Çərşənbə axşamı , Sentyabr 22 2020
Ana səhifə / Siyasət / “Vətən xainləri dövləti və dövlət maraqlarını hər şeydən üstün tutan insanları Rusiya faktoru ilə hədələməkdən çəkinmirlər”

“Vətən xainləri dövləti və dövlət maraqlarını hər şeydən üstün tutan insanları Rusiya faktoru ilə hədələməkdən çəkinmirlər”

Rusiya Prezidenti Vladimir Putin Ermənistanın eks-prezidenti Robert Köçəryana zəng edib. Belə ki, Putin Köçəryanı anadan olmasının 66-cı ildönümü münasibətilə təbrik edib. Bundan əlavə, bu azmış kimi, Rusiya Prezidenti R.Köçəryana təbrik teleqramı da göndərib. Putin Ermənistanın sabiq dövlət başçısına möhkəm cansağlığı, rifah və yüksək əhval-ruhiyyə arzulayıb.

Artıq neçənci dəfədir ki, Putin Paşinyanı saya salmadan Köçəryana belə böyük diqqət göstərir.

Bütün bunlarla yanaşı, Rusiya eyni vaxtda Ermənistana gizli şəkildə silah ötürür ki, Azərbaycana qarşı aqressiyanı gücləndirsin. Həmçinin, Ermənistanın keçmiş prezidenti və bu gün hakimiyyətə qayıtması real olan Köçəryanı dəstəkləyir. Bundan əlavə, Azərbaycanın əleyhinə addımlar atır və Ermənistanı silahlandırır. Eyni vaxtda Müdafiə naziri Şoyqunu Azərbaycana göndərir və müəyyən yumşaldılmalara nail olmaq istəyir. O cümlədən, Rusiya Türkiyə ilə münasibətləri yaxşılaşdırmaq istəyir, amma, bəzi hallarda, Azərbaycanın mənafelərini əzməklə bunu etmək istəyir. Bütün bunlar hansı nəticəyə gəlməyə əsas verir? Bu nə siyasətdir Putin aparır? Demək olarmı ki, Rusiyanın Cənubi Qafqazda bugünkü siyasəti tam şəkildə formalaşmayıb, bunun içində çoxlu ziddiyyətlər var?

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən AMİP sədri Arzuxan Əlizadə Putinin bu ziddiyyətli siyasəti barədə bir sıra məqamlara toxundu: “Belə ziddiyyətli yanaşma Rusiyanın imperiya siyasətindən irəli gəlir. Bu dünən də belə idi, bu gün də belədir, sabah da belə olacaq. Köçəryana cinayət işi açılanda da, bu cinayətkar həbs olunanda da Putin onunla bağlı narahatlığını ifadə edib. Yəni Putin Köçəryan sevgisini heç vaxt gizlətməyib, necə ki, Putin Rusiyası da erməni sevgisini gizlətmir. Biz bunu birdəfəlik qəbul etməli və siyasətimizi Rusiyanın erməni sevgisini nəzərə alaraq qurmalıyıq. Rusiya Köçəryan və onun quldur dəstəsinin Xocalı soyqırımında əsas rolunu da çox yaxşı bilir. Ermənistanın təcavüzkar olduğunun da fərqindədir, Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini, bu savaşda haqsız olduğunu da çox yaxşı anlayır. Bu da bir nonsensdir ki, Rusiya Minsk Qrupunun həmsədrlərindən biri olduğu və problemin həllində bilavasitə sorumlu və təbii ki, bitərəf mövqe nümayiş etdirməli olduğu halda, ermənilərə hər cür vasitələrlə kömək edir. Bu təcavüzkar ölkəyə tonlarla silah-sursat göndərir. Ümumiyyətlə, Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarının işğal olunması və bu ərazilərdə illərlə uzanan faciələrin arxasında Rusiya faktorunun olduğunu kim və necə inkar edə bilər ki?”.

Partiya sədrinin fikrincə, təəssüf, təəccüb və ikrah doğuran budur ki, hələ də ölkəmizdə Rusiya sevdalıları, bu ölkənin beşinci kolonunun nümayəndələri də yox deyil: “Hətta iş o həddə çatıb ki, bu vətən xainlərinin bəziləri cəzasız qalacaqlarını düşünərək, dövləti və dövlət maraqlarını hər şeydən üstün tutan insanları Rusiya faktoru ilə hədələməkdən də çəkinmirlər. Ancaq hesab edirəm ki, artıq yay oxdan çıxıb. Xüsusilə də düşmənin son Tovuz təxribatından sonra Azərbaycan hakimiyyətinin də Rusiyaya yönəlik ritorikası dəyişib. Prezident İlham Əliyevin Putinlə telefon danışığında Ermənistana hərbi yük təyyarələrilə 500 min tondan artıq hərbi yük daşınması barədə sualı, eləcə də Rusiya Xarici İşlər naziri Lavrova, Rusiya Müdafiə naziri Şoyquya ünvanlanmış analoji suallar, Azərbaycan Xarici İşlər nazirinin, Prezident köməkçisinin Rusiya tərəfinin bu məsələ ilə bağlı cavabını qənaətbəxş hesab etmədiklərini davamlı olaraq vurğulaması Azərbaycan-Rusiya münasibətlərində yeni dönəmin başlanğıcı kimi qiymətləndirilə bilər”.

A.Əlizadə hesab edir ki, Tovuz hadisələrindən dərhal sonra qardaş Türkiyə Cümhuriyyətinin Azərbaycana açıq dəstək nümayiş etdirməsi, birgə hərbi təlimlərin keçirilməsi bir sıra məqamlardan xəbər verir: “Bu, onu deməyə əsas verir ki, regionda qüvvələr nisbətində ciddi dəyişikliklər baş verməkdədir. Bunu Rusiya da anlamamış deyil. Kreml, təbii ki, regionu öz nəzarətindən buraxmaq istəmir, eyni zamanda, Türkiyə faktoru ilə də hesablaşmamağın mümkünsüzlüyünü bilir. Ona görə də Azərbaycanla, eləcə də Türkiyə ilə münasibətləri normallaşdırmağı da hədəfləyir. Hesab edirəm ki, hazırkı dönəmdə Azərbaycan qətiyyət nümayiş etdirməlidir. Artıq Rusiya tərəfinin yalan vədlərinə uymaq olmaz, eləcə də bu ölkənin təhdidlərinə də qarşılıq verilməlidir. Bunun üçün, ilk növbədə, ölkə daxilində bu ölkənin emissarlarını zərərsizləşdirmək, paralel olaraq, qardaş Türkiyə ilə hərbi müttəfiqlik barədə saziş imzalamaq və bütün mövcud potensialı işğal altında olan torpaqlarımızın azad edilməsinə yönəltmək lazımdır. Azərbaycan hakimiyyəti, birmənalı olaraq, əmin olmalıdır ki, siyasi mənsubiyyətindən asılı olmayaraq, hər bir vətəndaşımız bu haqq işində dövlətimizin yanındadır. Torpaqlarımız işğaldan azad edilməli, insanlarımız öz ata yurdlarında məskunlaşmalı, milli qürurumuzu özümüzə qaytarmalıyıq”.

Partiya sədri hesab edir ki, Rusiya bundan sonra da belə ziqzaqlı siyasət aparmaqda davam edəcək.

Vidadi ORDAHALLI

Həmçinin oxuyun

Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə zəng etdi

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng …