Çərşənbə axşamı , Oktyabr 20 2020
Ana səhifə / Siyasət / TÜRKMƏNİSTAN RUSDİLLİLİK HALQASINDAN ÇIXIR – Prezident Berdıməhəmmədovu əsəbiləşdirən nə olub?

TÜRKMƏNİSTAN RUSDİLLİLİK HALQASINDAN ÇIXIR – Prezident Berdıməhəmmədovu əsəbiləşdirən nə olub?

Viktoriya Panfilova

“Nezavisimaya qazeta”, 17.09.2020

Türkmənistan Xarici İşlər Nazirliyi ölkədə rus dilində təhsilin məhdudlaşdırması ilə əlaqədar Rusiya Xarici İşlər Nazirliyinin notasını cavabsız qoyub. Rus məktəblərinin və siniflərinin bağlanması, rus dilinin istifadəsi qadağası postsovet məkanında ilk dəfə ortaya çıxmır. Gürcüstan və Ukrayna bu yolu artıq keçib və Rusiyadan uzaqlaşmağı hədəfləyir.

Səlahiyyətlilər rus dilində təhsili ləğv edirlər. 2030-cu ilə qədər ölkədəki türkmən məktəblərində rus sinifləri olmamalıdır. Bu barədə “Radio Azatlık” (“Azadlıq Radiosu”nun Türkmən xidməti) məlumat verib. Digər məlumata görə, proses 2025-ci ilə qədər başa çatmalıdır. Rus siniflərinin bağlanması prosesi gözlənilmədən, şagirdlərə və valideynlərinə xəbərdarlıq edilmədən başlayıb.

İcazəsiz mitinq keçirən qəzəbli valideynlərə məktəb rəhbərlikləri bu qərarın koronavirusun yayılmasına qarşı mübarizə ilə izah edib.

Xatırladaq ki, Türkmənistan hakimiyyəti ölkədə koronavirus olduğunu inkar edir. Buna görə də, valideynlər koronavirusun rus siniflərindən qurtulmaq üçün yalnız bir bəhanə olduğuna inanırlar.

Rus siniflərində yalnız slavyan mənşəli uşaqların deyil, türkmənlərin də təhsil alması diqqət çəkir. Türkmənistanda rus dilində təhsil almaq istəyən insan o qədər çoxdur ki, hamı üçün yer azdır. Rus sinifləri 45-50 şagirddən ibarət olur. Ancaq belə bir sinifə girmək üçün 200-400  dollar arasında rüşvət vermək də lazımdır, məhz bu vəziyyət, uşağı rus sinfində oxuduğu üçün çoxlu pul ödəyən valideynlərin narazılığına səbəb olub və təhsil səviyyəsinin aşağı olduğu türkməndilli məktəbə köçürməni də əsla istəmirlər.

Sentyabrın 15-də Rusiya Xarici İşlər Nazirliyi Türkmənistan Xarici İşlər Nazirliyinə rus dilində dərsləri bərpa etmək üçün vəziyyəti aydınlaşdırmaq istəyi ilə bir nota göndərib ki, bu da Rusiya Federasiyası ilə Türkmənistan arasında 23 aprel 2002-ci il tarixli, Rusiyada türkmən və Türkmənistanda rus dilinin öyrənilməsinin təşviq edilməsini təmin edən Dostluq və Əməkdaşlıq müqaviləsinin müddəalarına cavab verir. “Bu problemlə bağlı bizə müraciətlər daxil olur və mövcud vəziyyətlə bağlı ictimaiyyətin narahatlığını nəzərə alaraq, Türkmənistan tərəfinin iki ölkə arasındakı ənənəvi dostluq münasibətləri ruhunda, ölkədə rus dilində təhsil sahəsinin azalmasına imkan verməyəcəyinə ümid etdiyimizi bildiririk”, – Rusiya XİN-in notasında deyilir. Lakin Aşqabad hələlik susur.

Eyni zamanda, “Azatlık Radiosu”na görə, rus dilinin istifadəsinə qadağalar vilayətlərdə məişət səviyyəsində başlayıb. Məsələn, Türkmənabad şəhəri və ona bitişik bir sıra rayonun yerli rəhbərliyi türkmən ailələrindən evdə yalnız türkməncə danışmağı tələb edir. “Qanunu pozanlar” işlərindən qovulmaqla təhdid olunurlar.

Dil repressiyasının başlamasının dəqiq səbəbini heç kim bilmir. Prezident Qurbanqulu Berdıməhəmmədov heç bir açıqlama verməyib. Yalnız aydındır ki, onun fərmanı olmadan heç kim Türkmənistanda rus dilini ləğv etməyə cəsarət edə bilməz. Ancaq şayiələrə görə, ruslara qarşı zülm, Aşqabad hava limanında baş verən hadisə ilə əlaqəlidir: etnik türkmənlər ölkəni tərk etdikləri zaman nəzarətdən keçərək təyyarəyə mindikdən sonra Türkmənistan pasportlarını nümayişkaranə şəkildə cırıblar. İddialara görə, prezident hirslənib və bütün rus siniflərinin ləğvi barədə əmr verib. “Qazprom”un öz pulu ilə tikdiyi Puşkin adına məktəbdən başqa.

