Cümə axşamı , İyul 18 2019
Ana səhifə / Siyasət / Türkiyədə çevriliş günlərində Ermənistan ordusunun sərhədlərimizdə qəribə davranışları…

Türkiyədə çevriliş günlərində Ermənistan ordusunun sərhədlərimizdə qəribə davranışları…

“Ermənilər bu addımları ilə nəyəsə qadir olduğunu ucuz şəkildə nümayiş etdirmək istəyib”
Aqşin Əliyev: “Onlar belə bir versiyanı da nəzərdən keçirib ki, hərbi çevrilişin fonunda hakimiyyəti ələ keçirən hərbçilər Ermənistana basqın edə bilər”

Türkiyədə hərbi çevrilişə cəhdlə bağlı həbslər davam edir. Ankarada 149 polis əməkdaşı çevrilişə cəhddə şübhəli bilinərək saxlanıb. “Anadolu” agentliyinin məlumatına əsasən, Mersində 9 hakim və prokurorluq orqanları əməkdaşı həbs edilib. Beləliklə, hərbi çevrilişin hazırlanmasında iştirak etməkdə şübhəli bilinərək saxlananların sayı 71 nəfərə çatıb.
Bundan əvvəl Türkiyədə baş vermiş hərbi çevrilişə cəhddən sonra 2418 hərbçinin həbs edildiyi, 2745 nəfər hakim və prokurorun saxlanması barədə sanksiya verildiyi bildirilirdi. Hərbi çevrilişdən sonra İstanbulda təhlükəsizlik tədbirləri daha da gücləndirilib. Şəhərə 1800 nəfərlik xüsusi təyinatlı polis qüvvələri yeridilib.
Bu arada “Milliyyət” qəzeti hərbi çevrilişin əvvəlcədən hazırlanması ilə bağlı məlumat yayıb. Məlumatda qeyd edilir ki, 3 səhifə və 20 maddədən ibarət olan plan tapılıb. Sənəddə hərbi çevriliş planının məqsədi, vəzifələri, eləcə də üsyançıların irəliləyəcək istiqamətləri göstərilib.
Maraqlıdır ki, bütün bu hadisələr sübut edir ki, proses hələ tam yekunlaşmayıb.
Türkiyədə baş verən hadisələr zamanı ermənilərin də davranışında qəribəliklər müşahidə olunub. Xüsusilə də Azərbaycan-Ermənistan sərhədində erməni hərbçilərinin aktivləşməsi və dislokasiya addımları müşayiət edilib. Bununla Ermənistan nə demək istəyib? Konfliktoloq Aqşin Əliyev qəzetimizə açıqlamasında bildirdi ki, Ermənistanın deyilən istiqamətdəki davranışları təsadüfi xarakter daşımır: “Məlumdur ki, onlar Türkiyə ilə birbaşa sərhədə malikdir. Belə hadisələrin baş verdiyi zaman ilk növbədə qonşu ölkələr öz sərhədlərini etibarlı qorumağa başlayır. Araşdırsanız görərsiniz ki, hadisələrin fonunda ilk bəyanatı Ermənistan verdi və Türkiyə ilə arasında olan sərhədin etibarlı şəkildə qorunması üçün gücləndirilmiş rejimə keçdiyini vurğuladı. Onlar Türkiyədən xüsusilə ehtiyat edir. Bizimlə qardaş ölkə olmasındakı təəssübkeşlik faktorundan əlavə də, Ermənistanla Türkiyə arasında diplomatik qalmaqal yaşanır. Ermənistan hakimiyyəti bütün dünyada qondarma soyqırımın tanınmasına dair təşəbbüslər göstərir. Onlar belə bir versiyanı da nəzərdən keçirib ki, hərbi çevrilişin fonunda hakimiyyəti ələ keçirən hərbçilər Ermənistana basqın edə bilər. Təbii ki, belə olacağı təqdirdə Azərbaycan-Ermənistan sərhədləri nəzarətsiz qala bilər və bundan biz yararlana bilərik. Bütün bunlar ermənilərin səfeh versiyalarıdır. Çünki KTMT çərçivəsində Ermənistanla Türkiyə arasındakı sərhədlərin qorunmasına eyni zamanda Rusiya məsuliyyət daşıyır. Bu baxımdan da bir təyyarəni vurmağın altından ancaq çıxan Türkiyənin hansısa ölkənin sərhədini pozacağı inandırıcı sayıla bilməzdi, hətta bu, hakimiyyət çevriliş etmiş hərbçilərin əlində olsaydı belə. Sadəcə, ermənilər bu addımları ilə nəyəsə qadir olduğunu ucuz şəkildə nümayiş etdirmək istəyib”.
Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Zakir Fərəcovun qardaşını Türkiyədə aldadıblar – Ərdoğana müraciət edib

Sumqayıt şəhərinin icra başçısı Zakir Fərəcovun qardaşı, keçmiş deputat Nazim Fərəcovu Türkiyədə aldadaraq külli miqdarda …

Bir cavab yazın