Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / “Tamerlan Qarayev ölkəni zibilləməkdən başqa nə edib ki…”

“Tamerlan Qarayev ölkəni zibilləməkdən başqa nə edib ki…”

Bir neçə gün öncə tanınmış jurnalist Sevinc Osmanqızı Azərbaycanın İndoneziyadaki səfiri Tamerlan Qarayevi sərt tənqid edərək onu alçaq adlandırıb: “Mənim Tamerlan Qarayevlə bir deyil, bir neçə müsahibəm olub. Bu söhbətlərdə məni ən çox təsirləndirən onun Tofiq İsmayılov barədə dediyi sözlər olub. O, hər dəfə inandırmağa çalışıb ki, vertolyot faciəsinin günahkarı elə Tofiq İsmayılov olub – bilib ki təhlükəli yerə gedir, səhlənkarlıq edib, gedib, özü də ölüb. Hayıf Tofiq İsmayılovun Tamerlan Qarayevə cavab vermək imkanı yoxdur. Olsaydı, bəlkə ona deyərdi ki, biz igid, mərd olmuşuq, sənsə – alçaqsan!!”.
Moderator.az məlum Qarakənd faciəsində həyatını itirmiş Azərbaycanın ilk dövlət katibi Tofiq İsmayılovun qızı Səbinə İsmayılova ilə həmsöhbət olaraq, Tamerlan Qarayevin ittihamlarına cavab axtarmağa çalışıb.
– Səbinə xanım, atanız Tofiq İsmayılovun son gedişini, ümumiyyətlə həmin günləri necə xatırlayırsınız, gedəndə nəsə dedimi, nəyisə, kimisə tapşırdımı? 
– Həmin gün noyabrın 19-u mən günorta institutdan çıxıb atamın iş yerinə getmişdim. Atam da hava limanına Ayaz Mütəllibovu yola salmağa gedirdi, məni evdə düşürtdü, yolda dedi ki, çantamı yığın, sabah səhər Qarabağa gedəcəyik. Atamı elə axırıncı dəfə həmin maşında görmüş oldum. Evə gəlib necə yatmışdımsa… Axşam oyananda bərk yağış yağırdı, işıqlarımız da sönmüşdü, nə qədər çalışdılarsa işıqları yandırmaq mümkün olmadı.  Anama dedim ki, bəs bilirsənmi atam sabah Qarabağa gedir. Anam əsəbləşdi, dedi ki, yaxşı özüm danışaram atanla.  Sonra mən qardaşımgilə, anam isə xalamgilə getdi. Atam da onlara gəlmişdi, anam orada demişdi ki, mən də səninlə gedirəm. Atam əsəbləşmişdi ki, kişilərin içində nə işin var sənin, həm də səhər gedib saat dörddə qayıdıram. Ancaq anam həmin gecə çox narahat olmuşdu, 30 ildə heç vaxt olmadığı kimi. Həmin səhər ilk dəfə atamı yola salmağa belə qalxmamışdı, atamı xalam yola salmışdı. Sonra sürcüsü deyirdi ki, maşına minə-minə gözü balkonda qalmışdı, sanki gözləyirdi ki, siz gəlib onu yola salasınız. Anam da o qədər pis olmuşdu ki, indi də ona görə özünü bağışlamır.
– Təxminən belə bir hadisəni mərhum general Məhəmməd Əsədovun xanımı da danışmışdı…
– Görün necə qəribə hadisəydi ki, neçə ailədə eyni vəziyyət yaranmışdı. Gecədən işıqlar belə yanmadı, sanki xəbərdarlıq idi, yağış elə yağırdı ki, elə bil yer-göy ağlıyırdı. Həmin günün səhərisi  də işıqlar düzəlmədi. Rəhmətlik Emin Sabitoğlu ailəmizin yaxın dostu idi. Xədicə xanımla xalamgilə gəlmişdi. Anam məni Xədicəylə evimizə göndərdi ki, evdəki xörəkləri gətirək və atam gələndən sonra da axşama xalamgildə yığışaq. Saat beşə işləmiş anam köməkçiyə zəng vurdu ki, bəs bunlar harda qaldılar, ancaq o da bir söz demədi. Az keçmədi ki, bizə zənglər gəlməyə başladı, amma heç kim heç nə demirdi, hamı müəmmalı danışırdı. Gəlinimizin rəhmətlik anası dedi ki, deyilənə görə İsmət Qayıbovu öldürüblər. Və mən bundan sonra başladım İsmayılı fikirləşməyə, düşünürdüm ki, görəsən İsmayıl atasız neyləyəcək? Axşam televizorda Rafiq Hüseynov həlak olanların adlarını sadalamağa başladı, atamın adına çatanda özümdən getmişdim.
