Cümə , Dekabr 4 2020
Ana səhifə / Siyasət / Tofiq Zülfüqarov Aslan İsmayılova cavab verdi: “Şəxsiyyətimi müzakirə etməyə ehtiyac yoxdur”

Tofiq Zülfüqarov Aslan İsmayılova cavab verdi: “Şəxsiyyətimi müzakirə etməyə ehtiyac yoxdur”

“İlk növbədə onu qeyd etmək istəyirəm ki, bu diskussiyanın yaranmasının təşəbbüskarı mən deyiləm. İsmayılovun mövqeyi ondan ibarət olub ki, Sumqayıt hadisələri guya ermənilər tərəfindən təkbaşına həyata keçirilib. Mən verilişdə dedim ki, ermənilər də bu hadisələrin törədilməsində iştirak ediblər, amma bunun təşkil olunması və həyata keçirilməsinin əsas təşkilatçıları SSRİ DTK-sı və Silahlı Qüvvələrinin Baş Qərargahının Kəşfiyyat İdarəsinin agentura şəbəkəsi idi”.

Bunu Teleqraf.com-a açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib.

Martın 1-də İctimai Televiziyanın efirində yayımlanan “Diqqət mərkəzi – Yekun” proqramında və ondan sonra sosial şəbəkədəki hesabında hüquqşünas Aslan İsmayılovun səsləndirdiyi fikirlərə münasibət bildirən Tofiq Zülfüqarov deyib ki, onun fikirlərini diskussiyada iştirak edən təhlükəsizlik orqanlarının keçmiş əməkdaşı, Milli Məclisin deputatı Arzu Nağıyev də təsdiqləyib:

“O da bildirdi ki, agentura şəbəkəsi Sumqayıt hadisələrindən qabaq şəhər yaxınlığındakı müxtəlif yerlərdə yerləşdirilib və bu hadisələrin törədilməsində, belə deyək, həlledici rol oynayıb. Mən verilişdə dedim ki, əsas səbəbkarları hamı tanıyır. Təəssüf ki, bunları bilə-bilə bizim bununla təbliğat aparanlar həqiqətin üzə çıxmasına imkan vermirlər. Hətta dedim ki, buna bənzər hadisələr Türkiyədə də olub. Vaxtilə erməniləri Osmanlı imperiyasına qarşı üsyana qaldıranlar arasında Rusiya ilə yanaşı Fransa da olub. Bununla bağlı Fransa xüsusi xidmət orqanlarının, XİN-in arxivləri indiyədək məxfi qrif altında saxlanılır. Yəni, bu baxımdan Sumqayıt hadisələrinin təbliğində təbliğatın yeni, müasir üsullarından istifadə olunmalıdır. Amma Aslan müəllimin emosiyası bir qədər çox oldu. Mən buna çox da fikir vermədim. Yəni, hər kəsin öz fikri ola bilər. Amma sonra gördüm ki, sosial şəbəkələrdə bu və ya digər şəkildə bu məsələyə cəlb olunmuş insanlar müxtəlif fikirlər səsləndirirlər. Tofiq müəllim Azərbaycan dilində mükəmməl danışa bilmir və sair. Bəli, hər kəsin olduğu kimi mənim də nöqsanlarım var. Söhbət bundan getmir. Mən hesab edirəm ki, mövzu haqqında diskussiya aparmaq lazımdır”.

T.Zülfüqarov deyib ki. “Feysbuk”dakı diskussiyaya hansısa kənar təsirlərin olduğunu görüb:

“İnsanlar müxtəlif fikirlər söyləyirlər. Mən o zaman məcbur oldum digər mərhələyə keçim və deyim ki, bəs Aslan İsmayılov prokuror qismində həmin proseslərdə iştirak edib. O deyir ki, bir prosesdə olmuşam. Yaxşı, inanaq ki, bir prosesdə olub. Ortaya sual çıxır, yaxşı, məhkəmə prosesi zamanı nəyə görə SSRİ DTK-sının və Silahlı Qüvvələrinin Baş Qərargahının Kəşfiyyat İdarəsinin agentləri, onların rolu üzə çıxarılmır? Deməli, ya iş prosessual baxımdan düzgün aparılmayıb, ya da qəsdən gizlədilib. Başa düşürük ki, sovet dönəmində bu mövzuları ictimailəşdirmək çətin idi. Demək olar ki, qorxulu idi. Mən bunu başa düşürəm və Aslan müəllimi heç də bu məsələdə ittiham etmirəm.

