Çərşənbə axşamı , Avqust 9 2022
Ana səhifə / Siyasət / “Təhqir və lağlağı metodu ilə deputatlar gülüş hədəfinə çevrilirsə…”

“Təhqir və lağlağı metodu ilə deputatlar gülüş hədəfinə çevrilirsə…”

Xəzər TV-nin “Komedixana” verilişinin növbəti buraxılışında Milli Məclisin deputatı Etibar Əliyev tənqid olunub.

Səhnəcikdə aktyor Ənvər Abbasov xəbər saytının redaktoru kimi müxbirə tövsiyələr verir:

“Milli Məclis park zaddır deputat orada oturur? Orada danışmaq lazımdı, oturmaq lazım deyil. “Komedixana” aydındı, bilinir ki, biz burada insanları güldürürük. Etibar müəllim də özünü pis güldürməyib. Sən gəl Etibar müəllimin xəbərini vur hava proqnozuna. Yaz ki, Bakıda bərk külək əsdi”.

Günümüzdə ən çox müzakirə edilən mövzulardan biri sosial media üzərindən millət vəkillərinin şərəf və ləyaqətin alçaldılması, bu cür gülüş hədəfinə çevrilməsidir.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan millət vəkili, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı qeyd edib ki, deputatları təhqir etmək, onları gülüş hədəfinə çevirmək heç də demokratiya deyil:

“Hər mövzuda millət vəkillərini təhqir etmək anormal yanaşmadır. Deputatı, məmuru fəaliyyətində yol vermiş olduğu səhvlərə, çatışmazlıqlara görə tənqid etmək olar, bu, tamamilə normal, başadüşüləndir və lazımdır. Çünki düzgün, qərəzsiz tənqidlər hər bir insan üçün faydalıdır. İnsanlar bu tənqidlərdən nəticə çıxararaq çalışır ki, sonrakı fəaliyyətində bu cür nöqsanlara yol verməsin. 

Amma harada ki, tənqiddən yox, təhqir və lağlağı metodundan istifadə edilir, millət vəkilləri gülüş hədəfinə çevrilirsə, bu demokratiyanın göstəricisi deyil. Bu xoşagələn hal deyil. Onlar başa düşməlidir ki, Milli Məclisin deputatını tənqid etmək olar, amma təhqir etmək heç kəsə haqq qazandırmır. Onlar anlamalıdır ki, təhqir etdikləri məmurlar da, deputatlar da insandır, onların da ailələri, övladları, qohumları və yaxın ətrafları var. Bu cür təhqirlərlə onları alçaltmaq, üstlərinə getmək yolverilməzdir. Bu cür insanlar özlərini onların yerinə qoysunlar, bundan sonra peşmanlıq hissi keçirə bilərlər”.

Deputat bildirib ki, vətəndaşlar millət vəkillərinin səlahiyyətlərini bilmir və hər mövzuda onları tənqid hədəfinə çevirirlər:

“Çox təəssüf ki, cəmiyyət tərəfindən deputatın səlahiyyətlərindən daha çox tələblər var. Bu heç cür anlaşılan deyil. Millət vəkilinin yeganə səlahiyyəti onun sözüdür. Onun vəzifəsi cəmiyyətdə gördüyü nöqsanları, ayrı-ayrı məmurların özbaşınalığını dilə gətirmək, bunu önə çəkmək, seçilmiş olduğu dairədən seçicilərin qaldırmış olduğu problemləri icra strukturlarının qarşısında qaldırmaqdır. Onlar qanun layihələrinin üzərində iş apararaq müzakirəyə çıxarır, bu haqda fikirlərini söyləyir və qanunun qəbul edilməsində öz funksiyasını yerinə yetirir. Onların sonuncu səlahiyyəti isə beynəlxalq təşkilatlarda  iştirakdır. Orada da Azərbaycanın milli maraqları birmənalı olaraq müdafiə olunur. 

Millət vəkillərinin səlahiyyətləri budur. Əgər hər hansı məmur öz üzərinə düşən vəzifəni yerinə yetirmirsə, bunun günahı millət vəkillərində deyil. Yaxşı olardı ki, sosial şəbəkələrdə olan vətəndaşlarımız, mətbuat nümayəndələri hər hansı məsələni tənqid edərkən hədəfi düzgün seçsinlər. Məmurun səlahiyyətlərini Milli Məclisin deputatlarının üzərinə qoymaq, onun sağına, soluna təhqirlər yağdırmaq doğru deyil”.

Həmçinin oxuyun

3 Azərbaycan vətəndaşı Ermənistana turist kimi gedib

“2022-ci ilin yanvar-iyul aylarında Ermənistana 776 731 turist səfər edib. Eyni dövrdə Azərbaycana 832 186 …