– Sevinc xanım həmin vaxt hadisələri dərk edə biləcək yaşda olmusunuz. Ümumiyyətlə qəfildən Xankəndinə getmək qərarına necə gəldilər, atanızın səfərlə bağlı qorxusu var idimi? 
– Həmin vaxt atam Moskvadan, Qazaxıstandan nümayəndə heyəti dəvət etmişdi, böyük bir iclas keçirilməliydi və həmin iclasda sübut etmək istəyirdi ki, Azərbaycanın heç bir günahı yoxdur. Çox məsuliyyətli insan olduğuna görə gələn qonaqlar üçün həqiqətləri sübuta yetirə bilib-bilməyəcəklərini düşündüyü üçün narahat idi. Atam qorxaq insan deyildi, Allahından başqa heç kimdən qorxmurdu, qorxsaydı Qorbaçovu ayağa qaldırmağa cürət etməzdi.
Bir faktı da danışmaq istəyirəm, bunu bizə atamın dostu danışmışdı, hansı ki, atam aldığı silahları qəbul etməyi ona tapşırmışdı. Mən azı üç ilə yaxın ondan xahiş etmişdim, yalvarmışdım ki, mənə həmin hadisələr barəsində danışsın. O, mənə demişdi ki, Ağdamdan gətirilmiş bir avtobus qadın içəri hücum çəkdi və orada oturanları ittiham etməyə başladılar. Tofiq İsmayılov onları başa salmağa çalışır ki, baxın gəlmişik, hazırda bununla bağlı ciddi iş gedir, Moskvadan, Qırğızıstandan nümayəndələr dəvət etmişik. Qadınlar qışqırırlar ki, siz kişi olaraq burada kabinetdə oturmusunuz, evdə arvadlarınız rahatdır. Ancaq orada ermənilər bizim qadınlarımızın, qızlarımızın başına oyun açırlar. O sözdən sonra atam ayağa qalxıb iki əlini stola vuraraq “hamı vertolyota” deyir. Baxmayaraq ki, atam Moskvada oxumuşdu, orada yaşamışdı, ancaq daxilən çox müsəlman idi, belə şeyləri qəbul edə bilməzdi. Həmin gün İsmət Qayıbov 40 dərəcə qızdırmada olub. Sonradan Ağdam camaatı deyirdi ki, həmin avtobusda gələn qadınların arasında Ağdamdan heç kim olmayıb. Düşünürük ki, həmin o avtobus məsələsi də bir təxribat idi, bəlkə elə həmin qadınların arasında ermənilər də var idi. Bunu qəsdən eləmişdilər ki, oradakılar hamısı kişilərdir və kişilərə psixoloji təsir etmək olar. Tofiq müəllim bilirdi ki, müharibədir və hər hadisə ola bilər. Ancaq Tofiq müəllim qorxaq kişi deyildi ki, ay İsmət, ay Məhəmməd başımıza bir iş gələr, getməyək deyəydi. Müharibə idi və müharibə zamanı da çox şey ola bilərdi. Atam Qarabağ məsələsinə görə həyəcandan, stressdən şəkərli diabet xəstəliyi belə qazanmışdı, ancaq heç nə onu geri çəkilməyə məcbur edə bilməzdi. O, lap əvvəldən Azərbaycan üçün əlindən gələni etməyə çalışıb, nəinki Qarabağ məsələsində.
