Cümə , Dekabr 4 2020
Ana səhifə / Siyasət / “Türkiyənin münaqişənin tənzimləmə prosesində yaxından iştirak etməsi çox önəmli məqamdır” – Təbriz Musayev

“Türkiyənin münaqişənin tənzimləmə prosesində yaxından iştirak etməsi çox önəmli məqamdır” – Təbriz Musayev

Məlum olduğu kimi, şanlı ordumuzun 44 günlük zəfər yürüşü nəticəsində işğal altında olan ərazilərin böyük hissəsi azad edildi. Bu döyüşlər zamanı 5 şəhər, 4 qəsəbə və 286 kənd azad olundu. Şuşa kimi strateji əhəmiyyətli şəhər ordumuzun nəzarətinə keçdi. Endirilən ardıcıl zərbələr nəticəsində İrəvan Bakının şərtlərini bütünlüklə qəbul etməli oldu.

Faktiki olaraq, Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri arasında imzalanan sənəd bunun əyani göstəricisidir. Mahiyyət etibarilə bu, Ermənistanın kapitulyasiyasıdır. Qeyd edək ki, bu, 26 il yarımlıq atəşkəs dövründə Azərbaycan və Ermənistan tərəfindən ən yüksək səviyyədə imzalanan, eyni zamanda, Rusiyanın zəmanəti altında imzalanan yeganə sənəddir. Ən başlıcası, o, qarşılıqlı öhdəlik xarakteri daşıyır və hüquqi əsasa malikdir.

Bu arada bəziləri, xüsusən də müxalifət təmsilçiləri rus sülhməramlılarının Qarabağa yerləşməsini Rusiyanın yenidən Azərbaycana qoşun yeritməsi kimi təbliğ edirlər. Bununla bağlı müxtəlif yerli və yersiz mülahizələrlə çıxış etməyə çalışırlar. Guya, bu minvalla, Rusiya yenidən Azərbaycanda öz hərbi varlığını gücləndirəcək, bazalar quracaq və s. Hansı ki, Rusiyanın 1960 nəfərlik hərbi heyəti sülhyaratma missiyası ilə məşğul olacaq və onların fəaliyyəti daimi olmayacaq. Nəzərə almaq lazımdır ki, heç 2 min nəfərə çatmayan kontingent Rusiya ordusu demək deyil. Bunlar ayrı-ayrı məsələlərdir. 1960 nəfərlik heyətdən sonra ordunun gəlməsi mexanizmi yoxdur. Onlar orada 5 il qalacaqlar. Yəni sülhməramlıların daimi olaraq Qarabağda qalması nəzərdə tutulmayıb.

Ona görə də bütün bunlardan çıxış edərək bəzilərinin Rusiya sülhməramlılarının Qarabağda yerləşməsinə şimal qonşumuzun yenidən Azərbaycana qoşun yeritməsi kimi təqdim etməsi doğru deyil. Maraqlıdır, bəs ekspertlər bunu necə dəyərləndirirlər?

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayevin sözlərinə görə, bunu Rusiya ordusunun Azərbaycanda yerləşməsi kimi təbliğ etmək tamamilə yanlış yanaşmadır: “Əsasən radikal mövqedən çıxış edən müxalifət bunu belə təqdim edir. Hansı ki, məsələyə bu cür yanaşmaq tamamilə səhvdir. Ancaq, hər zaman olduğu kimi, onlar öz konyuktur maraqlarından çıxış edərək məsələyə bu cür maksimalist prizmadan yanaşırlar. Reallıqdan kənar mövqedən çıxış edirlər. Nəzərə almaq lazımdır ki, sözügedən kontingent məhdud sayda olmaqla yanaşı, ancaq sülhməramlı missiyanı həyata keçirəcək. Rusiya məgər Azərbaycanda hərbi baza qurur? Digər tərəfdən, Türkiyə proseslərin içindədir və tənzimləmə işində iştirak edir. Faktiki olaraq, Türkiyə qarant ölkələrdən biridir. Hesab edirəm ki, Türkiyənin münaqişənin tənzimləmə prosesində yaxından iştirak etməsi çox önəmli məqamdır. Başqa bir tərəfdən, Laçın, Kəlbəcər və Ağdam rayonlarını döyüş olmadan azad edirik. Bəyanat Dağlıq Qarabağı statussuz qoyur. Bu bəyanatda Azərbaycanın şərtləri qəbul edilib. 9 bənddən ibarət olan bu bəyanatda əsas məqam odur ki, Dağlıq Qarabağın ətrafında işğal altında hələ də qalan rayonlarımızın 20 gün ərzində işğaldan azad edilməsi öhdəliyini Ermənistan rəhbərliyi öz imzası ilə üzərinə götürüb. Hesab edirəm ki, bu çox önəmli məsələdir”.

Ekspert hesab edir ki, bütün bunlar Azərbaycanın xeyrinədir.

Həmçinin oxuyun

“Ümid edirik ki, vaksin tezliklə hazır olacaq” – Prezident

COVID-19 əleyhinə bir çox vaksinlərin tədqiqatının davam etdiyi bir vaxtda biz kliniki sınaqların uğurlu nəticələrini …