Bazar , Noyabr 29 2020
Ana səhifə / Siyasət / Tanış ssenarili Qarabağ filmi – Biz 93-də necəydiksə, ermənilər 2020-də elədirlər

Tanış ssenarili Qarabağ filmi – Biz 93-də necəydiksə, ermənilər 2020-də elədirlər

Biz bu filmi bir dəfə görmüşük. Epizodları o qədər tanış gəlir ki… Az qala necə bitəcəyini də bilirik.

Ermənistan ordusunun indiki halı ordumuzun 1992-93-cü illərdəki halını xatırladır. O zaman biz ordu quruculuğuna yeni başlamışdıq, vahid komandanlıq yox idi. Müharibənin yükü könüllü batalyonların üzərində idi. Ancaq onlar nə qədər rəşadətlə döyüşsə də, vahid komandanlığın, səriştəli zabitlərin olmaması, təchizatın zəifliyi, effektiv silahların çatışmazlığı öz sözünü deyirdi və biz mövqelərimizi ard-arda itirirdik.

Bu gün Ermənistan o gündədir. İndi də onlarda vahid komandanlıq yoxdur, səriştəli zabitlər çatışmır. Zabitlər uzun illər Qarabağın sərin bulaqlarının başında, dərin bunkerlərinin isti bucağında arın-arxayın şəkildə yeyib-içib yatıblar, elə hesab ediblər ki, buralar artıq onlara qalıb. Bir də ayıldılar ki, dron başlarının üstündə uğuldayır.

22.png (202 KB)

O zamanlar biz itki verdikcə döyüşdə fərqlənənlərə kütləvi şəkildə “milli qəhrəman” fəxri adı verir və müxtəlif orden-medallarla təltif edirdik. Çünki onlar özlərindən qat-qat güclü düşmənlə mübarizə aparır, ciddi müqavimət göstərir, qəhrəmanlıq edir, şəhid olurdular.

İndi erməni döyüşçülər özlərindən qat-qar güclü orduya müqavimət göstərirlər, amma çox dirəşə bilmirlər, yüzdə doxsanı qəhrəmanlıq-filan da etmir, sadəcə, necə, haradan vurulduqlarını bilmədən qırılırlar. Amma Ermənistanın və onun Qarabağdakı oyuncaq vassalının rəhbərliyi dövlət təltiflərini, yüksək rütbələri sağa-sola paylayır ki, sağ qalan döyüşçülər ruhdan düşməsinlər.

_114228339_9896d36d-f4f7-408f-b48a-0858aa04f080.jpg (57 KB)

Ermənistanın baş naziri Nikol Paşinyanın arvadı Anna Akopyanın və digər ictimai-siyasi fəal qadınların “qadın batalyonu” yaradaraq Qarabağa döyüşə gəlmək təşəbbüsü, indiki gənclərə olmasa da, 92-93-də yaşamış insanlara tanış gəlməlidir. O vaxtlar bizdə də belə bir təşəbbüs qaldırılmış, qadın batalyonu yaradılmışd və bu, mediada geniş işıqlandırılmışdı. O qadınlardan bir çoxu şücaətli döyüş yolu da keçdi.

Qarabağın erməni icmasının özünü “prezident” adlandıran lideri Araik Arutyunyanın bunkerdə əshabələri ilə birlikdə oturarkən əlində tapança yellədərək, “Şuşa gedərsə, başına güllə vuracağı”nı anons etməsi də adama tanış gəlir. Bizdə də birbaşa və təxminən bu cür fikirlərlə çıxış edənlər vardı. Biz də Şuşanı “qeyrət qalası”, “Qarabağın baş tacı”, “Azərbaycanın gözü” adlandırır, “əldən vermərik” deyirdilk. Amma verdik. Fərq ondadır ki, ermənilərin bu cür iddiaları tam əsassızdır. Şuşanın ermənilərə, dünya erməniliyinə bir misqal dəxli yoxdur.

32.png (394 KB)

1992-93-də Qarabağa döyüşə göndərmək üçün Bakıda, digər şəhərlərimizdə tələbələrin səfərbər edilməsi, küçələrdə “oblava” aparılaraq, əsgər yaşlı kişilərin avtobuslara doldurulub birbaşa cəbhəyə yola salınması vaqiələri, yəqin ki, çoxlarının yadından çıxmayıb. Hazırda Ermənistanda eyni vəziyyətdir. Onlar gənclərin bir çoxunun “qeyrət damarı”na basıb qızışdıraraq, cəbhəyə yola salırlarsa, bir xeylisini də zorla, çığırda-çığırda avtobuslara doldurub döyüşə, əslində labüd ölümə göndərirlər.

1993-cü ildə biz həbsxanalarda yatan dustaqların bir xeylisini, onların könüllü şəkildə döyüşmək istəklərini nəzərə alaraq, azadlığa buraxmış və ön cəbhəyə göndərmişdik. İndi də ermənilər orduda baş alıb gedən hərc-mərcliyə, kütləvi fərariliyə, əsgər çatışmazlığıına görə Ermənistan türmələrində cəza çəkənləri öz arzularıyla həbsxanalardan cəbhə xəttinə göndərir.
O vaxt bizdəki dustaqların əksəriyyəti cəbhə xəttinə çatdıqdan, ilk döyüşə girdikdən sonra qaçıb aradan çıxmışdılar. Ermənilər də elə edəcəklər.

1993-cü ilin əvvəlində briqada komandiri Surət Hüseynov hərbi birləşmələrimizi “taktiki geri çəkilmə” adıyla ön mövqelərdən geri çəkmişdisə, hazırda ermənilərin polkovniklərinin bəziləri də elə edir, geri çəkilirlər. Onlardan hansının buna məcbur olduğu, hansının xəyanət etdiyi sonralar Irəvanda araşdırılacaq.

Bir sözlə, biz təcrübəsizlikdən 1992-93-cü ildə Qarabağ cəbhəsində hansı səhvləri buraxmışdıqsa, indi də eyni səhvləri ermənilər təkrarlayır.

55.jpg (8 KB)

Buraya hətta geosiyasi şəraiti almadığımızı, müttəfiqsiz qaldığımızı da əlavə etmək olar. Elə ermənilər də ən yaxın müttəfiqinin tutarlı himayəsindən məhrum olmuş durumdadırlar.

Biz 93-cü ildə necə ağır hərbi zərbə aldıqsa, belə görünür ki, ermənilər də bənzər, hətta daha ağır zərbə alacaqlar. Başqa variant görünmür.

Hələlik müqayisəni natamam edən bir şey var – Ermənistanda daxili siyasi hərc-mərcliyin olmaması. Baş nazir Paşinyanı istefaya çağıranlar olsa da, bu, kütləviləşmədi. Əslində isə bizə onun hakimiyyətdə qalması sərf edir. Bunu da yaxın gələcək göstərəcək.

Xalid KAZIMLI

Həmçinin oxuyun

Pravoslav kafedral kilsəsinin keşişi: “Əgər bir insan müqəddəs yerləri dağıdırsa, ona insan demək mümkün deyil”

Torpaqlarımızın azad olunacağı günü çoxdan gözləyirdik. Çox xoşbəxtik. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandana təşəkkür …