Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Türk generalın Bakıya gəlişinin pərdəarxası…

Türk generalın Bakıya gəlişinin pərdəarxası…

Arzu Nağıyev: “Birinci məsələ məhz Dağlıq Qarabağ münaqişəsidir”; Elxan Şahinoğlu: “Ankara və Türkiyə generaliteti Bakı ilə Moskva arasındakı hərbi əməkdaşlığın konturlarını özü üçün müəyyənləşdirmək istəyir”

Oktyabrın 5-dən etibarən Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri başlayıb. Səfər oktyabrın 7-dək davam edəcək. Türk generalının səfərini zəruri edən amillərlə bağlı ən müxtəlif versiyalar var. Hətta Azərbaycanın Türkiyədən 3 milyardlıq döyüş vertolyotları alması barədə xəbərlərə istinad edən bəzi ekspertlər səfəri Qarabağ kontekstindən şərh edirlər.

Ancaq fərqli yanaşmalar da var. Türk generalın Bakı səfərini Rusiyanın Suriyadakı əməliyyatlarda iştirak etməsi kontekstində izah edənlər də var. Hesab olunur ki, Ankara Bakının Moskvanın yanında yer ala biləcəyindən ehtiyatlanaraq hərəkətə keçib. Hələ ki səfərin detalları açıqlanmır. Ancaq fakt budur ki, Türkiyə və Rusiyanın hərbi təyyarələri Suriyada qarşı-qarşıya gəlib. Belə ki, rus qırıcıları Suriyada Yamadiya bölgəsində hədəfləri vurduqdan sonra Türkiyənin xüsusi qaydalar tətbiq etdiyi 10 kilometrlik əraziyə daxil olub. (axar.az) Məlumatda bildirilir ki, rus təyyarələri Türkiyə sərhədini pozmayıb. Lakin türk qırıcıları tərəfindən onlara havada xəbərdarlıq edilib. Suriya Müxalif və İnqilabi Qüvvələr Koalisiyasının rəhbəri Xalid Xocanın sözlərinə görə, Yamadiyadakı hərbi əməliyyat birbaşa Türkiyəyə təhdiddir. Belə olan təqdirdə Bakının çətin vəziyyətdə qaldığını demək mümkündür. Azərbaycan qardaş Türkiyəni incitməmək üçün maksimum səy göstərməlidir. Paralel olaraq Rusiyanı qıcıqlandırması da mənfi perspektiv vəd edir.

Politoloq Arzu Nağıyev türk generalın Bakı səfərindən danışarkən iki mühüm məqama diqqət çəkdi: “Məlumdur ki, bu gün Rusiyanın daxil olduğu koalisiya İran, İraq,Suriya və ”Hizbullah” təşkilatından ibarətdir. Təbii ki, bu da İsraili, Türkiyəni, Səudiyyə Ərəbistanını və digər dövlətləri narahat edir. Təəssüf ki, bu proseslər regional baxımdan Azərbaycandan çox da uzaq olmayan böyük bir ərazidə gedir və təbii olaraq hər hansı bir genişmiqyaslı əməliyyatlar bizdən də yan ötməyə bilər. Bu baxımdan istənilən bir formada Azərbaycan baş verənlərin iştirakçısına çevrilə bilər. Ancaq baxır kim, nə və hansı qismdə. Yəni hərbi mənbələr də dəqiq bilirlər ki, Yaxın Şərqə uçan təyyarələr təyinatından asıla olmayaraq, Rusiyadan əsasən Moskva – Cənubi Qafqaz- Türkiyə-İran marşrutu ilə hərəkət edirlər. Bir müddət əvvəl Moskva Yunanıstandan Suriyaya uçmağa koridor istəsə də, ABŞ bunun verilməməsi üçün müraciət etdi. Bundan başqa, Bolqarıstan da bu koridoru vermədi. Belə olan halda artıq Rusiya bir sıra dövlətlərə bununla bağlı müraciət etmək məcburiyyətindədir”.

A.Nağıyev hesab edir ki, bu, Azərbaycan da ola bilər: “Bir sıra ermənipərəst informasiya vasitələri hətta bunu daha da böyüdüb, öz məqsədləri üçün istifadə etməyə çalışırlar ki, guya belə bir koridor verilsə, Avropa ilə Azərbaycan arasında narazılıq yarana bilər. Hətta ”Deutsche Welle”də çap edilən yazıda iddia olunub ki, guya Rusiya bunun üçün Dağlıq Qarabağ ərazisinin hava məkanından da istifadə edə bilər. Təbii ki, bu bizim ərazidir və bunun icazəsi ancaq bizə aiddir. Yəni məqsəd odur ki, Rusiya hər hansı bir yolla Azərbaycanı bu proseslərə qoşmağa çalışır. Bundan başqa, Xəzər dənizinin üzərindən də koridor mümkündür, lakin bu da bizim ərazilərdir. Yəni bütün bunların əsas məqsədi Rusiya hərbi kontingentini hava yolu ilə Suriyaya çatdırmaqdır. Bəzi dövlətlər, o cümlədən Ukrayna bu hava məkanını qapadıb, xəritəyə nəzər salanda artıq bir yolun məhz Türkiyə olduğu da aydın görünür. Türkiyə isə öz növbəsində NATO -nun üzvü olduğu üçün buna getməyəcək. ABŞ və Qərb dövlətləri qəti şəkildə istəmirlər ki, Rusiya “Cəbhə Əl-Nusra” və digər Əsəd rejiminə qarşı olan müxalif qüvvələrlə mübarizə aparsın. Buna görə də artıq müxtəlif maneələrə əl atmağa çalışırlar. Məhz bütün bunlara görə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyətinin Bakıya gəlişində bu məqama da toxunulması istisna edilmir”. Ekspertin fikrincə, regional münaqişələr baxımımdan Dağlıq Qarabağla bağlı birmənalı şəkildə müzakirələr də aparılacaq: “Çünki Rusiyanın Azərbaycana qarşı hər hansı vasitələrdən istifadə etməsinə baxmayaraq, birinci məsələ məhz Dağlıq Qarabağ münaqişəsidir”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun fikrincə, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akarın Azərbaycana səfərinin bir neçə səbəbi ola bilər: “Birincisi, Hulusi Akar bu vəzifəyə yeni təyin olunub. Adəti üzrə Türkiyədə dövlət vəzifəsinə təyin olunan şəxslər ilk olaraq Azərbaycana səfər edirlər. Ankara bu ənənəyə sadiqdir. Bu, Türkiyənin Azərbaycanla strateji müttəfiqliyinin xarakterindən irəli gəlir. İkincisi, son il yardımda Azərbaycanla Türkiyə arasında hərbi əlaqələr güclənib, il boyu bir neçə dəfə birgə hərbi təlim keçirilib. Hulusi Akar bu hərbi təlimlərin bəhrəsini azərbaycanlı məsləkdaşı ilə müzakirə etmək niyyətindədir”.

E.Şahinoğlu xatırlatdı ki, cəbhə bölgəsində də vəziyyət getdikcə gərginləşir və lokal toqquşmaların miqyası artıb: “Hazırki vəziyyəti Ankara da ciddi izləyir. Çünki lokal toqquşmaların genişmiqyaslı toqquşmlara keçəcəyi halda Türkiyə olaylara seyrçi qala bilməyəcək. Necə ki, Rusiya strateji müttəfiqi Ermənistanın müdafiəsinə qalxacaq, eləcə də Türkiyə Azərbaycanın hərbi imkanlarını gücləndirmək üçün qollarını çırmalayacaq”. Generalın gəlişini zəruri edən üçüncü səbəbə gəldikdə, politoloq bunları söylədi: “Xəbərlərə görə, Rusiya təyyarələri Suriyadakı məntəqələri bombalayarkən Azərbaycan hava sahəsindən istifadə edir. Bu məsələnin də rəsmi Bakı ilə müzakirəsinə ehtiyacı var. Çünki Ankara Rusiyanın Suriyanın daxili işlərinə qarışmasının, Əsədə hərbi dəstək verməsinin əleyhinədir. Əlbəttə, rəsmi Bakının Moskvanın istəyinə ”yox” deməsi çətindir. Ancaq Ankara və Türkiyə generaliteti Bakı ilə Moskva arasındakı hərbi əməkdaşlığın konturlarını özü üçün müəyyənləşdirmək istəyir”.

 

Həmçinin oxuyun

ABŞ-dən Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaya REAKSİYA

“ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır”. Bunu ABŞ Dövlət Departamentinin mətbuat …

Bir cavab yazın