Çərşənbə , Sentyabr 22 2021
Ana səhifə / Siyasət / Üçüncü Qarabağ müharibəsi başlaya bilərmi? – ŞƏRH

Üçüncü Qarabağ müharibəsi başlaya bilərmi? – ŞƏRH

Xəbər verdiyimiz kimi, iyulun 23-ü Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonu ərazisindəki mövqelərindən Azərbaycan Ordusunun Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsindəki mövqelərini atəşə tutub.

Nəticədə hərbi qulluqçumuz gizir Yaqublu Fərman Telman oğlu şəhid olub.

Gecə saatlarında da Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər sahəsində atışma davam edib. Qeyd olunub ki, Azərbaycan Ordusun bölmələri cavab atəşi ilə qarşı tərəfi susdurur.

Bunun ardınca Ermənistan Müdafiə Nazirliyi və Ombudsmanı intensiv atışma barədə məlumat yayıb. Bildirilib ki, Şərqi və Qərbi Zəngəzurda təmas xəttində atışma var. Nazirlik Ermənistan hərbi birləşmələrinin itki verdiyini bildirib.

Ümumiyyətlə, İkinci Qarabağ müharibəsindən sonra 10 noyabr və 11 yanvar razılaşmaları düşmən tərəfindən tez-tez pozulur. Məğlubiyyəti həzm edə bilməyən Ermənistanın yeni müharibə istəməsi barədə cəmiyyətdə də suallar yaradır.

Maraqlıdır, Ermənistanın bu təxribatları iki ölkə arasında yeni müharibənin başlanmasına səbəb ola bilərmi?

Məsələ ilə bağlı Cebhe.info-ya açıqlamasında Milli Cəbhə Partiyasının sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Ermənistan sülhə qarşıdır və təzyiq prosesi həyata keçirir:

“Atəşkəsin pozulması halı Ermənistanın 10 noyabr və 11 yanvar razılaşmalarına əməl etməmək, həmçinin delimitasiya, demarkasiya prosesindən yayınmaq, Azərbaycanın sülh təkliflərindən boyun qaçırmaqdır. Çünki Ermənistan birbaşa olaraq Azərbaycanın Kəlbəcər istiqamətində sərhədlərin təyin edilməsinə qarşıdır.

Həmçinin, onlar göstərmək istəyirlər ki, Azərbaycanla Ermənistan arasında münaqişə bitməyib. Minsk qrupunun yenidən formatlaşdırılmasına çalışırlar. Status məsələsini qaldırmaq istəyirlər. Bununla təzyiq siyasəti həyata keçirilir. Bunun arxasında Fransanın, Rusiyanın olduğunu istisna etmirəm.

Rusiyanın Müdafiə nazirinin İrəvanda olduğunu nəzərə alsaq, bu, həmin toqquşmaların təxribat xarakteri daşıdığını göstərir və təsadüf olduğunu demək olmaz. Yəni göstərmək istəyirlər ki, Ermənistanla Azərbaycan arasında sülhə nail olmaq qeyri-mümkündür”.

Politoloqun fikrincə, yeni müharibəyə Ermənistanın gücü çatmaz:

“Göründüyü kimi, Prezident İlham Əliyevin Ermənistana sülh təklifinə qarşı tərəf atəşlə cavab verir. Düşünürəm ki, Ermənistanın bu təxribatları öz əleyhinə yönələcək və əgər Azərbaycanın şərtlərini yerinə yetirməsə, Ermənistana sərhəd istiqamətində güclü təzyiqlər olacaq. Amma yeni müharibənin baş verməsi gözlənilmir.

Çünki artıq Ermənistanın hərbi gücü yoxdur ki, müharibəni davam etdirsin. Həmçinin, Ermənistana himayədarlıq edən dövlətlər də müharibədə maraqlı deyil. Çünki bu, Azərbaycanın konkret olaraq, Ermənistanın böyük ərazisinə nəzarət etməsinə gətirib çıxaracaq. Sadəcə olaraq, Ermənistana 10 noyabr və 11 yanvar razılaşmalarına əməl etmək düşür”.

Həmçinin oxuyun

Rəsul Quliyevin Bakıya qayıdışı niyə baş tutmadı? – AÇIQLAMA

Milli Məclisin sabiq spikeri, Amerikada yaşayan siyasətçi Rəsul Quliyevin sosial şəbəkə paylaşımları son zamanlar haqqında …