Bazar ertəsi , Oktyabr 26 2020
Ana səhifə / Siyasət / Tehran zirvəsinin iqtisadi nəticələri

Tehran zirvəsinin iqtisadi nəticələri

Xəbər verdiyimiz kimi, noyabrın 1-də Tehranda Azərbaycan prezidenti İlham Əliyev, İran İslam Respublikasının prezidenti Həsən Ruhani və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin üçtərəfli zirvə görüşü keçirilib.

Ölkə rəhbərlərinin zirvə sonrası açıqlamalarından məlum olur ki, görüş zamanı daha çox regional iqtisadi əməkdaşlıq məsələləri, o cümlədən Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri ilə bağlı işlər müzakirə olunub. İran prezidenti çıxışında “Şimal-Cənub” nəqliyyat dəhlizinin əhəmiyyətindən danışaraq bu yolun Azərbaycan və Rusiyadan keçməklə Avropaya qədər uzanacağını deyib.

Prezident İlham Əliyev isə ölkələr arasında iqtisadi əlaqələrin inkişaf etdiyini, bu il Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsinin 60 faizdən çox, İranla isə 30 faizdən çox artdığını bildirib.

Rusiya prezidenti də görüşdə əsasən iqtisadi məsələlərin diqqət mərkəzində olduğunu deyib. “Şimal-Cənub” nəqliyyat dəhlizinin artıq test rejimində işlədiyini deyən Vladimir Putin  bu marşrutun öz səmərəliliyini artıq nümayiş etdirdiyini vurğulayıb.

Bundan əlavə, prezidentlərin görüşündə Bakı-Tiflis-Qars dəmiryolunun fəaliyyətə başlaması da müzakirə olunub. Qeyd olunub ki, bu xətt digər xətlərə alternativ deyil, əksinə yeni imkanlar yaradır.(APA)

Tehranda keçirilən üçlü zirvənin iqtisadi yekunlarını “Yeni Müsavat”a şərh edən Milli Məclisin üzvü Vahid Əhmədov görüşün iqtisadi nəticələrinin yüksək olacağı qənaətindədir: “Bilirsiniz ki, zirvə görüşündən bir gün qabaq Azərbaycanın regional əhəmiyyətli layihəsi olan “Bakı-Tiflis-Qars” dəmiryol xətti istifadəyə verildi. Heç kimə sirr deyil ki, İranın və Rusiyanın bu xətt ilə daşımalara qoşulması çox mühüm əhəmiyyət kəsb edir. Həm Azərbaycan üçün, həm də o dövlətlərin özləri üçün. Həm Rusiyanın, həm də İranın məhsullarının dünya bazarına bu marşrutla çıxarması bu 2 dövlət üçün də əlverişlidir. Məndə olan məlumata görə, zirvə görüşündə əsas müzakirə mövzularından birini bu məsələ təşkil edib. Çox yüksək səviyyədə müzakirələr aparılıb.”

Millət vəkili deyir ki, Rusiya BTQ-yə qoşulmaq fikrindədir: “Məndə olan məlumata görə, Rusiya bu xətlə yükdaşıma imkanından istifadə etmək istəyir. Əvvəllər fikir vardı ki, bu xətt Rusiyaya qarşı yönəlmiş layihədir. Amma indi bu fikir dəyişib, müzakirələr daha çox Rusiyanın marşrutdan istifadə etməsi yolları barədədir. Yəni Bakı-Tiflis-Qarsın artıq reallıq olduğunu qəbul edərək ondan bəhrələnmək yolları axtarırlar”.

V.Əhmədovun sözlərinə görə, Tehran zirvəsində Azərbaycanın regional tranzit qovşağına çevrilməsi istiqamətində mühüm həlqə olan Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı müzakirələr də yüksək səviyyədə keçib: “Bilirsiniz ki, İran ərazisində də dəmiryol xətti tikilir, Azərbaycan buna vəsait də ayırııb. Bu iki xəttin bir-biri ilə əlaqələnməsi yaxın gələcəkdə Azərbaycan üzərindən yükdaşımaların dəfələrlə artmasına gətirib çıxaracaq. Cənab İlham Əliyevin İran prezidenti ilə görüşü zamanı Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı məsələlər də müzakirə olunub, onun mümkün qədər tez işə salınması məsələsində mövqelərin üst-üstə düşdüyü qeyd olunub. Bütün bunları nəzərə alaraq, Tehran zirvəsinin Azərbaycan üçün çox yüksək iqtisadi nəticələrinin olacağını söyləyə bilərik.”. (Musvat.com)

Həmçinin oxuyun

Deputat: “Ermənistanda bədbəxtlik hələ bundan sonra başlayacaq”

Ermənistan KİV-lərində yayılan məlumatlarda bu ölkədə müharibə aparılan dövrdə kəskin bahalaşmanın yaranması öz əksini tapmaqdadır. …