Çərşənbə , İyun 16 2021
Ana səhifə / Siyasət / Ter-Petrosyanın tarixi etirafları: Azərbaycan Ermənistanı necə məğlub edib – DETALLAR

Ter-Petrosyanın tarixi etirafları: Azərbaycan Ermənistanı necə məğlub edib – DETALLAR

Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan erməni mediasına (1Lurer informasiya agentliyinə) geniş müsahibə verib və bir sıra etiraflar edib.

Ter-Petrosyanın tam obyektiv danışdığını söyləmək də olmaz. O, etiraf etmir ki, Qarabağı işğal edib, 30 il əsarətdə saxlamaları yanlış siyasət olub, məhz bunun nəticəsində Ermənistan blokdaya, indiki acınacaqlı duruma düşüb. Amma bununla belə, etiraf edir ki, ötən dövrdə Azərbaycan doğru siyasət aparıb və beləcə Ermənistanı yenib. O, real geosiyasi vəziyyətin, böyük güclərin maraqlarının, hələ 90-cı illərin ortalarındna başlayaraq iqtisadi və hərbi güc baxımından üstünlüyün Azərbaycanın xeyrinə tamamən dəyişdiyini vurğulayır.
Eyni zamanda Azərbaycanın bölgədə yaratdığı yeni vəziyyəti diqqətə çatdırır, Ermənistanın uçurumun astanasında, vətəndaş müharibəsi ərəfəsində olduğu dilə gətirir.

Bir incə məqam da ondan ibarətdir ki, Ter-Petrosyan məhrum Prezident Heydər Əliyevin, Prezident İlham Əliyevin ağıllı, düşünülmüş və uzaqgörən siyasət həyata keçirdiklərini və bunun nəticəsində zamanın bütün şərtləri Azərbaycanın xeyrinə dəyişdiyini dilə gətirir…
Jurnalistin “Nəyə görə biz məğlub olduq?” sualına Levon Ter-Petrosyan belə cavab verir: “Biz ona görə məğlub olduq ki, zamanın axışını dərk edə bilmədik. Zaman siyasətdə ən vacib faktordur. Bir anda edəcəyimiz bir hərəkəti, digər bir anda etməyə zəmanət yoxdur. Biz bu anı dərk etdik, lakin hakimiyyət başa düşə bilmədi. Yəni, bu yığılmış strateji problemdir və bunu sən qalib tərəf olanda həll etməliydin. Yəni, qalib olduğumuz müddətdə bizə təklif edilən güzəştlərlə çox şey qazanmaq olardı. Əgər 90-cı illərdə təklif edilən mərhələli həll varinatına belə getsəydik, indi bizim xalq xöşbəxt olardı”.

Ter-Petrosyan qeyd edir ki, o, mərhələli həll varinatına razı olub: “Bu varianta əsasən, biz Laçın və Kəlbəcəri Azərbaycan tərəfinə qaytarırdıq, Laçın dəhlizi bizdə qalmaq şərti ilə. Bu dəhliz minimum 22 km olmalı idi, indiki 4 km kimi deyil. Bu, onunla razılaşdırılırdı ki, Qrad raketinin zərbəsi yola çatmasın. 22 km dəhlizlə sovet dövrünün DQMV sərhədləri daxilində və DQ-ın gələcək statusu ətrafında danışıqlara başlamalı idik. Ərazi bütövlüyü məsələsi həll edildikdən sonra, biz keçirdik Qarabağın müstəqil tərəf kimi tanınması məsələsinə, yəni Ermənistan-Azərbaycan-Qarabağ bərabər tərəf kimi. Minsk qrupunun həmsədrliyi altında xüsusi komissiya yaradılmalı idi və bu üç ölkənin razılığı əsasında, Qarabağın müqəddəratı həll edilməli idi. Qarabağın da qəti səsi vardı. Qarabağ münaqişənin tənzimlənməsi prosesindən kənarda qaldı. Mərhələli həll variantında Qarabağın Azərbaycanın tərkibində qalmasından heç bir söz olmayıb…
Qarabağ uzun müddət təminatlı olardı, sülhməramlı qüvvələrin nəzarəti altında. Qarabağın inkişaf etməsi üçün imkan yaranacaqdı. Bütün Avropada sərhəd məfhumu yoxdur. İnkişaf etmiş ölkələrdə sərhədin önəmi yoxdur”…

                                                    ***

Burada bir haşiyə çıxaq: Mümkündür ki, L.Ter-Petrosyan nələrisə düz demir, hansısa faktları özünü duruya çıxarmaq, xələflərini aşağılamaq, gözdən salmaq üçün danışıqların detallarına dair müxtəlif yalan məlumatlar da yayır.
Ancaq ortada bir həqiqət var: Azərbaycanın Qələbəsindən sonrakı günlərdə danışıqlar prosesində iştiak etmiş və ya detalları bilən siyasi xadimlər, sabiq məmurlar bildirdilər ki, danışıqlarda Şuşanın qaytarılması məsələsi yox idi.

