Bazar ertəsi , Mart 8 2021
Ana səhifə / Siyasət / “Türkiyə-Azərbaycan əlaqələrinin qarşısını heç bir daxili və ya xarici qüvvə ala bilməz”

“Türkiyə-Azərbaycan əlaqələrinin qarşısını heç bir daxili və ya xarici qüvvə ala bilməz”

Son günlər Milli Şurada təmsil olunan radikallar xaricdəki internet televiziyalarında belə bir təbliğat aparırlar ki, guya Dağlıq Qarabağla bağlı Türkiyə və Azərbaycan hakimiyyətləri arasında fikir ayrılığı mövcuddur. Ancaq radikallar deyilənlərlə bağlı tutarlı arqument ortaya qoya bilmirlər. Sadəcə, bəyan edirlər ki, Türkiyə hakimiyyəti rəsmi Bakıdan Rusiyanın təşəbbüsü ələ almasına görə incikdir.

İddia edirlər ki, 10 noyabr razılaşmasından sonra Türkiyənin Dağlıq Qarabağ məsələsində rolu əhəmiyyətli şəkildə azalıb. Guya Azərbaycan hakimiyyəti Rusiya ilə sövdələşərək Türkiyəni bu proseslərdən sıxışdırır. Ağdamda Rusiya-Türkiyə birgə Monitorinq Mərkəzinin fəaliyyət göstərməsi guya formal xarakterlidir. Radikalların təbirincə desək, Türkiyə formal olaraq bu işdə iştirak edir. Hətta onu da iddia edirlər ki, bir müddət sonra Türkiyə buna etiraz edərək Ağdamdakı Monitorinq Mərkəzini tərk edəcək. Əgər doğrudan da Ankaranın incikliyi var idisə, o zaman bu günlərdə Azərbaycanla Türkiyə arasında niyə 11 sənəd imzalandı? Bir sözlə, Milli Şura təmsilçilərinin iddiaları nə dərəcədə həqiqətə uyğundur?

Məsələyə münasibət bildirən AMİP sədri Arzuxan Əlizadənin fikrincə, radikallar tərəfindən ortaya atılan belə fikirlərin heç bir əsası yoxdur: “ Qardaş Türkiyə Cümhuriyyəti müxtəlif sahələr üzrə özünün son illərdə əldə etdiyi nailiyyətlərlə artıq dünyanın əsas gücləri ilə bir sırada qərarlaşıb. Nəticədə Türkiyə ciddi söz sahibinə çevrilib. Eyni zamanda, “bir millət, iki dövlət” konsepsiyasına sadiqlik nümayiş etdirməklə Türkiyə və Azərbaycan hazırda regionda ən önəmli rol alaraq, bu baxımdan da dünya siyasətinə ciddi təsir etmək imkanlarına yiyələnməkdədirlər. Bu iki dövlət uzun illərin sınağından çıxmaqla elə sarsılmaz tellərlə bir-birinə bağlıdır ki, bu bağlılıq kimlərinsə şəxsi və ya siyasi maraqlarını ifadə etməsi ilə zədələnə bilməz. Bu münasibətlərə öz xoş olmayan maraqlarından yanaşmaqla ləkə atmağa çalışanlar isə dünyada gedən qlobal geosiyasi mənzərədən xəbəri olmayan insanlardır. Bu günün reallığı budur ki, Cənubi Qafqazda mövcud geosiyasi şərtlər Azərbaycanın iradəsindən kənarda baş verə bilməz. Azərbaycan dinamik iqtisadiyyata, böyük karbohidrogen ehtiyatlarına və güclü orduya malik olmaqla, regionun siyasətinə kifayət dərəcədə təsir etmək imkanlarına malikdir. Artıq bunu regionda iqtisadi və siyasi maraqları olan bütün güclər qəbil edirlər. Əlbəttə ki, burada Azərbaycanın siyasətinə güc qatan qardaş Türkiyənin rolu danılmazdır. Türkiyə-Azərbaycan əlaqələri yüksələn xətt üzrə inkişaf edir və bu inkişafın qarşısını heç bir daxili və ya xarici qüvvə ala bilməz”.

Partiya sədri onu da qeyd etdi ki, heç bir qüvvə Türkiyəni Qarabağ prosesindən kənarlaşdıra bilməz. (Bakı-Xəbər)

Həmçinin oxuyun

“Laçın dəhlizinin Ermənistan-Azərbaycan sərhədinə baxan ağzını bağlamalıyıq”

Rusiya sülhməramlılarının vaxtaşırı sərgilədiyi davranışlar Azərbaycan ictimaiyyəti tərəfindən narazlıqla qarşılanır. Növbəti dəfə sülhməramlı kontingentin hərbçilərinin …