Bazar ertəsi , Yanvar 25 2021
Ana səhifə / Siyasət / Ucuzlaşan neft və partladılan kəmərlər: Fərhad Məmmədovun keçmiş işçisi fəlakət xəbərdarlığı edir

Ucuzlaşan neft və partladılan kəmərlər: Fərhad Məmmədovun keçmiş işçisi fəlakət xəbərdarlığı edir

Yeni qlobal iqtisadi böhran və neftin sürətlə dəyərdən düşməsi inkişaf etməkdə olan ölkələr, o cümlədən Azərbaycan üçün ciddi iqtisadi rikslər meydana çıxarıb.

Lakin bütün bunlar kifayət etmirmiş kimi son dövlər Azərbaycanın ixrac neft-qaz kəmərlərinin təhlükəsizliyinə dair narahatlıqlar da yaranıb.

Əvvəlcə Cənubi Osetiyadakı Rusiya qüvvələri “sürünən işğal” həyata keçirərək nəzarətlərindəki əraziləri genişləndiriblər və Bakı-Supsa ixrac neft kəmərinin bir hissəsini nəzarət altına alıblar.

Virtualaz.org saytı xatırladır ki, bu hadisə daha çox Qərbdə əks-səda və narahatlıqlar doğurub.

Çox keçmədən PKK ilə Türkiyə arasında atəşkəs razılaşması pozulub və kürd terror təşkilatının ilk hücum hədəflərindən biri Azərbaycanın ixrac qaz kəməri olub.

Avqustun 4-də PKK Bakı-Tiflis-Ərzurum qaz kəmərində partlayış törədib və kəmərin işinin qısamüddətli dayandırıb. Ötən gecə PKK yenidən Bakı-Tiflis-Ərzurum qaz kəmərinə hücum edib və kəməri yenidən partladıb.

PKK-nın bir ay ərzində Azərbaycanın ixrac qaz kəmərini Türkiyə ərazisində iki dəfə partlatmasının arxasında təkcə terror təşkilatının Ankaraya qarşı iqtisadi sabotaj maraqları dayanmır. Analitiklər əmindir ki, bu, daha genişmiqyaslı və  geosiyasi çəkişmələrin növbəti epizodudur.

Sanki “görünməyən qüvvələr” bir-birinin ardınca Azərbaycana və Xəzərin neft-qaz resurslarının Rusiyadan yan keçməklə nəqli strategiyasını özünün regional siyasətinin bir nömrəli prioritetinə çevirmiş Qərbə mesaj verir ki, artıq Gürcüstan və Türkiyədən keçmən ixrac neft-qaz kəmərləri təhlükəsiz deyil.

Təsadüfi deyildi ki, 2008-ci ilin təlatümlü avqustunda da buna bənzər hadisələr baş vermişdi. Rusiyanın Gürcüstana hərbi müdaxiləsindən az əvvəl Bakı-Tiflis-Ceyhan kəmərinin Türkiyədən keçən hissəsində güclü partlayış törədilmişdi. Sonradan üzə çıxdı ki, PKK-nın adına yazılan bu partlayış əslində kiberhücumla həyata keçirilib.

Energetika tematikası üzrə ixtisaslaşmış “Platts” jurnalında Nik Koleman tərəfindən yazılmış məqalədə deyilir ki, neftlə zəngin Azərbaycan hazırda boru kəmərlərinin işinin pozulması və neftin qiymətinin düşməsindən irəli gələn qayğılarla üz-üzədir. Bura ölkənin sərt geosiyasi mövqeləri də əlavə edildikdə ortaya dramatik mənzərə çıxır.

Müəllif yazır ki, ABŞ-ın əvvəlki hökumətlərinin qayğıkeşliyi başa çatandan sonra Azərbycana və Xəzərin digər neftlə zəngin ölkəsi Qazaxıstana beynəlxalq diqqət azalmışdı. Əsasən də ona görə ki, ABŞ-da şist nefti hasilatı artırdı, Azərbaycanda isə neft hasilatı özünün pik nöqtəsinə çatandan sonra azalmağa başlamışdı.

Ancaq ötən ay qonşu Gürcüstanda separatçı Cənubi Osetiyaya nəzarət edən rus hərbçiləri “sərhəd dirəklərini” irəli çəkərək BP-nin idarə etdiyi ixrac neft kəmərinin bir hissəsini nəzarət altına alanda ölkənin mürəkkəb geosiyasi vəziyyəti yenidən Qərbin yadına düşdü.

Əslində BP kəmərin marşrutunu çoxdan dəyişmək istəyirdi. Çünki 2008-ci ilin avqust müharibəsindən sonra kəmərin Cənubi Osetiya yaxınlığından keçən hissəsinin təhlükəsizliyinin təmin edilməsi çətinləşmişdi. Ötən il isə kəmərin həmin hissəsini deşərək 12 ton neft oğurlamışdılar.

Ancaq Azərbaycandakı əməliyyatlar üzrə xərclərini ixtisar edən BP kəmərin marşrutunu dəyişməyə tələsmədi. Hazırda Azərbaycan BP-nin neftin ucuzlaşmasına cavab olaraq iş yerlərini ixtisarına istiqamətləndiyi üç əsas ölkədən biridir.

İndi isə Türkiyədə qeyri-sabitliyin artması Azərbaycanın qayğılarını artırıb. Avqustun 4-də Bakı-Tiflis-Ərzurum kəmərinə qarşı diversiya törədilib (“Platts” bu məqaləni dərc etdiyi bir vaxtda kəmər artıq ikinci dəfə partladılmışdı-red).

Buna baxmayaraq Azərbaycanın əsas ixrac neft kəməri Bakı-Tiflis-Ceyhan normal işləməkdədir.

“Rusiyanın Azərbaycana qarşı istənilən incikliyinə baxmayaraq Moskva ilə Ankara arasında sıx iqtisadi-siyasi əlaqələr BTC-nin işinin pozulması cəhdlərinə dair ehtimalları azaldır, ən azından müəyyən dövr üçün”- bu sözləri isə “Platts” Londondakı Beynəlxalq Münasibətlər üzrə Kral İnstitutu yanında elmi əməkdaş Zaur Şiriyevdən sitat gətirir.

Zaur Şiriyev

Həmin Şiriyevdən ki, bu yaxınlara qədər Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin əməkdaşı idi. SAM-ın keçmiş əməkdaşı bununla Azərbaycanın ixrac kəmərlərinə qarşı hücumların arxasında Rusiyanın dayandığına eyham vurur.

Məqalədə deyilir ki, hərçənd Azərbaycanın alternativ nəql imkanları da var. Bura Bakı-Novorossiysk və Bakı-Supsa kəmərləri də daxildir. Rusiyanın Ukraynaya hərbi müdaxiləsi Azərbaycanın Moskvanın antaqonizmindən qaçması tendensiyasını gücləndirdi – ya Novorossiysk limanından neft nəqlini birdəfəlik dayandırmaqla, ya da Gürcüstanın tərəfində olub Moskvaya qarşı çıxmaqla.

Müəllif qeyd edir ki, Azərbaycan Türkmənistan və Qazaxıstan neftinin BTC ilə nəqlini artırmaqla da analoji praqmatizm nümayiş etdirir. Həmçinin dövlət neft şirkəti SOCAR xaricdəki layihələrini möhkəmləndirir, o cümlədən Türkiyədə “Star” neftayırma kompleksinin inşasını davam etdirir. Bu kompleks Ural və ya İraq neftini emal etməlidir.

Ancaq Şiriyev hesab edir ki, neftin qiymətinin 45 dollardan aşağı düşməsi Azərbaycanın dövlət xərcləri üçün “fəlakətli” olacaq. Və Azərbaycanı istər Türkiyə, istər Suriya və İraq olsun, öz sərhədləri yaxınlığında artan qeyri-sabitlik narahat etməyə bilməz.

Şiriyev Gürcüstanda daxili siyasi stabilliyin uzunmüddətli olacağına da şübhə edir.

“Gürcüstanda hadisələrin istənilən mənfi inkişafı Azərbaycana təsir edəcək”-o deyir.

Beləliklə, Azərbaycanın dörd tərəfində burulğanlar hökm sürür və belə vəziyyətdə ölkənin sürətlə dəyişən şərtlərə adaptasiyası çevik qərarlar tələb edir.

Həmçinin oxuyun

“Rus xalqı üçün çıxış yolu görmürəm” – Zərdüşt Əlizadə

“Rus xalqının, sadə əhalinin ayağa qalxmasının heç bir əhəmiyyəti yoxdur”. Bu sözləri Rusiyadakı etiraz aksiyaları …

Bir cavab yazın