Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / Turist, şərab və limonaddan asılı Gürcüstan – reportaj

Turist, şərab və limonaddan asılı Gürcüstan – reportaj

Gürcülərin “Sevilya”-“Barselona” oyununa bağlı arzuları

Təxminən 20 gün öncə Ukrayna səfərinə hazırlıqlar başlanarkən Kiyevə Bakıdan yox, Tiflisdən getməyə qərar verdik.Çünki AZAL-ın qiymətləri əl yandırırdı – 20 gün sonra alınacaq Bakı-Kiyev-Bakı reysinə bileti 520 manata təklif edirdilər.Bu qiymətə dünyanın öncül hava nəqliyyatı şirkətləri ilə okeanı keçmək, Avropanın 5-6 şəhərinə baş çəkmək olar.Ukrayna Hava Yollarının Tiflis-Kiyev-Tiflis bileti isə 400 manata yaxın idi. Bu marşrut həm də bizə qonşu Gürcüstanın son durumu, gündəmi, bir il sonra keçiriləcək parlament seçkisinə hazırlıqlarla tanış olmaq imkanı qazandırırdı.
Gürcüstan sərhədinə səhərə yaxın çatdıq. Saat 4-də artıq sərhəd məntəqəsində maşınların böyük növbəsi yaranmışdı. Beynəlxalq daşımaları həyata keçirən sərnişin və yük maşınlarının bir ucu az qala Qazaxın bu səmtdəki sonuncu kəndi Daş Salahlıya çatırdı. Maşınların çoxunda uşaqlar gördük. Səhərin ala qaranlığında istidən, yolun yorgunluğundan ağlayan yuxusuz uşaqlar sərhədi bir neçə saata keçəcəklərini gözə alan valideynlərin əsəblərini lap tarıma çəkmişdilər. Hər tərəfdən narazılıq nidaları yüksəlirdi. Durumdan anlaşılırdı ki, çoxları yola “səhərə yaxın sərhəddə maşın daha az olar” hesabı ilə axşamdan çıxıb, bütün gecəni maşını “qovub”, ancaq proqnoz doğrulmayıb.
Turist, şərab və limonaddan asılı Gürcüstan – reportaj
Durumdan o da aydın idi ki, maşını ilə Gürcüstana keçmək istəyənlərin çoxu tətilə gedənlərdir. Gürcüstan turizminin uyğun şərtləri, üstəlik, oradan quru yolu ilə Türkiyəyənin Qara dəniz, hava yolu ilə Aralıq və Egey dənizi boyu tətil cənnətlərinə rahat keçid imkanı Azərbaycandan bu ölkəyə böyük insan və təbii ki, pul kütləsinin axınına yol açır. Azərbaycanda turizmin inkişafı ilə bağlı görülən işlərin (əgər görülürsə) heç bir nəticə vermədiyini anlamaq üçün Azərbaycan-Gürcüstan sərhədində 15-20 dəqiqə müşahidə aparmaq yetərlidir. İnsanlar bu cəhənnəmdən keçməyi ölkədə dincəlməkdən daha üstün tuturlar.
Bizdə xaricdə istirahət mədəniyyəti formalaşmağa başlasa da hələlik bütün imkanları dəyərləndirib daha rahatını seçmək qabiliyyətimiz zəifdir. Məsələn, bir ailənin, ya da bir qrupun sərhədə qədər rahat, kondisionerli avtobusla gəlib, sərhədi piyada keçəndən sonra Gürcüstanda maşın kirayələməsi, ya da iç marşrutlar üzrə hərəkət edən çeşidli nəqliyyat vasitələrindən istifadə etməsi şəxsli avtomobillə səyahətə çıxmaqdan çox-çox rahatdır. Bu istidə avtomobili 450 km sürüb sərhəddə 3-4 saat növbə gözləmək, sərhədçilərin ləng işindən, uzun-uzadı sorğu-sualından şil-küt olmaq niyə tətil olsun ki?. Özünə sayğı duyan şəxs xüsusən yay aylarında “Sınıq körpü”nü şəxsi avtomobilində keçməz. Gürcüstanda maşınların günlük kirayəsi 30 dollardan başlayır. İnternet üzərindən istənilən maşını seçib kredit kartı ilə kirayələmək mümkündür. Avtomobillərin çoxu qazla işlədiyindən xərc çox deyil. Bir sözlə, “öz maşınımızla gedək” söhbəti Gürcüstan tətilinə yaramır. Bu sadəcə – əsəb, zaman itkisidir.