şuşa.jpg (55 KB)

Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin əmri altında Şuşanı qayalardan dırmanaraq, böyük şücaətlər göstərərək işğaldan azad edib! Ümumiyyətlə isə 2-ci Qarabağ savaşında Azərbaycan ən maksimum mümkün olanı, hətta müharibənin gedişində bəzən mümkünsüz görünənləri əldə edib. Ən əsası və ən vacibi, mühümü isə odur ki, status məsələsi gorbagor olub, bundan artıq heç bir söhbət də gedə bilməz…
     

                                                    ***

Ter-Petrosyan Ermənistanın indiki çıxılmaz duruma düşməsinə görə Serj Sarqsyan və Robert Koçaryanı da ittiham edir.
Sitat: “Sarkisyan deyir ki, bütün təklifləri Azərbaycan tərəfi rədd edib. Robert Koçaryan fikirləşməli idi ki, nəyə görə Azərbaycan tərəfi rədd edirdi. Deməli, Azərbaycan əmin idi ki, zaman onun xeyrinə işləyir. Həmin insan bu adi məsələni dərk edə bilmədi. Burada siyasi fikir yoxdur. Əgər problemin varsa gərək qarşındakının fikirlərini biləsən. Gördünüz ki, zaman Azərbaycanın xeyrinə işlədi. İqtisadi baxımdan Azərbaycan gücləndi, Ermənistan isə zəiflədi, müasir ordu yaratdı, bizim ordu isə miqrasiya səbəbindən kiçildi. Gizli olan məsələlər var ki, onlardan danışmıram, indi bizim ordunun sayı 90-cı illərdəkindən azdır. İndi nəyə ümid edirlər. Koçaryan və Sarqsyan, hətta Vazqen Sarqsyan bunu dərk edə bilmədilər ki, zaman məfhumu var. Hitlerin ən böyük səhvi o idi ki, o, Sovet İttifaqının üstünə mayda hücum etmək planlaşdırırdı, lakin Yuqoslaviyada yaranan vəziyyət onu bir ay gecikdirdi. Noyabrda güclü qar olduğundan, Moskvaya çata bilmədi. Zaman faktoru dünyaların dəyişməsinə səbəb ola bilər”.
Levon Ter-Petrosyan deyib ki, balans çox sadə vəziyyətdə dəyişdi, özü də Azərbaycanın xeyrinə: “Balans 97-98-ci illərdə pozuldu. Azərbaycanda Beynəlxalq neft konsorsiumu yarananda…”

Sabiq prezident bildirib ki, həmin vaxtlardan sonra Azərbaycan tərəfi güzəşt tələb edən bütün razılaşma variantından imtina edib: “Artıq onlar dərk etmişdilər ki, zaman onların xeyrinə işləyir və haqlı da çıxdılar. Ermənistan isə uduzdu”…
Jurnalist bu yerdə maraqlı bir sual verir: “Əgər siz əmin idinizsə ki, bu qərar taleyüklü olacaq, nəyə görə uzaqlaşdınız, çünki ölkənin gələcəyi həll edilirdi”. O, özünü bacarıqsız göstərməmək üçün humanist qiyafəainə girərək, belə cavab verir: “Əgər uzaqlaşmasaydım, Ermənistanda vətəndaş müharibəsi başlaya bilərdi”.

Əslində isə özü-özünü təkzib edir: Bir tərəfdən etiraf edir ki, Azərbaycan rəhbərliyinin apardığı uğurlu siyasət, bunun nəticəsi olaraq da enerji, regional təhlükəsizliklə bağlı dünya ilə əməkdaşlığa görə zaman bütün parametrlər üzrə rəsmi Bakının xeyrinə işləyirdi. Bəli, bu belə idi. Zamanı geriyə çevirmək, Azərbaycanın inkişafının qarşısını almaq isə Ter-Petrosyanın da gücü çatacaq məsələ ola bilməzdi…
“Keçmişin ən vacib dərsi hansıdır ki, biz ondan yararlanmalıydıq?” sualına cavabını Levon Ter-Petrosyanın cavabı belədir: “Reallıq. Dənizdən-dənizə Ermənistan, Kürdən-Araza respublika xəyallarından əl çəkmək lazımdır. İnsan hakimiyyətə gəldiyində bilməlidir ki, Ermənistanın vəziyyəti necədir, qonşuları ilə hansı problemləri var, hansı xarici çağırışlarla üzləşir və realist yollarla bu problemləri həll etməyə cəhd etməlidir. Xəyallar qurmaq yetkin olmayan cəmiyyətlərə xasdır. Böyük dövlətlər ətrafında nəhəng institutlar, analitiklər, araşdırıcı təşkilatlar işləyir və hər bir detala diqqət yetirilir. Yəni, siyasi addımlarının xeyir və ziyanlarını müqayisə edirlər. Dövləti idarə etməyə qadir olmayan insanlar hələ düşüncə tərzinə uyğunlaşmayıblar…