Ekspert Sərdar Aytakov “NQ”-yə bildirib: “Berdıməhəmmədovun təpkisi Türkmənistan hakimiyyət orqanlarının davranış üsulları və prinsipləri ilə tamamilə uyğundur. Bu, 2004-cü ildə, qəzəbli prezident Saparmurat Niyazovun Rusiya televiziyasında Türkmənistandan keçən narkotik ticarəti və təhlükəsizlik orqanlarında yüksək vəzifəli şəxslərin bu traffikdə iştirakı barədə bir film nümayiş etdirdikdən sonra Puşkin adına teatrın binasının sökülməsinə əmr verdikdə də olmuşdu. Lakin sonradan bir çox təhlükəsizlik məmuru narkotik ticarəti ilə əlaqəli olduqları üçün həbs edilib. Ancaq teatr məhv oldu, bir çox aktyor ölkəni tərk etdi. 6 ay sonra, ictimaiyyətin və Rusiya prezidenti Vladimir Putinin müdaxiləsindən sonra Rusiya Federasiyasının başçısı şəxsən Niyazova zəng edib və Aşqabadın kənarındakı 8 mart adına İpəksarıma fabrikinin köhnə klubunun binası teatra verilib”.

Orta Asiya və Yaxın Şərq üzrə ekspert Aleksandr Knyazev isə deyib: “Türkmənistan kimi bir ölkədə belə Birinci şəxs səviyyəsində bu cür qərarların emosional bir impuls dalğasında verildiyini düşünmürəm. Səbəblər daha dərindir. Türkmənistan Xarici İşlər Nazirliyinin Rusiya Xarici İşlər Nazirliyinin notasına cavab verməməsinin izahı budur: baş nazirin birinci müavini Rəşid Meredov həm də Türkmənistan xarici işlər naziridir və Qərb siyasətinin dirijoru kimi tanınır. Prezident Berdımuhammedov da onun fikrini nəzərə alır. Rusiya əleyhinə siyasət Türkmənistan xarici siyasətində yeni bir fenomen deyil. Türkmənistan bitərəfliyinə sığınaraq müxtəlif vektorlar arasında çırpınır və onların arasında əslində, heç bir Rusiya vektoru yoxdur”.

Ekspertə görə, müəyyən bir dönüş 2019-cu ildə, “Qazprom”un Türkmənistan qazının məhdud tədarükünü bərpa etməsindən sonra baş verib. Sonra başqa razılaşmalar olub. “Ancaq yəqin ki, Türkmənistan siyasətini Rusiyadan ayrı görmək istəyən xarici aktyorlar bunu bəyənməyiblər. Buna görə də, müəyyən Qərb təsiri, xüsusən də, türk təsiri haqqında düşünmək olar. Türk məktəblərin sayı son illərdə azalsa da, Türkmənistanda qalır”

Türkmənistanın xarici siyasəti Rusiyanın maraqları baxımından qonşu Orta Asiya ölkələrinin siyasətindən kökündən fərqlənir. Knyazev vurğulayıb: “Türkmənistan səlahiyyətlilərinin hərəkətləri ikitərəfli münasibətlərdəki pozitiv tendensiyaları pozmağa yönəlib”.

Lakin mütəxəssis qonşu Orta Asiya ölkələrinin Aşqabaddan nümunə götürə biləcəyinə inanmağa meylli deyil. Əksinə, bölgənin bəzi ölkələrdə Rusiya ilə təhsil, məlumat və linqvistik qarşılıqlı münasibətlərin azaldığı bir an var idi. Bu gün vəziyyət kəskin şəkildə dəyişib.

Knyazev deyib: “Özbəkistan rəhbərliyinin, ilk növbədə, əmək miqrasiyası və Özbəkistan mallarının Rusiya bazarlarına çıxışı sahəsində obyektiv iqtisadi asılılığı dərk edən davranışlarını nümunə göstərmək olar. Bütün bunlar rus dilinin müəyyən, hətta hüquqi deyil, faktiki statusunun qorunmasını zəruri edir. Üstəlik, respublikada Rusiya universitetlərinin filialları fəal şəkildə açılır, buna görə də, rus dilinə qarşı repressiv tədbirlər görülmür.

Tacikistan təhsildə itirdiyi vaxtın əvəzini çıxır. Son on ildə rus dilində təhsil xeyli azalıb, indi Rusiya Federasiyasının köməyi ilə rus məktəbləri açılır və respublika rəhbərliyi buna müdaxilə etmir. Ölkənin nəhəng əmək miqrasiyası ilə əlaqəli sadə praqmatik mülahizələrə əsaslanaraq.

Qırğızıstan və Qazaxıstanda da böyük problem yoxdur. Türkmənistan bu baxımdan ən zəif halqadır”.

Tərcümə: Strateq.az

Həmçinin oxuyun

NATO-da Qarabağ müzakirə edildi: “Erməni qoşunları Qarabağdan çıxmalıdır”

“Dağlıq Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisidir”. Bu fikirləri Latviyanın NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin …