Cümə axşamı , Dekabr 3 2020
Ana səhifə / Siyasət / “Təşəkkürlər”, Soros, Azərbaycandakı yatmış Şiri oyatdığın üçün!

“Təşəkkürlər”, Soros, Azərbaycandakı yatmış Şiri oyatdığın üçün!

Azərbaycan xalqı Qarabağda tarixi zəfərinə çatmaq üzrədir. XXI əsrin müharibəsini aparan şanlı ordumuz hər gün bu zəfəri bir az da yaxınlaşdırır. Güclü ordusu olan xalq və onun dövləti ilə isə həmişə hesablaşıblar. Bizimlə də hesablaşacaqlar. Başda Ermənistan və havadarları olmaqla. Beynəlxalq hüququ-filanı, haqlı olmağımızı hələ kənara qoyaq.  

İnsaf naminə Vətən savaşına görə bir azca Sorosa da minnətdar olmalıyıq ki, 2 il yarım öncə Ermənistanda Nikol Paşinyan ad-soyadlı bir populist-avantüristi, siyasi hoqqabaz və təlxəyi “məxməri inqilab” yolu ilə iqtidar elədi və onun da bizimlə məzələnməsi səbrimizi daşırdı, və Azərbaycandakı yatmış Şiri oyatdı. Şirin qabağında kim dura bilər ki?  

Şir qabağından qaçan çaqqal-çuqqal sürüsünün, yəni ordu adlandırılan erməni bağıpozuq dəstələrinin, quldur-kriminal birləşmələrinin durumu isə indi ölüm ayağında imdad diləyən yazığın miskin vəziyyətinə bənzəyir. Hərgah, hələlik kapitulyasiyanı etiraf etməyə tələsmirlər. Necə etsinlər? On illərlə “məğlubedilməz ordu” haqda miflə yedizdirdikləri erməni xalqına necə desinlər ki, əslində belə bir ordu-filan olmayıb. İşğalçı ölkənin həm indiki, həm də keçmiş avantürist rəhbərləri bu səbəbə ağızlarına su alıblar. Sanki qurbağa gölünə daş atmısan. 
     
İndi də özlərinə görün nə ilə təsəlli verir, bədbəxt soydaşlarının nə ilə ovundurmağa çalışırlar. Guya ki, Azərbaycan-Türkiyə Ordusu (?!!) blitskriqlə, yəni ildırım sürəti ilə, cəmi 1 həftəyə işğal altındakı torpaqları, Qarabağı azad eləməyi qarşısına məqsəd qoyubmuş, lakin bu plan iflasa uğrayıb. Və guya Dağlıq Qarabağın “özünü müdafiə ordusu”, “arsax igidləri”nin mislsiz dirənişi, qəhrəmanlığı sayəsində bu mümkünsüz olubmuş.

Əlbəttə ki, cəfəngiyatdır. Azərbaycanın hərbi-siyasi rəhbərliyi silahlı qüvvələrimiz qarşısında belə bir vəzifə qoymayıb, qoya bilməzdi. Çünki Dağlıq Qarabağın mürəkkəb relyefi üçün konkret zaman müəyyən eləmək rasional yanaşma olmazdı. İzafi canlı itkiyə nə lüzum? Bizdən ötrü hər bir hərbçinin həyatı qiymətlidir. 1 həftəyə olmasın, ayyarıma olsun. 30 il səbir edən xalq 1-2 ay da edər.

Xoflanmalı, təlaşlanmalı tərəf Ermənistandır ki, Azərbaycandan fərqli olaraq, müharibəni davam etdirməyə faktiki resursu qalmayıb – nə insani, nə də maddi-texniki.

Arayış üçün: erməni iqtisadçılarının hesablamalarına əsasən, müharibənin hər günü işğalçı ölkənin büdcəsinə 30 milyon ABŞ dollarına başa gəlir. Bir aya bu 1 milyard edir. Xatırladaq ki, Ermənistanın 2020-ci il üçün ümumi büdcəsi 4 milyarddır. Yəni bizim hərbi büdcəmiz qədər. Hərbi büdcəsi isə – cəmi 600 milyon dollardır. İndi özünüz müqayisə edin, vurun, çıxın, bölün. Görün bu izqoy ölkə Azərbaycanla müharibədə daha nə qədər duruş gətirə bilər, əgər müharibənin bir ayı ona 1 milyard dollara başa gəlirsə, əgər 40 günlük döyüşlərdə artıq 2 milyard dollarlıq hərbi-texnika, silah-sursat itiribsə…

Odur ki, blitskriq söhbətinə və iddiasına yağlı bir quş. Əsas odur, rəşadətli ordumuz bu müddətdə permanent şəkildə irəli gedib və gedir.

İkincisi, diqqət edildisə, erməni tərəfi Türkiyənin, hələ üstəlik, Pakistan və Əfqanıstandan olan mifik muzdlu dəstələrin də adını hallandırır ki, erməni ictimai rəyində guya qarşı tərəfin hansısa nəhəng beynəlmiləl hərbi birləşmələrə qarşı vuruşduğu təəssüratı yaransın. Halbuki Azərbaycan Qarabağdakı antiterror əməliyyatın öz silahlı qüvvələrinin heç 1/3-ni cəlb eləməyib. Bu günədək bizdə total səfərbərlik də elan olunmayıb.

Bunlar bişəkk, Ermənistan rəhbərliyinə öz ağır hərbi məğlubiyyətini əsaslandırmaq üçün gərəkdir. Bu da sizə Ermənistan Müdafiə Nazirliyini rəsmi yalançısı, peşəkar gopçu və həyasızlıq etalonu Arsrun Ovanisyanın eyni qəbildən təptəzə sayıqlaması: “Hazırda Azərbaycanın xeyrinə yalnız Türk Silahlı Qüvvələrinin və ya xüsusi xidmət orqanlarının hansısa seqmentləri yox, bütün Türkiyə işləyir. Türkiyə döyüş əməliyyatlarına rəhbərlik edir, texniki yardım göstərir, kəşfiyyat məlumatları ilə dəstək olur və s. Biz müəyyən etmişik ki, Azərbaycan faktiki öz silahlı qüvvələrinə komandanlıq etmir, rəhbərliyi Türkiyənin Baş Qərargahı həyata keçirir. Üstəgəl, muzdluların və digər birliklərin cəlb olunması”.

Sən demə, fağır ermənilərlə Azərbaycan Ordusundan başqa hamı vuruşurmuş. Demə, işğalçı ordu az qala, dünyanın birləşmiş orduları və “beynəlxalq terror şəbəkəsi” ilə üz-üzə imiş. Dünya bu ədalətsizliyə görəsən necə dözür? Bəs Soros? Nədən o, öz marionetinə qarşı laqeyddir? Olmaya, yerinə başqa bir siyasi təlxəyi tapıb?..

Zahid SƏFƏROĞLU

Həmçinin oxuyun

“Ümid edirik ki, vaksin tezliklə hazır olacaq” – Prezident

COVID-19 əleyhinə bir çox vaksinlərin tədqiqatının davam etdiyi bir vaxtda biz kliniki sınaqların uğurlu nəticələrini …