Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / “Üsyankar səfir” müxalifət liderlərinə çağırış etdi

“Üsyankar səfir” müxalifət liderlərinə çağırış etdi

Əli Kərimlinin “əsl müxalifət mənəm” iddiası bitmir; partiyalar sabiq səfirə cavab verdilər
Azərbaycanın Avropa Şurasında daimi nümayəndəliyinin keçmiş rəhbəri, hazırda Avropada siyasi sığınacaq alaraq yaşayan, “üsyankar səfir” kimi tanınan Arif Məmmədov özünün facebook səhifəsində müxalifət partiyalarının liderlərinə videomüraciət edib. Arif Məmmədov müraciətində bildirib ki, ölkədə iqtisadi böhrandan, işsizlikdən xalq əziyyət çəkir. Xalqın və dövlətin naminə birləşmək lazımdır:

“Mən müxalifət liderlərinə müraciət edirəm. Hamınıza böyük hörmətim var. Hamınız xalq hərəkatında böyük xidmətlər göstərmisiniz, hamınız xalqı istəyən insanlarsınız. Bu gün müxalifət keçmiş inciklikləri qırağa qoymalıdır, xalqın qarşısında öz birliyinizi göstərməlisiniz. Bu gün AXCP, Milli Şura, Müsavat ayrı olmamalıdır. Bütün müxalifət birləşməlidir. Əli Kərimli, İsa Qəmbər, Arif Hacılı birlik göstərməlidir. Birlik olmayanda xalq da inamını itirir. Bu gün məsələ tək hakimiyyət məsələsi deyil. Söhbət Azərbaycanın mövcudluğundan, dövlət kimi gələcəyindən gedir. Azərbaycan xalqı dözümlü və bağışlayan xalqdır. Xalq hər şeyi bağışlaya bilər. Xalq yalnız bir şeyi bağışlamaz – qan tökülsə. Qan tökülsə məsuliyyət yalnız hakimiyyətin üzərinə düşməyəcək, hər kəsin üzərinə, cəmiyyətin də üzərinə düşəcək”.
Arif Məmmədovun müxalifətə birləşmə çağırışı ilə eyni vaxtda həmin çağırışın ünvanlandığı şəxslərdən biri-AXCP sədri Əli Kərimli bu çağırışı saya saymayan və bölünməni daha da dərinləşdirən müsahibə verib. Əli Kərimli Meydan TV-yə müsahibəsində AXCP və Milli Şuradan başqa müxalifətdə heç kəsin olmadığını bir daha bəyan edib. O deyib ki, müxalifətin satın alınmış, hökumətin ram etdiyi, yaxud faktiki fəaliyyət göstərməyənləri hesaba salıb “müxalifət dağınıqdır” tezisini gündəmə gətirməyə ehtiyac yoxdur. Azərbaycanda real müxalifət birlikdədir, bu da AXCP-dir, Milli Şuradır.

Jurnalistin verdiyi “Siz Müsavat Partiyasını satın alınmış hesab edirsiniz” sualına cavabında isə Ə.Kərimli əvvəl söylədiyi ittihamın Müsavata aid olduğunu inkar etməyib, əksinə, “kimlərin ciddi müxalifətçilik edə bilməsi ortadır” deməklə ittihamının Müsavata aid olduğunu təsdiqləmiş olub. AXCP sədri 2013-cü ilin prezident seçkilərini də rəhbəri olduğu təşkilatın adına yazıb.

Ə.Kərimlinin bu və digər ittihamlarına Müsavat Partiyası İcra Aparatının rəhbəri Gülağa Aslanlı müəllif yazısı ilə cavab verib. G.Aslanlı qeyd edib ki, Müsavat Partiyası daim siyasi mübarizəni müxalifət daxilindən çıxartmağa çalışıb. Cəmiyyətin maraqlarını nəzərə alaraq bəzi tərəfdaşların təkəbbürlü, qeyri-adekvat davranışlarına rəğmən, hakimiyyətin basqısına qarşı ümumi müqavimətin təşkili üçün konkret addımlar atıb: “Müsavat başqanı Arif Hacılı rejimə qarşı birgə mübarizəni təşkil etmək üçün həm Cəmil Həsənli, həm də Əli Kərimli ilə görüşlər keçirib, konkret əməkdaşlıq təklifləri ilə çıxış edib. Bundan sonra da belə olacaq. Biz cəmiyyətin konsolidasiyasına çalışırıq. Ə.Kərimlinin Meydan TV-yə müsahibəsində dedikləri 2013-cü ildə siyasi proseslərdə fəallıq edən müsavatçılara qarşı həqarətdir. 2013-cü il prezident seçkilərinin əsas resursu Müsavat Partiyası idi…

Biz isə ədalət hissimizi itirməmişik. AXCP-nin həmin seçkilərdə mühüm rolunu heç vaxt inkar etməmişik. Azərbaycan tarixində Müsavatın, onun dəstəklədiyi namizədin iştirak etdiyi elə seçkilər olmayıb ki, seçicilərin əksəriyyətinin səsini almasın. Bu, cəmiyyətdən aldığımız dəstəyin göstəricisidir. Beynəlxalq birliyin münasibəti də adekvatdır. Postsosialist ölkələrinin siyasi liderlərinin konqreslərində Müsavat iştirak edir. Avropa İttifaqının “ Şərq Tərəfdaşlığı” proqramının müzakirəsinə Müsavat dəvət olunur. Cənubi Qafqazda ölkələrarası münasibətləri gələcəyini müəyyənləşdirəcək “Podzdam prosesi”ndə Müsavat iştirak edir. 20 Avropa ölkəsinin səfirləri Müsavat başqanı Arif Hacılı ilə görüşür…

“Müsavat Milli Şuradan niyə çıxdı”-deyən dostlarımız bunun səbəbini hamıdan yaxşı bilir. Sadəcə, bizim müsavatçı əxlaqımıza arxayın olduqlarından bu sualı şantaj kimi təkrar-təkrar səsləndirirlər…

Müsavat Azərbaycanın taleyi üçün məsuliyyət daşıyan partiyadır. Müsavat Partiyası da, onun başqanı da həmişə mübarizənin önündə olub, son 25 ildə Bakıda, Moskvada, Avropada, Amerikada oturub böyük bəyanatlar verənləri həlledici mübarizə anında nəinki önümüzdə, heç yanımızda da görməmişik”.

Bu da Arif Məmmədovun birlik çağırışının cavabı. Yəqin ki, “üsyankar səfir” özü üçün nəticə çıxardı.

Həmçinin oxuyun

Həmməruzəçi: “Azərbaycanı AŞPA-da görmək istəyirik, amma…”

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına (AŞPA) qayıtması üçün Nazirlər Komitəsində danışıqların getdiyi bildirilir. Bu barədə …

Bir cavab yazın