Görməmişəm, amma deyirlər, Zaqataladakı sərhəd məntəqəsindən keçid daha rahatdır. O səmtdəki ilk şəhər Laqodexi də qonşu ölkənin ən səfalı bölgələrindən sayılır.
“Sınıq körpü” sərhəd məntəqəsi ölkənin ən çox tənqid edilən giriş qapısıdır.İllərdir həm avtomobillərin, həm də sərnişinlərin keçidi ilə bağlı problemlər sadalansa da heç nə dəyişmir. Vətənşdaşların çoxluğuna baxmayaraq ləng iş, sərhəd və gömrük işçilərinin vətəndaşlarla kobud davranışı… necə idisə, elə də qalır. Pasportumuza ölkədən çıxış möhürü vuran yuxulu sərhədçi salamımızı almadı, bütün normal ölkələrdə olduğu kimi “yaxşı yol” demək yerinə üzündən asılan “niyə qoymursuz yataq” ifadəsi ilə bizi Gürcüstana göndərdi. Burada bizi ayıq-sayıq, salamlı-kalamlı Gürcüstan sərhədçiləri gözləyirdi.
Rustavidən keçib Tiflisə uzanan beton yolun təmiri sürətlə gedib. Bu yolun çəkilməsi üçün bir neçə il öncə Gürcüstan hökumətinin təyin etdiyi tenderi Azərbaycan şirkəti udmuşdu. Ancaq sonradan Gürcüstan tərəf layihəni dayandırıb yenidən tender elan etdi və qalib Çin şirkəti oldu. Gürcüstan hökumətinin bu addımı çinlilərin daha keyfiyyətli yolu daha ucuz qiymətə və daha qısa müddətə tikmək təklifi ilə izah edilir. Ötən ildən başlayan işlər sürətlə davam edir, gələn ilin ortalarına beton yol Azərbaycan sərhədinə çatmalıdır. Şirkət “kitayski” olsa da, yol əladır. Lap bizim uşaqlığımızdakı əl-əl gəzən və keyfiyyət göstəricisi sayılan “Çin malları” kimi.
Sabah Tiflisi qələbəlikdi.Günün doğuşunu bir fincan qəhvənin dadına baxa-baxa seyr eləmək üçün 3-4 kafe gəzməli olduq – boş masa tapa bilmirdik. Mərkəzdə 5 nəfərlik xaçapurili, açarulili, sucuqlu, “Nataxtari”li, kapuçinolu qəhvəaltıya 52 lari ödədik.Təxminən 26 manat. Bakıdakı restoranların qəhvəaltı masası ortalama 12-20 manatdır, yəni 5 nəfərə 60-100 manat.
Şəhərdə Azərbaycandan olan turistlər saya-hesaba gəlməz. Hansı səmtə çevrilirsən, qulağa dogma sözlər dəyir. Gürcüstan paytaxtında eşidilən rusca söhbətlərin də çoxu  bizimkilərin “ifasındadır”. Şəhərin küçələrində Azərbaycan avtomobilləri də çoxdur. Kür çayının qırağındakı ünlü Tiflis kazinosunun qarşısında səhər tezdən azı 20 Azərbaycan nömrə nişanlı avtomobil gördük. Çoxu da lüks maşınlar idi. Demək, gecə başlayan “həngamə” səhərə qədər davam edib…
Şəhərdə ukraynalılar da az deyil. Çoxu cavanlardır. Yüksək səslə danışmaqlarına görə onlar bizimkiləri heç, gürcüləri də ciblərinə qoyarlar. Əllərində pivə sözün əsl mənasında bağıra-bağıra gəzirlər.
Bu aralar Tiflisin mərkəzində xeyli dəllal peyda olub, əcnəbilərə yaxınlaşıb avqustun 11-də Tiflisdə keçiriləcək UEFA-nın superkuboku uğrunda “Sevilya”-“Barselona” oyununa bilet təklif edirlər. Qiymətlər fantastikdir – 1000, hətta 1200 dollar. Gürcü milli valyutası lariyə çevirəndə bu məbləğ bir torba kağız pul eləyir. İndi 1 dollar 22.5 lariyə alınır, 22.7 lariyə də satılır. Alıcılar arasında Azərbaycandan olan azarkeşlər də az deyil.
Tiflislilərdən öyrənirik ki, bu görüş üçün kassalar ilk dəfə iyun ayının 18-də açılıb. Amma elə təxminən açılan gün də qapanıb – sehrli əllər biletləri sül-süpür edib. İnternet üzərindən satış da süni əngəllərlə başlanıb. Öncədən elan edilən zamanda internet-kassalar açılıb. Ancaq bu imkandan çox az insan yararlana bilib – sayt donub və biletlər bitənə qədər don açılmayıb. Biletlər kassalarda açıq satışda olan 1-2 gündə uzun növbələrə dözüb, onu ala bilən Gürcüstan vətəndaşları həmin kağız parşasına yaxın gələcəklərinin təminatçısı kimi baxırlar. Bu futbol biletləri kimisi üçün kredit borcunu bağlamaq, kimisi üçün yeni maşın almaq, kimisi üçün isə elə yaxın ayların çörəkpulundan arxayınçılıq şansıdır. Kimin əli gətirdi, gətirdi… Avqustun 11-i yaxınlaşdıqca qiymətlər daha da artır. Deyirlər ki,  ötən həftə futbol biletini 500 dollara satan insaflılar olub, bu həftə isə heç kim 900-dən aza razı olmur. İnsanları qınamalı deyil, çünki Gürcüstanda yaşayış şərtləri çox ağırdır – işsizlik ölkənin əsas problemi olaraq qalır. Yenə yay aylarında turizmin hesabına xüsusən gənclər üçün mövsümi iş yerləri açılır. Müştəri bolluğuna görə, paytaxtdakı, turizm bölgələrindəki kafe-restoranlar, ölkədaxili turlar təşkil edən şirkətlər xeyli gənci işə götürür. Sentyabrın sonu, uzağı oktyabrın əvvəllərində isə bu insanlar yenidən işsiz qalır. Ona görə də heç kim  yaşamaq uğrunda mübarizədə ələ düşən kiçik fürsəti belə qaçırmaq istəmir. Onlara bol müştəri arzulayırıq. Tanrı 25 kişinin – 22 futbolçu, 3 də hakim – 90 dəqiqə o tərəf-bu tərəfə qaçmasını izləmək üçün 1000-1200 dollarından keçməyə hazır bütün dünya azarkeşlərini gürcü biletsatanların qarşısına çıxarsın. Çünki qonşularımızın durumları gerçəkdən ağırdır.
Azərbaycandakı inflyasiyadan azca sonra – bu ilin əvvəlində Gürcüstanda da millli valyuta sürətlə ucuzlaşdı. Larinin yaxın dönəmlərdə möhkəmlənəcəyi gözlənilmir. Hökumət indiki kursu çətinliklə qoruyur – Azərbaycan neftinin dünya bazarına çıxarılması üçün Azərbaycandan alınan tranzit pulu və turizm gəlirlərindən başqa ölkənin ciddi gəlir qaynağı yoxdur. Bu ölkədə kənd təsərrüfatına bağlı xırda sənaye müəssisələrini çıxmaq şərti ilə heç bir istehsal sahəsi yaradılmayıb – şərab və limonadla ölkə saxlamaq çətindir. Hər şey idxal edilir. 2015-ci illə başlayan inflyasiyanın gətirdiyi bahalıq vətəndaşların 5-10 larilik ehtiyatını da “yeyib”, ərzaqlardan xidmət qiymətlərinə, xidmətdən kommunal xərclərə qədər bütün qiymətlər yüksəlib. Ötən həftə elektrikin qiyməti yenidən artıb. Cüzi, cəmi 4 tetri (2 qəpik). Ancaq Gürcüstan vətəndaşlarının gəlirləri o qədər azdır ki, ən minimal qiymət artımı da onlar üçün çətinlik yaradır.
Gürcüstan hökuməti qiymət siyasətində mümkün ehtiyatlılığı əldən vermir – artımlar davamlı olsa da yüksək deyil.Hökumətin qəfil bahalıq yaratmaqla xalq etirazlarına yol açmaqdan çəkinməsi anlaşılandır. Axı, əllərindən “ütü düzəltmək” gəlməsə də  gürcülər anidən kütləvi etirazlara başlayıb hakimiyyət dəyişməyi yaxşı bacarırlar.
Bir sözlə, Gürcüstanda hökumətin də, xalqın da qayğısı çoxdur. Hökumət gələn ilin payızında yenidən hakimiyyətdə qalmaq üçün son 2 ildə sürətlə enən reytinqini yüksəltmək yolunda dəridən-qabıqdan çıxır, ancaq nəticə yoxdur, xalq hökumətdən rifah istəyir, bunun da nəticəsi yoxdur. Səbəb sadədir – dövlət büdcəsi boşdur.
Boşluğun səbəblərini gələn reportajda sadalayarıq.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın