Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / Vəkillər Kollegiyasının rəhbərinə “dur” deyən olacaqmı?

Vəkillər Kollegiyasının rəhbərinə “dur” deyən olacaqmı?

“Vəkillik institutu ilə yanaşı məhkəmə sistemində də qüsurlar var”

Azərbaycan Vəkillər Kollegiyasında hökm sürən qaydalar ölkədə keyfiyyətli hüquqi yardım göstərən vəkillərin sayının durmadan azalmasına gətirib çıxarıb. Vəkil bir qədər müstəqil fikirli oldusa, mətbuatda tez-tez çıxışlar edib məhkəmə-hüquq sistemi ilə bağlı doğru bildiklərini dilə gətirdisə, onun problemləri başlayır.
Son nəticədə isə vəkil ona arxa-dayaq olmalı qurumdan – Vəkillər Kollegiyasından uzaqlaşdırılır. Bu isə vəkilin cinayət işləri üzrə məhkəmələrdə vətəndaşlara hüquqlarının bərpa olunmasında yardım edə bilməsinin qarşısını alır. Bu son illərin acı reallığıdır. VK-dan sonuncu uzaqlaşdırılan tanınmış hüquqşünas Müzəffər Baxış oldu. Ali Məhkəmənin hakimi Tatyana Qoldmanın müraciəti əsasında Vəkillər Kollegiyası Rəyasət Heyəti belə bir qərar çıxarıb. Qərara əsasən Müzəffər Baxışın vəkillik fəaliyyəti dayandırılıb. Qeyd edək ki, iclasda bir sıra tanınmış vəkillərin, o cümlədən Bəhruz Bayramov, Adəm Məmmədov, Elçin Sadıqov və “digərlərinin işinə” də baxılıb. Müzəffər Baxışın Vəkillər Kollegiyasından uzaqlaşdırılmasına səbəb kimi də Ali Məhkəmənin sədri Ramiz Rzayevi tənqid etməsi olub. Bundan əvvəl Vəkillər Kollegiyasından İntiqam Əliyev, Aslan Ismayılov, Əlayif Həsənov, Xalid Bağırov, Qurban Məmmədov, Elçin Namazov, Ənnağı Hacıbəyli və digərləri  kənarlaşdırılıblar. Bu şəxslərin hər biri ictimaiyyət arasında tanınan, vəkil kimi sayılıb-seçilən, öz işini gözəl bilən şəxslər olub.
Məsələ ilə bağlı Parlamentin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadənin fikirlərini öyrəndik. Deputat deyir ki, özü də vaxtilə vəkillik edib: “Vəkillər Kollegiyasından uzaqlaşdırılan şəxslərin bəziləri ölkənin həyatında tanınan şəxslərdir. Hesab edirəm ki, vəkillik fəaliyyəti ilə məşğul olan şəxs sırf öz üzərinə düşən vəzifə borcunu yerinə yetirməlidir. Söhbət konkret şəxsdən getmir. Çox təəssüf ki, bu gün Azərbaycan Vəkillər Kollegiyası nüfuzlu bir quruma çevrilə bilməyib. Vəkillərin bir çoxu sadəcə vasitəçilik etməklə məşğuldurlar. Böyük əksəriyyəti maklerliklə məşğul olurlar. Hakimlə vətəndaş arasında münasibətlərin yaranmasında körpü rolunu oynayırlar”.
Ç.Qənizadə deyir ki, vəkillərin ibtidai istintaq, məhkəmə zamanı üzləşdikləri problemlərlə bağlı mətbuata müraciət etmələrinin də əleyhinədir: “Elə vəkillər var ki, yeri gəldi-gəlmədi proses getdiyi, istintaq davam etdiyi müddətdə mətbuata üz tuturlar. Bu hal iş üzrə qələbə əldə etmək üçün yolverilməzdir. Vəkil müqavilə bağlayarkən vətəndaşın qanunla icazə verilən hüquqlarının bərpa olunmasını üzərinə götürməlidir. Bizdə elə vəkillər var ki, müqavilə bağlayanda vətəndaşa vəd verirlər ki, işi ləğv etdirəcəyəm, səni cəzadan qurtaracağam, işi xitama göndərəcəyəm. Vəkil şəxsin təqsirsizliyini ortaya qoymalıdır”.
Ç.Qənizadə deyir ki, bu gün vəkillik institutundan onu qane etməyən çoxlu məqamlar var: “Vəkillik institutu ilə yanaşı məhkəmə sistemində də qüsurlar var. Vəkillik institutunda hansısa bir hüquqa əsaslanan iş mexanizmi yaradılmalıdır”.
Deputat deyir ki,  vəkil Osman Kazımovun Vəkillər Kollegiyasından uzaqlaşdıırlması haqda təqdimat verilərkən məsələyə qarışıb: “Osman Kazımovun Vəkillər Kollegiyasından uzaqlaşdırılması haqda təqdimat hansısa bir hakimin marağına əsaslanırdı.  Bunda Vəkillər Kollegiyasının da hansısa bizə bəlli olmayan marağı vardı. Mən deputat olaraq, hüquq müdafiəçisi olaraq vəkilin hüquqlarının qorunması ilə bağlı öz fikirlərimi hakimə dedim və o zaman Osman Kazımova qarşı bir qərəz vardı. Sonradan məsələ həllini tapdı. Müzəffər Baxışla bağlı məsələ də araşdırılmalıdır”.
Deputat deyir ki, bununla belə vəkillərin mətbuatdakı çıxışları onların Vəkillər Kollegiyasından uzaqlaşdırılmaları üçün əsas olmamalıdır: “Hakimlər vəsatətlə çıxış edirsə, təqdimat verirsə Vəkillər Kollegiyası məsələni müzakirə edə bilər. Vəkillər sırf professional vəkillik fəaliyyəti ilə məşğul olmalıdırlar. Yəni vəkillər siyasi proseslərdə siyasətçi kimi çıxış etməkdən çəkinməlidirlər. Bu gün məhkəmə hakimiyyətində olduğu kimi Vəkillər Kollegiyasında da problemlər var”.(musavat.com)

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın