Cümə axşamı , Aprel 25 2019
Ana səhifə / Siyasət / Tofiq Zülfüqarov: “Faktiki olaraq Minsk Qrupunun vasitəçiliyi iflasa uğrayıb”

Tofiq Zülfüqarov: “Faktiki olaraq Minsk Qrupunun vasitəçiliyi iflasa uğrayıb”

Ermənistanın baş naziri Nikol Paşinyanın son bir neçə gün ərzində sülh danışıqlarının davamında maraqlı olduğunu deməklə yanaşı, Azərbaycan ərazilərinin işğaldan azad olunmayacağını bildirməsi onun aqoniya vəziyyətindən xəbər verir. Erməni baş nazirin “nala-mıxa vurmağa” başlaması erməni ekspertlərin də diqqətindən yayınmayıb.

Ermənistanda bu təcrübəsiz hökumət başçısının Davos Forumu çərçivəsində Azərbaycan prezidenti ilə baş tutan təkbətək görüşündən sonra qəfil radikallaşmasının bir oyun olduğunu yaxşı anlayırlar.  

Ermənistanın “Arovat” nəşri Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyanın Davosda saat yarım davam edən qeyri-rəsmi görüşü barədə politoloq Q.Yegiazaryanın açıqlamasını yayımlayıb. Axar.az tanınmış jurnalist Sənan Nəcəfovun “Əliyevin istehzalı təbəssümü və özünü itirmiş Paşinyan” adı ilə təqdim etdiyi, Arpine Simonyanın müəllifi olduğu yazını təqdim edib. Yazıda bildirilir ki, politoloq Qurgen Yegiazaryan Ermənistanın Baş naziri Nikol Paşinyanla Azərbaycan prezidenti İlham Əliyevin görüşündə Qarabağ münaqişəsinin həlli yollarının müzakirə olunmamasını anlamır. “Ölkəmizi təmsil edən şəxs çox savadlı, böyük siyasi təcrübəsi olan adamla görüşüb. Odur ki, söhbət uğurlu alınmayıb. Bunu görüşdən çəkilmiş şəkillərdən də anlamaq olur”.

Bunu politoloq Qurgen Yegiazaryan deyib. “Simasında istehzalı təbəssüm olan Əliyev və özünü itirmiş Paşinyan. Şəkildən hər şey aydın olur. Vəziyyət niyə belədir? Niyə bu günə düşmüşük?”, – deyə o, sual edib.

Politoloq xatırladıb ki, bəzi mənbələr son zamanlar azərbaycanlıların Naxçıvan istiqamətində xeyli irəlilədiyini deyir:“Əgər kənd bələdiyyələrinin başçıları əhali arasında əsassız təlaş yaradırsa, sərt şəkildə cəzalandırılmalıdırlar. Yox, əgər belə deyilsə, 11 min hektar ərazinin itirilməsini necə başa düşək? Bundan öncə də 800 hektar torpağı düşmənə verib adını “lazımsız ərazi” qoydular. Bu 11 min hektar da lazımsızdır?”

Q.Yegiazaryan hesab edir ki, Qarabağ münaqişəsinin həlli prosesində sülh qarşılığında ərazilərin qaytarılmasına razılaşmaq Ermənistan üçün məğlubiyyət deməkdir: “Sanki biz yalvarırıq: xahiş edirəm, bizi döyməyin. Əlimdəki bulkanı da sizə verəcəyəm, əmi, yalvarıram, bircə bizi döyməyin… Paşinyan deyir ki, heç zaman “sülh qarşılığında ərazilər” ifadəsini işlətməyib. Əlbəttə, bunu deməyəcəksən. Çünki bu, artıq Madrid prinsiplərində əks olunub. Sən məhz bunun sayəsində baş nazir olmusan. 2017-ci ilin sentyabrında Serj Sərkisyan artıq çantasını toplayaraq qaçmağa hazırlaşırdı. Sadəcə, hakimiyyəti təhvil verməyə adam tapmaq lazım idi, o da səni tapdı. Hakimiyyəti sənə verdi ki, evində rahat otursun”.

