Cümə axşamı , Fevral 29 2024
Ana səhifə / Siyasət / Türkiyədə seçki marafonu: Ankara və İstanbulda qızğın savaş, sürpriz namizədlər… (ŞƏRH)

Türkiyədə seçki marafonu: Ankara və İstanbulda qızğın savaş, sürpriz namizədlər… (ŞƏRH)

“Əkrəm İmanoğlu və Mansur Yavaş üçün bu seçkilər çətin olacaq. Prosesdən kimin qalib çıxacağına müxtəlif faktorlar təsir göstərəcək. İqtidarın imkanları, müxalifətin durumu, müxalifət namizədlərinin çoxluğu, Mansur Yavaşın neqativ məqamları prosesdə öz sözünü deyəcək”.

Bunu Qaynarinfo-ya açıqlamasında QAFSAM sədrinin müavini Nazim Cəfərsoy martın 31-də Türkiyədə yerli özünüidarəetmə orqanlarına keçiriləcək seçkilər zamanı Ankara və İstanbulda kimlərin daha şanslı olduğunu şərh edərkən deyib.

Ekspert bildirib ki, kimin şansının daha çox olduğunu indidən söyləmək mümkün deyil:

“Hələ seçki kampaniyasına tam mənasında start verilməyib. Düzdür, bəzi anketlərdə İstanbulda Əkrəm İmanoğlu, Ankarada isə Mansur Yavaşın güclü olduğu qeyd edilir. Ancaq bundan əvvəlki  seçkilərdə anket firmalarının əslində doğru nəticəyə gəlmədiyi, yaxud da manipulyasiya etdikləri ortaya çıxıb. İqtidarın imkanları genişdir. Türkiyədə son 30 ildə seçkilərdə əsas faktor Ərdoğanın apardığı kampaniya olub”. 

Həmsöhbətimiz deyib ki, prosesə təsir edəcək digər bir məqam başqa partiyaların namizədlərinin kimliyi və ya namizəd göstərib-göstərməyəcəkləri amilidir: 

“İstanbul və Ankarada iqtidarın qalib gəlməsi şərtlərindən biri müxalifətin neçə namizədlə prosesə getməsidir. Məsələn, İstanbulda İYİ Partiyanın namizədinin kim olacağı əhəmiyyətlidir. Bu şəhərdən Zəfər Partiyası Temel Karamanoğlunun namizədliyini açıqlayıb. Hakim partiyanın Ankaradan namizədi Turqut Altınok Mansur Yavaş kimi milliyətçi camiyə tərəfindən tanınan namizəddir. Bu da Ankarada olduqca gərgin mübarizənin gedəcəyini söyləməyə əsas verir. İstanbulda İmamoğlunun yaxşı bələdiyyə təcrübəsi olmayıb. O, məsələni siyasi kontekstdə udmağa çalışacaq. Murat Kurumun da İstanbuldan namizəd olması səbəblərindən biri burada seçicilər arasında Trabzon əsillilərin güclü olmasından irəli gəlir”. 

Qeyd edək ki, Türkiyədə martın 31-də yerli özünüidarəetmə orqanlarına seçkilər keçiriləcək. Bu fonda İstanbul və Ankarada hakim AKP, yoxsa  müxalifətin namizədlərinin qalib gəlmək imkanları xüsusi maraq doğurur. Hazırda CHP üzvü Əkrəm İmanoğlu İstanbulun, onun partiya həmkarı Mansur Yavaş isə Ankara bələdiyyəsinin başçısıdır. Hakim Ədalət və İnkişaf Partiyasının isə Turqut Altınokun Ankara Böyükşəhər Bələdiyyəsinə, keçmiş ətraf mühit və iqlim naziri Murat Kurumanın isə İstanbul Böyükşəhər Bələdiyyəsinə namizədliyini verəcəyi bildirilir. 

Həmçinin oxuyun

“Almaniya mətbuatında Azərbaycan diktaturanın hökm sürdüyü despotik bir ölkə kimi təqdim edilir” – PREZİDENT

“Almaniya mətbuatında Azərbaycan guya azadlıqların təmin olunmadığı, insanların öz fikirlərinə görə həbs olunduğu, diktaturanın hökm …