Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Tofiq Yaqublu bu gün həbsxanaya qayıdır

Tofiq Yaqublu bu gün həbsxanaya qayıdır

Qızının vaxtsız ölümü ilə bağlı 7 günlüyə azadlığa buraxılan Müsavat başqanının müavini Tofiq Yaqublu bu gün yenidən həbsxanaya qayıdır. Günorta saatlarından sonra vicdan məhbusunun azadlıq müddəti bitir.

Tofiq Yaqublu azadlığa buraxıldığı müddətdə ölkəmizin bir sıra siyasi qurumları, tanınmış ictimai-siyasi xadimlər onun əfv edilməsi üçün ölkə prezidentinə müraciət ediblər. Parlamentin son iclasında bəzi deputatlar da başqan müavininin azad edilməsinin vacibliyini vurğulayıblar.

Tofiq Yaqublunun vəkili Nemət Kərimli onun əfv ediləcəyinə ümid etdiyini söylədi: “Sabah (bu gün-red.) günortaya qədər vaxt var. Göründüyü kimi, hələ də o, əfv olunmayıb. Çox ümid edirəm. Humanist addım atılacağına çox inanıram”.

Milli Məclisin son iclasında çıxışında başqan müavininin azadlığa buraxılması məsələsinə toxunan iqtidaryönlü deputat Zahid Oruc Azərbaycan hakimiyyətinin belə anlarda daim humanist mövqe sərgilədiyini bildirdi: “Parlamentdə bu məsələyə toxundum. Qeyd etdim ki, Azərbaycan dövləti indiyə qədər siyasi mənsubiyyətindən asılı olmayaraq, bir çox insanlara, xüsusilə həyatlarında müxtəlif faciələr yaşayan insanlara qarşı humanizm mövqeyini nümayiş etdirib.

Bu siyasətin xarakterinə güvənərək, eyni zamanda həbsinin milli cinayət olmadığını, gənc övladının itkisinin ağır faciə olduğunu, azadlıqda olmasının yüngülləşdirici amil olacağını qeyd edərək, bildirdim ki, Tofiq Yaqublu əfv ediləcək. Paralel şəkildə onu da qeyd etmək lazımdır ki, hər bir bu cür əfv amnistiyadan fərqli olaraq, müstəsna qaydada dövlət başçısının səlahiyyətindədir. Həm də hüquqi prosedurlara tabedir.

Bildiyimiz qədər bir neçə təşkilat Tofiq Yaqublunun azad olunması üçün prezidentə müraciət edib. Bunlar çox önəmlidir. Bu məsələnin dəyərləndirilməsi üçün yəqin ki, müraciətlər Əfv Komissiyasında da var. Ölkə başçısı hər zaman konstitusiyanın verdiyi hüquqlardan istifadə edərək, siyasi baxışlarından asılı olmayaraq, müalicəyə ehtiyacı olan, başqa ciddi problemləri olan şəxslərə humanizm mövqeyi sərgiləyib.

Düşünürəm ki, Tofiq Yaqublunun əfvi həqiqətən də onun yaşadığı ailə dramını dövlətə qarşı çevirənlərə əfvin necə olacağını göstərəcək. Bəlkə onun özünə, dünyagörüşünə də təsir göstərərdi. Onun ailəsinin gələcəyi üçün təskinlik nümunəsinə də çevrilərdi. Bu baxımdan parlament üzvü olaraq, Tofiq Yaqublunun əfv edilməsinə tərəfdar olduğumu bildirmişdim”.

Həmçinin oxuyun

Həmməruzəçi: “Azərbaycanı AŞPA-da görmək istəyirik, amma…”

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına (AŞPA) qayıtması üçün Nazirlər Komitəsində danışıqların getdiyi bildirilir. Bu barədə …

Bir cavab yazın