcədən kənar məmurların cibinə daxil olmuşrdur. Gömrükdə malların qeydiyyatı zamanı məbləğin yalnız 50 % büdcəyə daxil olmuş, qalan hissə müəyyən şəxslərin sərəncamına keçmişdir. Kontrabanda halları da vüsət almış, torpaq sahələrinin icarəsi zamanı verilən rüşvətin məbləği 2013-cü ildə 4.7 mln qrivenə çatmışdır. Vergi sahəsində korrupsiyanın məbləği 40 mlrd qriven təşkil etmişdir və s.
Bunları ona görə qeyd etdim ki, korrupsiya ilə mübarizə “asandır”-deyə sadəlövhlüyə qapılmayaq. Uzun müddət bu, mütəşəkkil cinayətlərlə bağlı məlumatın əldə edilməsi mümkün olmadığından, subyektlər cəza mexanizmindən yayına bilirlər. Belə fakların aşkar olunması üçün də uzun zaman tələb olunur. Müddət uzandıqca isə cəzanın məqsədi əhəmiyyətini itirir. Subyektlərin ictimai münasibətlərə, iqtisadiyyata zidd əməlləri “boyatlaşdıqca” unudulur. Digər tərəfdən vəzifəli şəxslər cəmiyyətin sivil təbəqləri sirasındadır, onları ifşa etmək də o qədər asan görünməsin. Mübarizənin mühüm üsulu onlara qarşı heç bir prosesual hərəkətlərə yol vermədən amnistiya elan etməkdən ibarətdir.
Korrupsiya və başqa növ cinayətlərlə mübarizədə “anonim” müraciətlərin baxılmasına qoyulan qadağanın götürülməsi də müsbət təsir edə bilər. Bəzən vətəndaşlar ehtimal edirlər ki, bəyan etdikləri sui-istifadələrə görə təqib oluna bilərlər. Ona görə imzasız müraciətlərin baxılmasına qoyulan qadağa götürülərsə müsbət qarşılana bilər.
Şəffaf cəmiyyət və şəffaf hökümətlə korrupsiyanın təsir dairəsini zəiflətmək olar. Korrupsionerlər Çində olduğu kimi yüksək cəza təhdidi altında təqib olunsalar belə, vəziyyəti istədiyimiz səmtə dəyişmək mümkün olmayacaq.
Etibar olunan vəzifədə etimadı doğrultmağı bacarmaq lazımdır, ictimai, dövlət və dövlətçilik maraqlarına üstünlük vermək, alturist olmaq gərəkdir.

Şəmsəddin Əliyev
Hüquqşünas

 

Həmçinin oxuyun

“Ümid edirik ki, vaksin tezliklə hazır olacaq” – Prezident

COVID-19 əleyhinə bir çox vaksinlərin tədqiqatının davam etdiyi bir vaxtda biz kliniki sınaqların uğurlu nəticələrini …

Bir cavab yazın