Politoloq hesab edir ki, bu gün Ermənistanın daxili siyasətində də biabırçı vəziyyət yaranıb. O, eks-prezident Robert Köçəryanın həbsinə toxunaraq deyib: “Sizdən üzr istəyirəm. Yanılmışam. Demişdim ki, Robert Köçəryanı ay yarım sonra sərbəst buraxacaqlar. Dediyim müddətdən keçib. Bununla belə, fikrimi dəyişməmişəm. Düşünürəm ki, onu yaxın vaxtlarda azad edəcəklər”. Yeğiazaryanın fikrincə, baş nazirin heç bir ideologiyası yoxdur və o, Ermənistanı hansı yana apardığını özü də bilmir: “Dövlətin idarəetmə institutları məhv edilib. Ətrafına savadsız məsləhətçilər toplamısan. Özünə savadlı məsləhətçi tap və ondan bu institutların işə salması yollarını öyrən”.

Erməni ekspert Viqen Akopyan isə deyib ki, Ermənistan hər vəchlə Azərbaycanla danışıqlar aparmadığını təkzib edir, ancaq Azərbaycan tərəfi bunun tam əksinə olaraq, danışıqların getdiyini təsdiq edir. Ekspert bildirib ki, böyük güclər Nikol Paşinyanın reytinqi aşağı düşmədən Qarabağ müharibəsini tənzimləməyə çalışır. “ABŞ tərəfi Azərbaycan və Ermənistan liderlərinin son görüşləri barədə geniş məlumat vermək istəyini bilir və buna uyğun hərəkət edir. Con Bolton öz “Tvitter” səhifəsində Ermənistanla Qarabağ münaqişəsini müzakirə etmədiyini, Azərbaycanla müzakirə etdiyi barədə yazdığı əksmütənasiblik daşıdğını göstərir. Bu, bir daha Ermənistan tərəfinin danışıqların detallarının gizli qalmasında maraqlı olduğunu göstərir”, – o qeyd edib. V. Akopyan bəyan edib ki, bəzi vasitəçilər Ermənistanın yeni rəhbərliyinə beynəlxalq təzyqilər olacağı təqdirdə, münaqişənin həlli ilə bağlı qeyri-populyar qərarlar qəbul edəcəyini Bakıya təlqin edirlər: “Bəlli olmayan konsepsiyalar əsasında əhalini sülhə hazırlayırlar. Sülhə o zaman hazırlaşırlar ki, ortada hansısa sənəd var”. Avropa.info-nun xəbərinə görə, ekspert onu da bildirib ki, Paşinyan və onun tərəfdarları Qarabağ münaqişəsinin həllində Levon Ter-Petrosyan konsepsiyası əsasında hərəkət edir.

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov “Yeni Müsavat”a dedi ki, Paşinyanin bəyanatları daxili siyasi əks etdirir: “Bu baxımdan Paşinyanın mövqeyi iki hissədən ibarətdir. Yəni özünün baxışları və daxili siyasət. Bu baxımdan son görüşlər olmadan real analitiklər deyirdilər ki, onun sülhə meylli olması mümkün deyil. İndi biz görürük ki, bu, doğrudan da belədir. Amma indi təzə bir məsələ ortaya çıxıb. Son bəyanatı onu göstərir ki, Paşinyan ümumiyyətlə, danışıqların perspektivi ilə bağlı çox mənfi fikirdədir. Yəni onun “ərazilər əvəzinə sülh mümkün deyil” sözləri bunu göstərir ki, Ermənistanın strategiyası tam dəyişib. Qabaqlar deyirdilər ki, Dağlıq Qarabağ ətrafında olan əraziləri onlar sülhə, yaxud statusa dəyişmək niyyətindədirlər. İndi isə Ermənistanın hökumət başçısı açıq-açığına bəyan edir ki, işğal altındakı torpaqların hamısı anneksiya olunmalıdır. Yəni bunlar danışıqlar mövzusu deyil, birmənalı Ermənistana birləşməlidir, ya da birinci mərhələdə müstəqil olmalıdır, ikinci mərhələdə Ermənistana birləşmə. Təbii ki, onun bu açıqlaması çox vacibdir. Çünki ondan qabaq – Köçəryan və Sərkisyana məxsus – taktika ki, var idi, Paşinyan həmin taktikanın məzmununu ortaya çıxarıb və açıq şəkildə ortaya qoyur. Yəni biz işğal olunmuş torpaqların hamısını gec və ya tez Ermənistana birləşdirmək niyyətindəyik”.  