Atam hələ 1975-ci ildə çalışırdı ki, Azərbaycanda aerokosmik agentliyin qurulmasına nail olsun.  Dostlarından biri ona xəbər çatdırır ki, ermənilər bununla bağlı Moskvaya öz sənədlərini təqdim etməyə hazırlaşırlar. Atam o zaman bunu mərhum Heydər Əliyevə çatdırır və bildirir ki, ermənilər bizdən qabaq aerokosmik stansiya yaratmaq istəyirlər. Heydər Əliyev də gecəylə bu aerokosmik stansiyanı açıb atamı da ora direktor təyin etdi. Deməyim odur ki, atama hələ o vaxt Heydər Əliyev kimi böyük şəxsiyyət inanıb, 40 yaşı olmasına baxmayaraq etimad göstərərək vəzifə verib. Bir alim kimi, vətənpərvər insan kimi atama böyük inam var idi. Düzdür, atam siyasətçi deyildi, onu fakt qarşısında qoydular. Bilirdilər ki, deputat olsa sakit durmayacaq, problemlərin həll olunması üçün əlindən gələni edəcək və onun kimi deputat Azərbaycana lazım idi. Ona görə də Naxçıvandan onu deputat seçdilər, vaxtilə babam Naxçıvanda işləyib və təmiz ad qoyub. Elə oğlu da özü kimi təmiz insan oldu, yaxşı ad qoydu.
– Tofiq İsmayılov kimi bir atanı itirmək sizə necə təsir etdi, özünüzdə necə toxtaqlıq tapa bildiniz? 
– Atama çox bağlı övlad idim, onunla nəfəs alırdım. Atamın ölüm xəbəri gələndə qardaşım Moskvadaydı, mən də  gəlinimizlə qardaşımgildəydim. Məni evə gətirəndə özümü 12-ci mərtəbədən atmaq istəyəndə tutub saxlamışdılar. Yeddisi çıxandan sonra atam yuxuma girdi, mənə dedi ki, mən sənə ağlamağa icazə vermirəm, ağlama! Atamın ölümündən sonra da sözü mənimçün qanun oldu, bir qədər sakitləşdim. Ancaq indinin özündə də hər gün atamı axtarıram, hər gün özümə deyirəm ki, mən niyə yaşayıram, bu ailə üçün, millət üçün neyləyə bildim axı, heç nə. Ancaq atam qalsaydı, millət üçün çox şey edərdi. Allaha qurban olum, alırdısa, elə mənim canımı alardı, atam yaşayardı. Və həmişə də bu sözü deyəcəyəm.
Atam rəhmətə gedəndən sonra təklif etdilər ki, onun kabinetini muzey edək. Anam dedi ki, mən ora girə bilmərəm, ancaq mən razılaşdım. Ora işə-gedib gəldikcə qapıda duran nəzarətçilərdən tutmuş bütün işçilərə qədər hər kəs atamı hörmətlə anırdı, haqqında çox xoş sözlər danışırdılar. Nəzarətçilər deyirdilər ki, atan maşını qapıda salxayıb kabinetinə piyada gedirdi və hər kəslə bir-bir salamlaşıb probleminin olub-olmadığını soruşurdu. Bir-bir problemləri yerindəcə həll edə-edə otağına qalxırdı.
Atam rəhmətə gedəndə qardaşım da, mən də ailə qurmuşduq. Mənim artıq dörd aylıq qızım da var idi. İnanın ki, gecə saat ikidə işdən gəlməsinə baxmayaraq özü uşaqla maraqlanırdı, bələyini açırdı. Anama deyirdi ki, 18 il də yaşayıb bunun toyunu eləsəm rahat ölə bilərəm…
– Səbinə xanım, istərdik ki, Tamerlan Qarayevin atanız Tofiq İsmayılov haqqında səsləndirdiyi ittihama da münasibət bildirəsiniz. 
– Birinci növbədə Tamerlan Qarayev Tofiq İsmayılov haqqında nəsə deyəndə fikirləşsin ki, Tofiq müəllim kim olub, Tamerlan kimdir. Tofiq müəllim dünya şöhrətli alim, akademik,  millətini sevən, vətənpərvər insan idi. Elə onu vəzifəyə də məhz bu xüsusiyyətlərinə görə təyin etmişdilər, o, vəzifə dalınca qaçmamışdı. Tofiq İsmayılov 20 yanvar hadisələrinə görə Qarbaçovu ayağa qaldıranda, Yazovu ittiham edəndə Tamerlan Qarayev harada idi? Tamerlan həmin hadisələrdən sonra heç Azərbaycanda tapılmır, indiyədək də qaçmaqdadır.
