Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / “Telefonları söndürün, şüalar xətər yetirir” mesajı Bakını bir gecədə bürüdü

“Telefonları söndürün, şüalar xətər yetirir” mesajı Bakını bir gecədə bürüdü

Şayiənin yayılmasına səbəb nə idi; Kənan Rövşənoğlu: “Kimlərsə cəmiyyətin həssaslığını yoxlaya bilər”

Sentyabr ayının 5-də əhali arasında mənbəyi məlum olmayan xəbərdarlıq mesajı yayılıb. Mesajda gecə saatlarında güclü kosmik qasırğa olacağı, bununla bağlı əhalinin telefonları söndürməyinin vacib olduğu qeyd edilir. A24.az saytı mövzu ilə bağlı azərbaycanlı fizik Yalçın İslamzadənin münasibətini öyrənib. Fizik aşağıdakıları deyib: “Dəqiq proqnoza görə gecə 00.30-04.00 Ay yerə həddən artıq yaxınlaşdığına görə, Yer planetində güclü kosmik fırtına, şüalanma olacaq. Məsləhət həddən artıq çox ciddidir, telefonlar 00.30-00.04-ə qədər söndürülməlidir, şüalar telefonlar vasitəsiylə böyük xətər yetirir. Telefonları söndürün, xəbəri yayın”.

Bütün hallarda həmin xəbərdarlığı alan, almayan, gec alan, alıb da əhəmiyyət verməyənlər oldu. Və gördüyünüz kimi, “telefon vasitəsilə yetirilən böyük xətər” gerçəkləşmədi. Necə deyərlər, hər kəs sağ və salamatdır, şüalanma nəticəsində səhhətindən şikayət edənlərə rast gəlmirik. O zaman nədir bu kütləvi panikanın səbəbi?

“Yeni Müsavat” xatırladır ki, zaman-zaman cəmiyyətdə bu sayaq şayiələr yayılır. İnsanlar hansısa təsdiqlənməmiş, heç bir etibarlılığı olmayan xəbəri bir-birinə ötürürlər və bununla da cəmiyyətdə təşviş yaranır. Məsələn, 2012-ci il, 22 dekabrın dünyanın sonu olacağı ilə bağlı şayiələr bir neçə ay gündəmi məşğul etdi, insanlar təlaşlandı. Bunun bəzi sektorlarda alverin güclənməsinə səbəb olduğu və məqsədli şəkildə dünyanı bürüdüyü deyilirdi.

Bəs bu dəfə yayılan şayiə-xəbərdarlığın arxasında nə dayanırdı? Ənənəvi olaraq “bu, masonların bir oyunudur” deyib, işin içindən çıxmağa çalışacağıq, ya necə?

Ekspert Kənan Rövşənoğlu “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, telefonlara göndərilən sözügedən mesaj çox sürətlə yayıldı və ciddi təsir yaratdı. Onun fikrincə, bu, həm də indiki sosial şəbəkələrin güclü olduğu bir zamanda baş verirdi: “Lakin hər halda burada bir texnologiya tətbiq olunduğu sezilir. Sanki kimlərsə cəmiyyətin həssaslığını yoxlamağa çalışdı. Adətən bunu böyük əməliyyatlar öncəsi, yaxud da hansısa eksprementlərlə bağlı edirlər. Məşhur bir hadisə var. İranda İslam inqilabı baş verdikdən az sonra Bakıda qədim məhəllələrdən birində divarda 12-ci İmamın görünməsi ilə bağlı şayiə yayıldı. Səhv eləmirəmsə, divarda rəsmini gördüyünü iddia edirdi. İnsanlar arasında bu xəbər güclü təsir doğurdu. Ancaq sonradan ortaya çıxan versiyaya görə, bu şayiə Bakıda ”nəbz yoxlaması” olub. Bunu da sovet KQB-si həyata keçirib. Məqsəd isə İranla qonşu müsəlman ölkəsində 12-ci İmama münasibəti, yəni İran inqilabına reaksiyanı yoxlamaq olub. Çünki 12-ci İmam İran inqilabının əsas mərkəzində dayanan müqəddəs dini şəxsiyyətdir. Bununla sovet xüsusi xidməti azərbaycanlıların dolayısı ilə İran islam inqilabına reaksiyasını yoxlamağa çalışıblar”.

K.Rövşənoğlu xatırlatdı ki, həmin vaxt Güney Azərbaycanda da hərəkətlənmələr olurdu və burda sovet kəşfiyyatının rolu vardı. Onun sözlərinə görə, sovetlər inqilabın müsəlman Azərbaycanına yayılmasını bu şəkildə yoxlamağa çalışıblar: “Son vatsapp mesajları da hardasa cəmiyyətin bu cür xəbərlərə reaksiyasını, onun yayılma gücünü yoxlamaq cəhdinə bənzəyir. Kimlərsə cəmiyyətin həssaslığını yoxlaya bilər”.

Həmçinin oxuyun

ABŞ-dən Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaya REAKSİYA

“ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır”. Bunu ABŞ Dövlət Departamentinin mətbuat …

Bir cavab yazın