T.Zülfüqarov hesab etmir ki, N.Paşinyan rəqiblərinin təzyiqləri qarşısında geri çəkilib: “Mən bu məsələnin Ermənistan tərəfindən analiz olunmasının tərəfdarı deyiləm. Burada müxtəlif səbəblər var . Amma əsas səbəb ondan ibarətdir ki, onlar qatı millətçi, işğalçı, anneksianist bir siyasət həyata keçirirlər. Hansısa mərhələdə qabağa çıxan daşnaklar, ya digərləri olacaq, fərqi yoxdur. Lakin əsas məsələ Azərbaycanın bu bəyanata reaksiyasıdır. Faktiki olaraq qonşu dövlətin hökumət başçısı birmənalı şəkildə Azərbaycana qarşı iddialarını açıq şəkildə irəli sürdü. Odur ki, buna cavab heç də XİN-in sözçüsü səviyyəsində ola bilməz!”

Eks-nazir deyir ki, N.Paşinyanın bəyanatının ciddiliyini nəzərə alaraq, Azərbaycan Milli Məclisdə bu məsələyə aid geniş müzakirələr olmalıdır: “Azərbaycanın bu bəyanata aid mövqeyi birbaşa XİN səviyyəsində öz həmkarlarına çatdırılmalıdır. Özü də məktub şəklində yox, birbaşa səfərlər yolu ilə onların rəyini bilmək lazımdır ki, artıq Paşinyanın dedikləri Minsk Qrupunun mandatından birmənalı imtina olunmasına gətirib çıxarır. İndi müzakirə mövzusu Minsk Qrupunun mandatı çərçivəsində deyil. Yəni vasitəçilər bu məsələyə aid öz mövqeyini bildirməlidir və bunun əsasında Azərbaycan qərara gəlməlidir: biz onların vasitəçiliyini qəbul edirik, ya yox? Faktiki olaraq bu bəyanat onu göstərir ki, Minsk Qrupunun vasitəçiliyi iflasa uğrayıb”.

T.Zülfüqarov belə bir vəziyyətdə fevralda nazirlər səviyyəsində keçirilməsi gözlənilən Münhen görüşünə də ehtiyac qalmadığını vurğuladı: “O görüşdə nəyi danışacaqlar? Dövlət başçısı deyir ki, biz Azərbaycan ərazilərini azad edən deyilik, onda biz nəyin barəsində danışacağıq? Əslinə qalsa, Azərbaycanın istəyi işğal olunmuş ərazilərin sülh yolu ilə azad olunmasından ibarətdir.  Amma Paşinyan deyir “yox, azad etməyəcəyəm”. Bundan sonra daha danışıqlar üçün heç bir mövzu qalmır. Şəxsən mən Azərbaycanın mövqeyini əsas götürərək danışılacaq mövzunu görmürəm. Əgər belə bir mövzu yoxdursa, danışıqlar nəyə lazımdır?”

Azərbaycan XİN Paşinyanın bəyanatına sərt reaksiya verib. Lakin hələlik rəsmi Bakının növbəti görüşlə bağlı mövqeyi bəlli deyil.

Həmçinin oxuyun

Əli Kərimlinin “təbliğat maşını” necə xarab oldu? – Prezident köməkçisinin bir yazı ilə qoyduğu nöqtə

Müxalifətçilik demokratik dövlət idarəçiliyin çoxsaylı şərtlərindən biridir. Demokratik inkişaf yolunu tutan, bu yöndə ardıcıl və …