Yaxşı, 30 il keçəndən sonra bu məsələləri olduğu kimi deməyə bəlkə haqlı olarıq axı…

Deməliyik ki, bu hadisələri nəyə görə törədiblər. Məqsəd ondan ibarət olmuşdu ki, ermənilərdə Azərbaycan xalqının simasında düşmən obrazı yaradılsın. Bu o qədər vacib bir hədəf idi ki, öz insanlarını, yəni erməni xalqından olan insanları qurban verdilər. Eduard Qriqoryanın bu hadisələrdə iştirakı buna sübutdur. Yəni, mən Sumqayıtda baş verən hadisələrin sadə, “yenidənqurma” dövründən qalmış köhnə tezislər əsasında təhlil olunmasının tərəfdarı deyiləm.

Gərək, bu hadisələr dərindən təhlil olunsun. İctimaiyyət orada nələrin baş verdiyini dəqiq bilməlidir”.

Keçmiş nazir “Sumqayıt hadisələri ilə bağlı hər bir istintaq işi DTK, yoxsa Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilirdi?” deyə sual edib:

“Bunu Aslan bəy yaxşı bilər. Əgər DTK tərəfindən həyata keçirilirdisə, orada ciddi nəzarət edən prokuror olmalı idi. Yəni, burada incəliklər var. Doğrusu mən gözləyirdim ki, Aslan bəy bunları açacaq. İctimaiyyətə heç olmasa 30 ildən sonra həqiqəti danışmaq həm o qədər təhlükəli deyil, həm də aktualdır. Yəni, söhbət bundan gedir. Amma doğrusu, mən gözləmirdim ki, sosial şəbəkələrdə mənim ünvanıma qeyri-obyektiv tənqidlər səsləndirəcək. Mənim şəxsiyyətimi müzakirə etməyə ehtiyac yoxdur. Gəlin, mövzunu müzakirə edək. Düzdür, yoxsa yox? Ümumiyyətlə, bir şeydən xoşum gəlmir. Diskussiya olanda gəlin arqumentləri ortaya qoyaq. Ay “filankəs bəstəboydur”, “filankəsin Azərbaycan dilində səhvləri var” kimi məqamlar ikinci dərəcəli məsələdir. Mövzudan danışın. Aslan bəy, siz bu iş üzrə dövlət ittihamçısı olmusunuz. Yəni, siz bu hadisələrin təşkil olunduğunu görməmisiniz? Ən azı təbliğat baxımından burada Azərbaycan xalqının özünün qurbana çevrildiyini görmürsünüz? Siz ittiham olunan insanları nəzərə almırsınız. Bu yanaşma ümumiyyətlə, bizim bir xalq olaraq imicimizə böyük ziyan vurur. Bunu təşkil edən dairələrin kim olduğu açıq-aşkar bildirilməməlidir? Yoxsa, “Aqanbekyan belə dedi”, ““Azərittifaq”da bir erməni var idi, pul yığırdı” və sair kimi arqumentlər indiki zamanda təbii ki, ən azı inandırıcı deyil”.

T.Zülfüqarov sonda deyib:

“Mən hesab edirəm ki, Aslan İsmayılov təcrübəli bir insandır. Mən demirəm ki, o, həmin vaxt bu hadisələrin DTK tərəfindən törədildiyini niyə deməyib? Onu ya öldürərdilər, ya da başına başqa bir gələrdi. Bunu hamı başa düşür. Amma indi vaxtı çatıb, gəlin həqiqəti danışaq. Doğrudanmı, Sumqayıt hadisələrini təkcə ermənilər edə bilərdilər? Təbii ki, yox. Bunu hamı başa düşür. Hətta verilişdə iştirak edən Arzu müəllim də açıq deyir ki, xüsusi agentləri Sumqayıt yaxınlığında yerləşdiriliblər və sair. Bunlar bəlli şeylərdir. Biz gərək təbliğatı bunun əsasında quraq. Yoxsa Aqanbekyanın Fransada etdiyi çıxışın əsasında qurmaq düzgü deyil axı… Mənim fikrim bundan ibarətdir. Şəxsən mən Aslan müəllimə qarşı heç bir sözə deyə bilmərəm və demək istəmirəm. Amma diskussiya diskussiyadır. Hər kəsin öz mövqeyi var. Doğrusu, mən onun diskussiyaya bu cür münasibət bəsləməsinə və mənə qarşı çıxışlarının həddən artıq emosional olmasına təəccüb etdim”.

Qeyd edək ki, vəkil Aslan İsmayılov sosial şəbəkədəki hesabında keçmiş xarici işlər naziri Tofiq Zülfüqarovun İctimai Televiziyadakı proqramda səsləndirdiyi fikirlərlə bağlı tənqidi material yerləşdirib.

Həmçinin oxuyun

Türkiyə səfirliyindən şəhidlərimizlə bağlı paylaşım

Azərbaycan torpaqlarının bütövlüyü uğrunda canlarından keçmiş 2783 qardaşımızı rəhmətlə anırıq. Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin …