Bazar ertəsi , Oktyabr 19 2020
Ana səhifə / Siyasət / “Ter-Petrosyanı məcbur etdim ki, Qarabağın Azərbaycan ərazisi kimi tanındığı sənədi imzalasın…”

“Ter-Petrosyanı məcbur etdim ki, Qarabağın Azərbaycan ərazisi kimi tanındığı sənədi imzalasın…”

İşğalçı, daşnak xislətli, separatçı ermənilər son günlər  yenə də beynəlxalq səviyyədə fəallaşmış kimi görünür. Qondarma separatçı-terrorçu rejimin üzdəniraq mənsubları xarici səfərlər edir, görüşlər keçirir, hətta ABŞ Konqesi binasında çıxışlar edir, 2020-ci ildə Azərbaycanın işğal altındakı torpaqlarında qanunsuz “seçkilər” keçirməyə hazırlaşırlar…
Mövzu ilə bağlı Moderator.az əməkdaşına açıqlama verən Azərbaycan Respublikasının ilk prezidenti Ayaz Mütəllibov bunları söyləyib:
“Ermənilər ara-sıra Qarabağda və xaricdə müxtəlif tədbirlər, o cümlədən xarici səfərlər, görüşlər keçirir, qanunsuz “seçkilər”  və s. təşkil etməyə çalışırlar ki, diqqəti özlərinə cəlb edib guya Dağlıq Qarabağdakı rejimin “müstəqil dövlət” kimi tanınmasına nail olsunlar. Halbuki, beynəlxalq qanun və prinsiplər prizmasıdan yanaşsaq,  istər bu günədək Qarabağda keçirilmiş və 2020-ci ilə planlaşdırılan qanunsuz “seçkilər”, istərsə də Masis Mailyan deyilən birisinin “xarici işlər” qurumunun rəhbəri kimi  ABŞ-a səfəri, Konqres binasındakı çıxışı və s. heç bir hüquqi, yaxud siyasi əhəmiyyət, məna kəsb etmir. Bu baxımdan mövcud beynəlxalq durumda separatçı erməni rejiminin dünya birliyi tərəfindən tanınmaq şansı sıfıra bərabərdir və bu sevdaları   baş tutmayacaq. Çünki hələ 1991-ci il dekabrın 21-də SSRİ-nin süqutunun rəsmən elan edilməsindən az sonra baş tutan  Almatı sammitinin qərarını hazırkı Paşinyan “inqilabı”nın mənəvi-ideoloji “atası” olan o vaxtkı Ermənistan prezidenti Levon Ter-Petrosyan özü  Dağlıq Qarabağı müstəqil Azərbaycan Respublikasının tərkib hissəsi kimi qəbul edərək imzalayıb. Yəni mən onu siyasi-diplomatik yolla Qarabağı Azərbaycan ərazisi kimi tanımağa məcbur etdim. Və bundan sonra bütün beynəlxalq sənədlərdə, o cümlədən BMT-də də Dağlıq Qarabağın Azərbaycan ərazisi olması faktı de-yure öz əksini tapıb. Özü də ermənilərin birbaşa öz imzasıyla… Bu yaxınlarda Azərbaycan  XİN mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva həmin sənədi əsas tutaraq bildirdi ki, Ermənistanın heç özünün də Dağlıq Qarabağı tanımağa ixtiyarı yoxdur.  Çünki özləri bu torpağın Azərbaycanın ərazisi olduğunu sübut edən sənədə imza atıblar.  Bunun əksini etsələr, dünyada biabır olarlar… Və odur ki,  indi erməni siyasətbazlarının durub orda-burda müəyyən aksiyalar-filanlar keçirməsi siyasi meymunluqdan, şoudan savayı bir şey deyil… 
Düzdür, Azərbaycanın Xarici İşlər Nazirliyi Ermənistanın və onu dəstəkləyənlərin belə tədbirlərinə lazımi reaksiyasını verir.  Təbii ki, düşməni cavabsız qoymaq olmaz… Və biz,  dəfələrlə dediyim kimi, daxildə  birliyimizi, həmrəylimizi qorumaqla, iqtisadiyyatımızı, ordumuzu daha da gücləndirməklə tezliklə torpaqlarımızın işğaldan azad edilməsinə nail olmalıyıq ki, oradakı bütün tədbirləri, o cümlədən seçkiləri də özümüz qanuni şəkildə keçirək…”

Həmçinin oxuyun

“Uzun illərdir Minsk Qrupu danışıqlarda mənasız vasitəçiliklə məşğuldur” – Təbriz Musayev

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan partiyasının Şırnakda keçirilən 7-ci qurultayında Azərbaycanın torpaqlarını azad etməsi uğrunda …