İkincisi, məlum qəzadan sonra bibim Tamerlan Qarayevin yanına getmişdi və soruşmuşdu ki, bəs sən niyə onlarla vertolyota minmədin? Bibimə demişdi ki, onda Tofiq müəllim mənə silahları qəbul etməklə bağlı tapşırıq vermişdi. O vaxt atam dövlət katibi kimi ilk (həm də sonuncu) maaşını almışdı və həmin pulu ailəsinə, övladlarına xərcləməyib, ölkə üçün silah almışdı. Tamerlan Qarayev də bunu bilirdi və bibimə də cavabı belə olmuşdu ki, həmin silahları qarşılamaq üçün vertolyota minməyib.  Ancaq Tofiq müəllim ona elə bir tapşırıq verməmişdi, atam silahları qarşılamağı öz işçisi və yaxın dostuna tapşırmışdı və elə silahları da həmin şəxs qəbul edib paylamışdı.
Tamerlan Qarayev həmin hadisədən sonra hər il noyabrın 20-si qəbir üstünə gəlirdi, ancaq anam onu görəndə üzünü çevirirdi, imkan vermirdi ki, o insan bizə yalandan başsağlığı versin. Çünki biz bilirdik ki, Tamerlan Qarayev həmişə bu ittihamı səsləndirir. Günlərin birində atamın bir tələbəsi mənə zəng vurdu və xahiş etdi ki, mən anamı razı salım Tamerlan Qarayev gəlib anamla danışsın. Başa salsın ki, onun bu işdə əli yoxdur. Anam dedi ki, mən bir dəfə demişəm və ömrümün sonuna qədər də deyəcəyəm ki, Tamerlan Qarayev indiyə qədər Tofiq İsmayılovun adını çox çəkib, ancaq bundan sonra Tofiqin də, onun ailəsinin də adını çəkməsin. O vaxt Tamerlan Qarayev ANS kanalında bu ittihamı səsləndirdi və biz çox əsəbiləşdik. Kanala nə qədər zəng vursam da düşə bilmədim, deyəm ki, Tamerlan Qarayev dediyini sübut eləsin. Ümumiyyətlə ilk növbədə həmin vertolyotun qara qutusunun cavabını versin. Həmin vertolyotun qara qutusunu Tamerlan Qarayevin əlinə verib Moskvaya aparmağı tapşırmaq olardımı ki? Axı bu, biabırçılıq idi. Tamerlan indiyə qədər bütün cəbhələrə işləyib, ancaq hələ də qara qutunun cavabını verməyib, 25 ildir hələ də qara qutu axtarırıq…
Tamerlan Qarayev oturub fikirləşsin və görsün ki, Tofiq müəllimin vətəni üçün etdiyinin zərrə qədərini olsa belə milləti, ailəsi üçün edibmi? İstər alim kimi, istərsə də canını vətən yolunda qurban vermiş bir şəhid kimi. Tamerlan Qarayev ölkəni zibilləməkdən, onun-bunun evini yıxmaqdan, kiminsə başına oyun açmaqdan başqa nə edib ki. Atasına görə ona əl vurmurlarsa, atasına görə ona yaşıl işıq yandırıblarsa, bu o demək deyil ki, Tofiq İsmayılovu söyməlidir. İnanın ki, bizim tanımadığımız  insanlar belə atam üçün, o vertolyotda həlak olanlar üçün ağlayır, heyfslənir. Ancaq Tamerlan Qarayevin və onun dedikləri ilə bağlı sosial şəbəkələrdə yazılan bəzi statusları oxuyub deyirəm ki, heyif mənim atamın və minlərlə insanın bu vətən, millət yolunda tökülən qanından. Bu millətin arasında murdarlar da çox imiş və gör kimlərə görə canınınızı qurban vermisiniz.
– Bundan sonra nə etməyi düşünürsünüz, hansı addımı atmaq fikrindəsiniz?
