Çərşənbə , Sentyabr 27 2023
Ana səhifə / Siyasət / Tahir Kərimli: “Rasim Balayev mənim deputat seçilməyimin əleyhinə olub…”

Tahir Kərimli: “Rasim Balayev mənim deputat seçilməyimin əleyhinə olub…”

“Rasim Balayevlə şəxsi münasibətlərimin hamar olmamasına baxmayaraq, mən ona haqq qazandırıram. Rasim Balayev mənim deputat seçilməyimin əleyhinə olub, deputat fəaliyyətimlə də bağlı narazılığını bildirib. Amma indi obyektivlik naminə onun dediklərinə heç də pis baxmıram. Əvvəla, Rasim Balayevin nə dövlət, nə də ictimai hansısa vəzifəsi yoxdur ki, o, cəmiyyətin müəyyən kəsiminin istəyini Prezidentə çatdıraydı. Balayevə “İstiqlal” ordeni təqdim olunub, mən də bu münasibətlə onu təbrik edirəm”.

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Kərimli deyib.

Deputat Xalq artisti Rasim Balayevin Prezident İlham Əliyevə “Əsl Babək sizsiniz” deməsinə görə təndiq olunmasına isə belə cavab verib: “Dövlət başçısına minnətdarlığını bu cür bildirib. Onu tənqid edənlər Qarabağın bir kəndini belə almağı xəyal edirdilər. Prezidentin rəhbərliyi ilə Ordumuz şəhid, qazi verərək nə qədər torpaqlarımızı azad etdi. Rasim Balayev böyük sənətkardır. Ona orden verdiyinə görə Prezindentin jestinə qarşılıq olaraq bir kəlmə onu Babəkə oxşatmaqla nə günah edib? Həqiqətən, neçə yüz il idi ki, torpaqlarımızı işğaldan azad etmirdik. Ali Baş Komandan kimi Prezidentin rəhbərliyi ilə qələbəyə nail olduq. Rasim Balayev də fikirlərini bu cür bildirir. Kimsə qatı müxalifətdir, hakimiyyətdən xoşu gəlmir deyə Rasim Balayev də hakimiyyəti pisləməlidir? Bunu doğru hesab etmirəm. Bəlkə də, Rasim Balayev “kütlə” deyəndə xalqa deyil, özünü kütlə kimi aparan qismə xitab edib. Mən belə düşünürəm. Yaxud ehtiyatsızlıq olub. Amma bu, Rasim Balayevin böyük sənətinə heç cür kölgə sala bilməz. İçi mən qarışıq hamımız Nəsiminin, Babəkin obrazları ilə böyümüşük, onların ideyalarını mənimsəyib, özümüzü onlara oxşatmaq istəmişik, yolçuları olmağa çalışmışıq. “Nəsimi”, “Beyrək”, “Babək” deyəndə xalqımızın gözünün qarşısına elə Rasim Balayevin obrazı gəlir. Bu adam dəfələrlə bildirib ki, rol oynamışam, özüm Babək deyiləm. Buna görə də Rasim Balayevə qarşı hücumu qınayıram. Yaxşı hal deyil. Deyəsən, bir çoxları söz tapmırlar, gündəmə belə şeyləri gətirirlər”.

Həmçinin oxuyun

“Azərbaycan heç kimi Qarabağı tərk etməyə məcbur etmir” – Hikmət Hacıyev

“Azərbaycan heç kimi Qarabağı tərk etməyə məcbur etmir”. “Report” xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin …