Cümə axşamı , Oktyabr 29 2020
Ana səhifə / Siyasət / Tramp və Putinin məktublarındakı diqqətçəkən fərqlər – ŞƏRH

Tramp və Putinin məktublarındakı diqqətçəkən fərqlər – ŞƏRH

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Rusiya və ABŞ prezidentlərinin Cümhuriyyət Günü ilə bağlı prezident İlham Əliyevə ünvanladığı təbrik məktublarını müqayisəli şərh edib. 

Politoloq iki nəhəng dövlətin başçılarının Azərbaycan prezidentinə göndərdiyi təbrik məktublarında diqqət çəkən fərqlər var: “Rusiya prezidentinin təbrik məktubunda bunlar yazılıb: “Hörmətli İlham Heydər oğlu. Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Sizin ölkəniz sosial-iqtisadi inkişaf yolunda inamla irəliləyir, beynəlxalq gündəlikdəki aktual məsələlərin həllində mühüm rol oynayır. Rusiyada Azərbaycan ilə strateji tərəfdaşlıq münasibətlərini yüksək qiymətləndirirlər. Əminəm ki, biz bütün sahələrdə səmərəli ikitərəfli əlaqələri, regional sabitliyin və təhlükəsizliyin təmin edilməsində konstruktiv qarşılıqlı fəaliyyəti birgə səylərimizlə bundan sonra da uğurla inkişaf etdirəcəyik. Heç şübhəsiz ki, bu, dost xalqlarımızın əsas mənafelərinə uyğundur. Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı və uğurlar, Azərbaycanın bütün vətəndaşlarına isə firavanlıq və rifah diləyirəm”. ABŞ prezidenti Donald Trampın məktubunda isə bunlar yazılıb: “Hörmətli cənab Prezident, 28 May – Respublika Günü münasibətilə Sizi və Azərbaycan xalqını Amerika xalqı adından və şəxsən öz adımdan təbrik edirəm. 1918-ci ildə həmin gün Azərbaycanın müstəqilliyi elan olunub və Azərbaycan Xalq Cümhuriyyəti yaradılıb. Yüz ildən artıq bir vaxt keçdikdən sonra Amerika Birləşmiş Ştatları bütün azərbaycanlılarla birlikdə bu nailiyyətləri qeyd etməkdən məmnundur. Dövlətlərimiz arasında bir çox ortaq maraqlar üzərində qurulmuş güclü tərəfdaşlıq mövcuddur. Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfələri və Cənub Qaz Dəhlizi təşəbbüsünü irəli sürməklə Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsində Sizin liderliyinizi dəyərləndirirəm. Azərbaycanda islahatlar istiqamətində, xüsusilə də qanunun aliliyi sahəsində Azərbaycan xalqının mənafeyinə xidmət edəcək və əməkdaşlığımızın dərinləşməsi üçün imkanlar yaradacaq bütün addımları alqışlayırıq. Həmçinin, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə və dayanıqlı həlli istiqamətində ATƏT-in Minsk qrupu prosesində Sizin şəxsi iştirakınızı təqdir edirik. Tərəfdaşlığımızın gələcək illərdə də inkişaf etməsini səmimiyyətlə arzulayıram. Xahiş edirəm, bu əlamətdar ildönümü münasibətilə bir daha təbriklərimi və ən xoş arzularımı qəbul edəsiniz””. 

Elxan ŞahinoğluPolitoloq fikrincə, məktublardakı tezislər çox nəsnədən xəbər verir: “Aydındır ki, məktubları prezidentlər özləri yazmırlar, buna onların vaxtı yoxdur, dövlət başçıları müşavirlərinin hazırladıqları mətnləri oxuyub kiçik düzəlişlərlə imza atırlar. Buna baxmayaraq, məktublardakı tezislər çox nəsnədən xəbər verir. Birincisi, Donald Trampın təbrik məktubu Vladimir Putinin təbrik məktubundan daha geniş və konkretdir. Putinin məktubunda Dağlıq Qarabağ münaqişəsindən bir kəlmə də yoxdur, halbuki Trampın məktubunda bu mövzuya xüsusi diqqət ayrılıb. Putinin məktubunda Azərbaycanla tərəfdaşlığın qarşısında “strateji” sözü var, Tramp isə “güclü tərəfdaşlıq” ifadəsindən istifadə edib. Ən vacibi Tramp İlham Əliyevə göndərdiyi bütün məktublarda olduğu kimi Cənub Qaz Dəhlizi təşəbbüsündən və Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsində oynadığı önəmli roldan söz açıb. Putinin məktubunda enerji əməkdaşlığı ilə bağlı bir cümlə belə yoxdur. Çünki belə bir əməkdaşlıq yoxdur”.

Həmçinin oxuyun

Tural Gəncəliyev kanadalı senatoru üzr istəməyə çağırdı

Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri, Milli Məclisin Azərbaycan-Kanada Parlamentlərarası dostluq qrupunun rəhbəri Tural …