Şənbə , Fevral 24 2024
Ana səhifə / Siyasət / Türkiyənin “F-16” israrı – Azərbaycan üçün önəmi

Türkiyənin “F-16” israrı – Azərbaycan üçün önəmi

“ABŞ Ankaraya “F-16” qırıcılarının satışını təsdiqləmək vədinə əməl edərsə, Türkiyə İsveçin NATO-ya üzvlüyünü dəstəkləməyə meyillidir”. Bu barədə “Hürriyet” qəzeti özəl mənbələrə istinadən yazıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan daha əvvəl ABŞ-ın Yunanıstana “F-16” qırıcıları göndərdiyini, lakin Ankaranın onların pulunu ödəməsinə baxmayaraq, Türkiyəyə tədarük etməkdən imtina etdiyini bldirmişdi.

“Finlandiya və İsveçin üzvlük məsələsinə gəlincə, pərdəarxası müsbət nəticələrin əldə olunduğu haqda xəbərlər var. İddia olunur ki, 3-4 ölkənin Türkiyəyə qarşı tətbiq etdiyi gizli silah embarqosu artıq aradan qaldırılıb”, – hökumət dairələrinə yaxın qəzet qeyd edib. “Burada problem İsveçin üzvlüyündə deyil, Birləşmiş Ştatlar tərəfindən etibarının olmamasıdır. Bu etimad yaranarsa, İsveçin yolu açılacaq”, – nəşr əlavə edib.

Yada salaq ki, ABŞ Konqresinin Nümayəndələr Palatası 2022-ci ilin iyulunda müdafiə büdcəsinə etdiyi düzəlişə əsasən, Türkiyə Yunanıstan hava məkanını pozduğu müddətcə ABŞ administrasiyası yeni “F-16” təyyarələri və onların modernləşdirilməsi üçün komponentləri Türkiyəyə satmağı qadağan edir. Bundan əvvəl Türkiyə Rusiyadan S-400 zenit-raket kompleksləri aldığı üçün beşinci nəsil F-35 qırıcı-bombardmançı istehsalı proqramından çıxarılmışdı.

Bəllidir ki, qardaş ölkə bu il özünün modern qırıcılarının istehsalını planlaşıdırır. O zaman niyə “F-16”larda israr edir? Amerika qırıcılarının vazkeçilməz üstünlüyü nədir? Dünyanın ən yaxşı qırıcısı F 16-mı? Türkiyənin F16-lara sahib olmasının Azərbaycan üçün də önəmi varmı?

Hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov “Yeni Müsavat”a bildirdi ki, Türkiyənin güclü orduya malik olması Türkiyə ilə yanaşı Azərbaycan üçün də çox böyük önəm kəsb edir. Həmin ordunun “F-16”lara sahib olması onun gücünü daha da artırır. Türkiyənin dünyada ən yaxın müttəfiqi Azərbaycan, Azərbaycanın da ən yaxın müttəfiqi Türkiyədir. Şuşa Bəyannaməsi iki qardaş dövlətin hərbi müttəfiqliyini rəsmiləşdirib. Bu sənəd Türkiyə və Azərbaycan parlamentləri tərəfindən ratifkasiya olunub: “Hərbi müttəfiqimizin “F-16” qırıcı təyyarələri hazırda da mövcuddur və bu fakt Azərbaycanın təhlükəsizliyi baxımından çox ciddi üstünlüyümüzdür.

Türkiyədə hava hücumundan əsas qoruyan “F-16”lardır. Hava hücumundan müdafiə sistemləri həm təyyarələrdə, həm də quruda quraşdırılıb. Lakin Türkiyə yeni nəsil “F-16” təyyarələri əldə etmək və eyni zamanda “F-16”ları modernləşdirmək istəyir. Lakin təəssüf ki, ABŞ üzərinə götürdüyü öhdəliyi yerinə yetirib Türkiyəyə həmin təyyarələri və modernizasiya üçün lazım olan komponentləri hələ də vermir. ABŞ Türkiyə ordusunun bundan artıq güclənməsini, Türkiyə müdafiə sənayesinin ölkə silahlı qüvvələrini silahla, hərbi texnika ilə tamamilə təmin etmək həddinə qədər inkişaf etməsini istəmir. ABŞ başda olmaqla Qərb Türkiyənin mümkün qədər asılı vəziyyətdə saxlamağa çalışır. Lakin Türkiyə 2025-ci ildə özünün hücum təyarəsini istehsal edəcək və sınaqdan keçirəcək”.

O ki qaldı “F-16” qırıcılarının üstünlüklərinə, ekspert qeyd etdi ki, Amerika Birləşmiş Ştatlarına məxsus “General Dynamics” şirkəti tərəfindən dizayn və istehsal edilmiş “F-16”ları “Döyüşən Şahin” də adlandırırlar. ABŞ və müttəfiq ölkələrin silahlanmasında olan, çoxməqsədli, dördüncü nəsil hərbi təyyarə hesab olunan “F-16”lar 2-ci Dünya müharibəsindən sonra Sovet istehsalı MiQ-21 və ABŞ istehsalı F-4 qırıcı təyyarələrindən sonra ən çox istehsal olunan 3-cü qırıcı təyyarə hesab olunur.

1976-cı ildən bəri 4500-dən çox qırıcı istehsal olunmuşdur. Bu qırıcılar B-61 nüvə bombası da daşıya bilir.: “Hazırda ABŞ başda olmaqla dünyanın 19 ölkəsinin hərbi hava qüvvələrinin əsasını təşkil edir. 80-ci illərin əvvəllərindən başlayaraq təyyarələrin gövdəsi radarlara yaxalanma riskini azaldan xüsusi texnologiya əsasında istehsal edilir. “F-16” pilotun yerdən 15 min metr yüksəklikdə, 1100 kilometr saat sürətlə uçarkən katapult etməsinə imkan verən oturacaq ilə təchiz edilib. Yüksək manevr qabiliyyətinə malik olan “F-16” təyyarələri təyinatından asılı olaraq müxtəlif tipli silah sistemləri, M61-A-1 markalı, dəqiqədə 511 mərmi ata bilən dördlüləli avtomatik top, yaxın hava döyüşü üçün 6 idarəedilən ”hava-hava” raketi, habelə yerüstü hədəflərə zərbə endirmək üçün “hava-yer” raketləri, idarəedilən lazer bombaları, hədəfə elektron sistemlə yönləndirilən idarəedilən raketlərlə təchiz edilib. Beləliklə, təyyarə hava döyüşü ilə yanaşı, yerüstü hədəflərə qarşı da effektiv şəkildə tətbiq edilir. Xüsusən minlərlə kilometr yüksəklikdən və uzaq məsafədən yerüstü hədəflərə dəqiq zərbələr endirir.

“F-16” təyyarələrinin bir neçə versiyası var və istehsalçı şirkət onu müntəzəm olaraq modernləşdirir. Təyyarələri Lokhid Martin şirkətinin lisenziyası əsasında Türkiyənin TAİ, Belçikanın SABCA və Niderlandın “Fokker” firmaları da istehsal edir. Türkiyə HHQ-nin sərəncamlarında “döyüşən şahin”lərin 200-ə qədər bir neçə tipi var. Habelə Azərbaycana dost ölkələrdən Pakistanın da HHQ-də “F-16” təyyarələri yer alır. ABŞ-dan sonra ən çox “F-16” hərbi təyyarələrindən istifadə edən ölkələr İsrail və Türkiyədir. 270-dən artıq F-16 hərbi təyyarəsi Türkiyə Respublikasında istismardadır”.

“Yeni Müsavat”

Həmçinin oxuyun

“Qərb istəyir ki, Ermənistan süverenliyini itirsin” – Zərdüşt Əlizadə

“Ermənistanla müqayisədə Azərbaycanın imkanları, əhalisinin sayı, ərazisi, təbii sərvətləri, ordusunun gücü qat-qat üstündür. Bu ölkə …