Qarabağlıların (Qarabağ ermənilərini nəzərədə tutur-red.) etdiklərini də qeyd etmək istərdim, əlbəttə, əgər Ermənistan icazə verməsəydi bunu etməzdilər. Bütün azad olunmuş əraziləri DQMV-in tərkibinə daxil etdilər. Bu əsl aqresiya idi. Qarabağın özünü təyin problemi bir yana, lakin heç vaxt Qarabağın tərkibində olmayan rayonları zəbt edib, azad etdilər”…
Burada həqiqət payını danmaq olmaz. Ter-Petrosyan başa düşür ki, Ermənistanın bundan sonra daim regionun lider dövləti olan Azərbaycana qarşı hər hansı ərazi iddiası, işalçılıq siyasəti davam edərsə, bir dövlət, xalq kimi mhvə məhkumdurlar. Reallıq budur və bunu Azərbaycan yaradıb! Öz ağıllı siyasəti, praqmatik yanaşmaları ilə.
L.Ter-Petrosyan bir mühüm məqamı da etiraf edib. Belə iddialar vardı ki, Koçaryanın Rusiya ilə əlaqələri dərindir, onun vasitəsi ilə nələrsə ola bilər. Ancaq Ter-Petrosyan açıqca deyir ki, Rusiyanın Ermənistanda bir təmas qurduğu bir insan var, o da ölkənin baş naziri Paşinyandır: “Mənim əlaqələrim var, səfirlə görüşürəm, Robertin Moskva ilə daha çox əlaqələri var. Nə mənə, nə də Koçaryana heç nə demirlər, bu gün Ermənistana cavabdeh olan Nikol Paşinyandır, ona deyirlər. Təbii ki, Paşinyana deyilənlər Qarabağda, bu regionda edəcəkləri planlarla bağlıdır. Paşinyanın başqa problemi var, o hətta başa düşmür ki, ruslar nə demək istəyirlər”.

Bu hissədə Ter-Petrosyan Paşinyanı hətta aşağılayır, onu dərketməzlikdə suçlayır. Hansı ki, əvvvəl etiraf etmişdi ki, zamanın diqtəsini nə özü anlayıb, nə Koçaryan, nə də Sarqsyan. İndi Paşinyanı niyə anlamaz adlandırır, maraqlıdır…

Jurnalistin “Bu gün əsirlərimiz, qurbanlarımız var, onlar bizim sərhəd bölgəsində qərarlaşıb. KTMT-yə müraciət etmişik, konkret cavab yoxdur. Lavrov delimitasiya və demarkasiya təklif edib. Parlament seçkilərində seçildikdə nə edəcəksiniz?” sualına cavabında Petrosyanın siyasi idarəçiliyə can atdığını sezmək mümkündür: “Ola bilsin ki, Nikola nə isə deyirlər, lakin dərk etmir. Konkret fikir söyləmək üçün danışıqlarda iştirak etməliyəm. Hazırda hər bir namizəd öz platformasını sərgiləyir. Bizim layihəmiz çox qısa, lakin məzmunludur. Bu gün dövlət maşını dağılıb, idarəçilik sıfır dərəcəsindədir. 91-ci ildə biz belə vəziyyətlə üzləşmişik. Yerli icra orqanları, polis sistemi də yox vəziyyətində idi. Nə büdcə, nə də maliyyələşmə var idi, məhkəmələr də işləmirdi. Bun1ların işi ancaq müxalifətin mitinqlərini pozmaq, təxribat aparmaqdır. Sünikdəki hadisə də Nikola qarşıdır. Koçaryanın qərargahına hücumlar edilir. Bu seçkilər ola bilsin ki, vətəndaş müharibəsinə də sövq edə bilər. Müxalifət və iqtidar ölüm- olum savaşı qarşısınadırlar. Parlament respublikası bizim üçün uçurumdur. Serjin ən böyük səhvi bu idi. Yetişkin olmayan dövlətlərdə parlament üsullu idarəçiliyi bəladır”…

Son dediklərindən belə anlaşılır ki, Ter-Petrosyan əslində özü də Ermənistanda dövlət çevrilişinin, dövlət quruluşunun dəyişməsində maraqlıdır. Görünən və etiraf olunan budur ki, Ermənistan düşündüyümüzdən də ağır durumdadır və Azərbaycanın bölgədə yaratdığı reallıqlarla uzlaşmasalar, qarşıda onu vətəndaş müharibəsi, daha acınacaqlı tale gözləyir…

Bəli, Azərbaycan liderinin uğurlu siyasətinin, dünya ilə ağıllı, enerji layihələrində çevik və praqmatik davranışlarının nəticəsi Qarabağ Zəfəri ilə yanaşı, bölgəni yenidən şəkilləndirir. Düşmən ölkənin sabiq prezidenti L.Ter-Petrosyan da dolayısı ilə bunu etiraf etmək məcburiyyətində qalıb. Musavat.com

Həmçinin oxuyun

15 iyun şifrələri: Ərdoğan niyə məhz bu tarixdə Şuşaya səfər edir… – ŞƏRH

Heydər Əliyevin 1993-cü il iyun ayının 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi tarixə Milli …