– İndiyə qədər heç kim ondan tələb etməyib ki, dediyini sübut etsin, ona görə də o danışmaqda davam edib. Sevinc Osmanqızı sağ olsun ki, bunu ictimailəşdirdi, bu mənim çoxdankı arzum idi. İstəyirdim ki, millətimiz bu ittihamı yenidən eşitsin və Tamerlan Qarayev də bu ittihamın dalında durub bunu millətə sübut eləsin. İndi biz Tofiq İsmayılovun ailəsi olaraq tələb edirik ki, Tamerlan Qarayev dediyi sözün dalında dursun, atam haqqında dediyini sübut etsin. Bizə cavab versin ki, o, Tofiq İsmayılovun bilərəkdən ölümə getdiyini haradan bilirdi? Tofiq İsmayılov kamikadze idimi ki, ölümə gedirdi və o qədər insanı da özüylə ölümə aparırdı? Həmin vaxt anamın 45, qardaşımın 23, mənim 19 yaşım var idi, Tofiq müəllim ən azından ailəsi üçün yaşamalıydı, milləti üçün yaşamalıydı, alim kimi yaşamalıydı, siyasətçi kimi yeni tanınırdı və yaşayıb xalqına xidmət etməliydi. Atam həyatsevər idi, çox işləsə də evə girən kimi üzü gülürdü, ailəsini sevən, hörmət edən kişi idi. Belə bir problemsiz, ağlı başında, normal ailəsi olan şəxsiyyət  niyə ölümə getmək istəsin axı, həmçinin özüylə bərabər neçə ailə başçısını ölümə aparsın? Yaxşı əgər öz problemi var idisə, bəs camaatla nə işi var idi? Özünü öldürmək istəyirdisə balkondan atardı, dərman içərdi, damarların kəsərdi, yoxsa camaatla nə işi var idi? Tamerlan Qarayev demək istəyir ki, Tofiq İsmayılov millətin oğlu yox, düşməni olub? Belə deməklə orada həyatını itirənlərin ailələri ilə bizi düşmən etmək istəyirmi? Bu insanın məqsədi, istəyi  nədirsə çıxsın açıq şəkildə danışsın, sözünün ağası olsun və bizə bu qənaətə necə gəldiyini başa salsın. Tələbimiz budur ki, Tamerlan Qarayev sübutla, dəlillə bizə cavab versin. Bəlkə əlində Tofiq İsmayılovun səsyazısı və ya hansısa əlyazması falan var, biz bilmirik bunu? Tofiq İsmayılovun qızı olaraq tələblərimizi irəli sürürəm, qoy Tamerlan bizim ailəmizə, eləcə də bütün xalqa cavab versin. Azərbaycana gəlsin, canlı efirə çıxsın, ona suallarımızı verək. Cavab versin ki, o bir avtobus qadın kim idi, nəyə görə vertolyota minmədi, qara qutunu Moskvaya niyə verdi, bizim nümayəndə heyəti niyə Moskvaya getmədi? O vaxt Ayaz Mütəllibov da çox böyük səhlənkarlıq etdi, prezident kimi o işlə bağlı heç nə etmədi. Ona görə də ağıllara müxtəlif şübhələr gəlir. 25 il olacaq ki, həmin insanlar rəhmətə gediblər, ancaq hələ də Milli Qəhrəman adı almayıblar. Mütəllibov onlar öləndən sonra 6 ay prezident kürsüsündə otursa da ad vermədi onlara, sonra da dedi ki, o vaxt milli qəhrəman adı yox idi… Əbülfəz Elçibəy o vaxt Alıyla Fəxrəddinə Milli Qəhrəman adı verdi, ancaq yerdə qalanlarına ayrı-seçkilik etdi.  Biz çox arzulayırıq ki, bu məsələni möhtərəm prezidentimiz də bilsin. Onların vəfatlarının 25 ili tamam olacaq, arzu edərdik ki, cənab Prezidentimiz onlara haqq etdikləri Milli Qəhrəman adını versin. İnanırıq ki, ancaq o zaman Tamerlan kimilərin də ağzı yumular.
– Ümid edirsinizmi ki, Tamerlan Qarayev səhv olduğunu etiraf edər? Belə olarsa bağışlayarsınızmı onu?
– Məqamı gəlib deyə bir hadisəni də danışmaq istəyirəm.  20 yanvar hadisələri vaxtı biz indiki Hökumət Evinin yanında 16 mərtəbəli binada yaşayırdıq. Atam 20 Yanvar hadisələrinin baş verəcəyindən xəbərsiz idi. Düzdür, həmin vaxt deputat idi, müəyyən işlərin dalıyca gedirdi, ancaq faciə baş verəcəyini bilmirdi. Həmin hadisələr başlayanda atam məni gülləyə tuş gəlməmək üçün dəhlizdə uzatdı və dedi ki, sən burada yat. Mən onda ikinci kurs tələbəsi idim, 20 yanvar hadisələrinə görə sessiyamızın vaxtını dəyişmişdilər. Fevral ayı imtahanları verirdik, bir müəllimimiz var idi və imtahana girən hər tələbədən atasının harada işlədiyini soruşurdu. Hansısa deputatın qızının onun tələbəsi olduğunu bilirdi və növbə mənə çatanda dedim ki, Vəkil müəllim, bilirisiniz də atam kimdir, niyə soruşursunuz. Cavab verdi ki, bəs sənin atan bilmirdimi ki, millət qırılacaq. Dedim ki, əgər atam belə bir faciənin baş verəcəyini bilsəydi ölkədən birinci məni çıxardardı, dəhlizdə uzatmazdı. Atam millətini o qədər sevən insandır ki, tankların qabağında özü durardı və millətini qırğına verməzdi. Əlaçı olmağıma baxmayaraq müəllim mənə üç yazdı. Evə gələn kimi məni ağlamaq tutdu, elə bu vaxt atam evə zəng vurdu. Soruşdu neçə almışam, cavab verdim ki, üç. İnanmayıb bir də soruşdu, necə yəni üç, nəyə görə üç. Dedim ona görə ki, mən sənin qızınam. Dedi nə olar, qoy üç olsun, sən mənim qızımsan! Atamın həmin hadisələrdə nə hiss keçirdiyini, nələr etdiyinin şahidi olmuşdum, ancaq onları orada müəllimimə danışmağa ehtiyac görmədim. Həmin hadisədən sonra atam Moskvaya getdi və orada Qorbaçovu ayağa qaldırdı. Bu xəbər yayılandan sonra institutdan dekan zəng vurub dedi ki, Vəkil müəllim sizinlə danışmaq istəyir. Vəkil müəllimlə danışdım, mənə dedi ki, qızım get göndəriş al və gəl sənin qiymətini düzəldim, həmin vaxt əsəbi olmuşam. Atama zəng vurub bunları danışdım, dedi ki, qızım, müəlliminə de ki, mən millətimin qanı ilə beş almıram. Və mən də bunu Vəkil müəllimə çatdırdım. Atam rəhmətə gedəndən sonra Vəkil müəllim institutdakı son günümə qədər hər sessiyamda gəlib mənə deyirdi ki, qızım, qiymət kitabçanı ver mənə, səninlə bərabər gedək imtahana, birdən səni imtahanda kimsə sıxışdırar. Vəkil müəllim zamanında necə bir səhv etdiyini dərk etmişdi və hər imtahanımda mənlə bərabər auditoriyaya girirdi, məni qoruyurdu. Allah Vəkil müəllimə də rəhmət eləsin, mən onu qınamıram, o zaman hamı əsəbi idi, hamı bir birində günah axtarırdı.
Bu hadisəni danışmaqda məqsədim odur ki, insan səhvə yol verə bilər, ancaq səhvini də anlamalıdır axı. Tamerlan Qarayev isə 24 ildir dayanmadan eyni sözü deyir, ancaq səhvini başa düşmür. Belə başa düşürəm ki, atam o qədər yüksək səviyyəli insan olub ki, Tamerlan Qarayev hələ də onun paxıllığın çəkir və bilmir ki, Tofiq müəllimi necə gözdən salmağa çalışsın.
O vaxt biz çox cavan idik, Tamerlan bu sözü ilk dəfə deyəndə qardaşım onun üstünə hücum etmək istədi. Anam xahiş edirdi ki, atanız yoxdur arxanızda, heç kimlə düşmənçilik yaratmayın, özünüzü özünüz qorumağa çalışın. Mən də qardaşımı saxladım, yalvardım ki, anamızdan başqa heç kimimiz yoxdur, onun sözünü eşidək. Biz indiyə qədər öz tərbiyyəmizi göstərib susmuşuq. Yoxsa ki, zəif deyilik, arxasız deyilik, yiyəsiz deyilik, şükür allaha ki, cəmiyyətdə özümüzə görə mövqeyimiz var. Atamıza görə bizə 50 faiz hörmət edirdilərsə, özümüz də çalışıb daha bir 50 faiz hörmət qazanmışıq. Tamerlan Qarayevə də son olaraq demək istəyirik ki, sən sakitləşmirsənsə, biz də daha sakit durmayacağıq.

Həmçinin oxuyun

Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” 

Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın …

Bir cavab yazın