“Hər kəs Parlamentdəki məlum çıxışıma qulaq assa bilər ki, mən sual etmişəm ki, Xankəndini, Şuşanı alan, ora bayraq sancan 10 milyonluq Azərbaycan xalqının, türk dünyasının başını uca eləyən belə bir insana qarşı müxalifətçilik etməkdə haqlıyammı? Mən bu sualı qoyuram və özüm də cavab verirəm ki, Vətən və Qarabağ məsələsində olmaz! Qalan məsələlərdə isə müxalifətçilik olmalıdır. Mən hüquqşünas ola-ola necə deyə bilərəm ki, müxalifətçilik olmaz, ehtiyac yoxdur müxalifətçiliyə? Bu, sadəcə olaraq, həmin adamın özünün quramasıdır. Tezis kimi ortaya atıb ki, Prezident Aparatı öyrədir ki, İlham Əliyev qarşı, hakimiyyətə qarşı müxalifətçilik olmasın…”
Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini, Vəhdət Partiyasının sədri Tahir Kərimli “Sizin Parlamentdə məlum çıxışınızdan sonra AXCP sədri Əli Kərimli bir neçə dəfə, sonuncu olaraq da Qənimət Zahidə müsahibəsində bildirib ki, “İlham Əliyevə qarşı müxalifətçilik olmamalıdır”- tezisi Prezident mətbəxindən irəli sürülüb”, Siz də guya onu icra edirsiniz? Bu iddia barədə nə deyə bilərsiniz?” sualına cavab olaraq bildirib.
T.Kərimli bildirib ki, müxalifətçilik düşmən mövqedə olmaqla deyil, konstruktiv olmalıdır: “Bəzi müxalifət liderləri müəyyən vasitələrlə özlərini, övladlarını yaxşı həyat tərzi ilə təmin ediblər. Amma Xalq Hərəkatının üzvləri var. Onlar ailələrin saxlamağa, Vətənə xidmət etməkdə çətinlik çəkirlər. Siz onların da qarşısını bloklayırsınız. Olmaz ki, müxalif mövqeyi konsturuktiv edək? Məsələn, Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri vaxtı ilə AXC müşaviri idi. Başqaları da var ki, dövlətə də, ailələrinə də xidmət edirlər. Mən bu məsələni qoymuşam. Bir halda ki, həmin adam özü etiraf edir ki, bizim hakimiyyətə gəlmək imkanımız yoxdur. Yaxşı, onda nə istəyirsən? “Prezidentlə debat istəyirəm”, “Prezident olacağam” və yaxud “Prezident mənim təkliflərimi nəzərə alıb, Qarabağa bayraq taxdı, orda iştirak etdi” kimi fikirlər gülünc görünmür? Bunlar qeyri-ciddi söhbətlərdir və sizə heç ciddi münasibət bəslənilmir. İkincisi, əksinə Prezident Administrasiyası bizə müxalifət partiyaları kimi baxır. Vəhdət Partiyasının Nizamnaməsində “mərkəzçi” mövqeyi var. Biz prinsiplərimizdən heç vaxt geri durmamışıq. Biz heç kəsin adı ilə də alver etmirik. Özlərini bilinmir hansı mərkəzdən öyrədirlər, elə bilirlər, bizi də öyrədirlər. Qeyd etdiyim ki, Prezident Administrasiyası bizi müxalifət kimi görür, Parlamentdə də müxalifət kimi təqdim olunuruq. Necə ola bilər ki, mən özüm mərkəzçi mövqeyi tuturam, müxalifət deyil, amma mənə deyirlər ki, səni öyrədirlər belə danış. Məntiq yoxdur axı burda. Mən özüm nə zaman demişəm ki, mən müxalifət partiyasıyam? Mən demişəm ki, Vəhdət Partiyası mərkəzçi partiyadır. İqtidarın da, müxalifətin də yaxşısına yaxşı, pisinə pis deyir. Mənim çıxışlarımı izləyən hər kəs bilir ki, iqtidarı da tənqid edirəm, müəyyən tələb qoyuram qarşısına, müxalifəti də. Bundan başqa, “avtobus müxalifəti”, “idarə olunan müxalifət” və s. kimi sözlər deyirlər. Mən bu gün də arzu edirəm ki, elə bizi avtobusa yığsınlar, Xankəndiyə, Xocalıya aparsınlar. Necə ki Şuşaya getdik, işğaldan azad olunmuş yerlərə getdik. Necə ki Vətən müharibəsi dövründə hamımız Bəyanat verdik, dövləti müdafiə etdik. Tək Vəhdət Partiyası olaraq 40-dan çox beynəlxalq təşkilatlara Azərbaycan həqiqətlərini çatdırmaqdan ötrü məktublar yazdıq. Hamımızın bu qələbədə zərrə də olsa, payımız olub. Bu nə deməkdir ki, bizi Prezident aparatı idarə edir? Onu deyim ki, Ədalət Vəliyevin rəhbərliyi etdiyi PA-nın Siyasi Partiyalar və qanunvercilik hakimiyyəti ilə əlaqələr şöbəsi yaranandan sonra görün nələr baş verib:
1. Müxalifət partiyalarının nümayəndələri Milli Məclisdə Sədr müavini və Milli Məclisin komitələrində sədr müavinləri olublar, statusları nə qədər artıb.
2. Siyasi partiyalar qərargahla təmin olunub, rahat şəraitləri var.
3. İndi 26 partiya var, partiyaların nüfuzu, dəyəri artıb və artmaqda davam edir.
İndi konsturuktiv əməkdaşlıq var. Ədalət müəllimin rəhbərlik etdiyi şöbədə enerjili gənclər işləyir. Biz görürük ki, onlar nə qədər dövlətçiliyə sədaqətlidir, nə qədər siyasi partiyalara hörmətlə yanaşırlar. Axı orda heç bir inzibati amiranəlik, idarəçilik, partiyaları yönəltmək mövqeyi hiss etməmişəm. Mənim bu qədər yaşım var, gərək mənə kimsə yol göstərə? Özüm bilmirəm? Bunlara yer edir ki, niyə görə xalqın ürəyindən keçən sözləri biz Parlamentdə səsləndiririk, bunlar səsləndirə bilmir. Xalq heç onun hayında deyil ki, Prezident dəyişsin bunlardan biri olsun. Xalqa lazımdır ki, Qarabağ alınandan sonra onların sosial rifahı yüksəlsin, yaxşılaşsın. Bunun üçün biz də çalışırıq. Əksinə, siz də gəlin bir yerdə çalışaq, daha düşmən kimi deyil. Mənim çağırışım bundan ibarətdir. Kimisə aşağılamırıq. Əksinə biz istəyərik ki, müxalifət partiyaları möhkəmlənsin. Ona görə də, belə iddiaları qəbul etmirəm, təəssüf edirəm. Artıq xalq hər şeyi görür. Xalqı təşkil edib, mitinq etmək qabiliyyətini itirən, xalqın hansısa bir narazı kəsiminin istəyinə uyğun özlərini formalaşdıran müxalifət var. Təşəbbüskarlığını itirmiş, arxasınca xalq kütləsini apara bilməyən… Sizin yüz dəfə vədinizdənsə, iqtidar nümayəndəsinin bir dənə adi vədi xalq üçün daha qiymətlidir. Çünki hakimiyyət, iqtidar onların əlindədir. Onlar bunu daha yaxşı edə bilərlər. Biz də onların qarşısında bu tələbləri qoyuruq ki, xalqın rifah halı yaxşılaşsın”.