Çərşənbə , May 25 2022
Ana səhifə / Siyasət / “Ukraynada baş verənlər 90-cı illərdə Azərbaycan xalqına qarşı törədilən oxşar cinayətləri xatırladır” – AMİP

“Ukraynada baş verənlər 90-cı illərdə Azərbaycan xalqına qarşı törədilən oxşar cinayətləri xatırladır” – AMİP

Ukraynanın Buça və İrpen şəhərlərində törədilmiş qətliamla əlaqədar Azərbaycan Milli İstiqlal Partiyası bəyanat yayıb.

Ukraynanın  Buça və İrpen şəhərlərində yüzlərlə dinc sakininin qətlə yetirilməsi  insanlığa qarşı törədilmiş ən böyük soyqırımı cinayətidir. Adı çəkilən şəhərlər Rusiya hərbi qüvvələrindən təmizləndikdən sonra əraziyə daxil olan hərbçilər və hüquq mühafizə orqanlarının əməkdaşları Ukrayna xalqına qarşı törədilmiş amansız cinayətin – kütləvi edamlar, işgəncələr və zorlamalarla müşahidə olunan dəhşətli mənzərənin şahidi olublar. Məlum olub ki, şəhərlərin küçələri insan meyidləri ilə doludur, ən dəhşətlisi odur ki, öldürülənlərin əksəriyyəti dinc sakinlər, əsasən də  yeniyetmələrdir. Eyni zamanda tapılan kütləvi məzarlıqlarda yüzlərlə insanın dəfn edilməsi də aşkar edilib.

Baş verənlər 1990-cı illərdə erməni və rus hərbi birləşmələri tərəfindən Azərbaycan xalqına qarşı törədilən oxşar cinayətləri xatırladır. Bu cinayətlərdən ən dəhşətlisi Rusiyanın 366-cı alayının bilavasitə iştirakı ilə törədilən Xocalı soyqırımıdır. Xocalı soyqırımı xarakter etibarı ilə birmənalı olaraq beynəlxalq cinayət kateqoriyasına aiddir. Bu kateqoriyadan olan cinayətlərin əsas tərkibləri İkinci Dünya müharibəsindən sonra yaradılmış beynəlxalq hərbi tribunalların (Nürnberq, Tokio) nizamnaməsində istifadə olunmuş, sonradan həmin cinayət tərkibləri keçmiş Yuqoslaviya və Ruanda beynəlxalq cinayət tribunallarının nizamnamələrində, habelə Beynəlxalq Cinayət Məhkəməsinin Statutunda təkmilləşdirilməklə bir daha təsdiqini tapmışdır. Təbii ki, dəyərlər şkalası kəmiyyət tanımır.

Azərbaycan Milli İstiqlal Partiyası baş verənlərdən hiddətini bildirir və beynəlxalq hüququn norma və prinsiplərindən irəli gələn  qanunlara əməl olunmasını əsas götürərək Ukraynada analoji cinayətləri törətmiş şəxslərin tezliklə Beynəlxalq Təşkilatlar vasitəsilə Beynəlxalq Ədalət Məhkəməsi qarşısına çıxarılmasını  tələb edir.

Azinforum.az

Həmçinin oxuyun

Ədalət Vəliyev Ağasif Şakiroğlu ilə görüşdü

Mayın 25-də Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev …