Bazar ertəsi , Oktyabr 26 2020
Ana səhifə / Siyasət / Təhlükə artıq hər birimizin astanasındadır – Arzuxan Əlizadə

Təhlükə artıq hər birimizin astanasındadır – Arzuxan Əlizadə

Ölkədə taclı virusa yoluxma sayı günü-gündən durmadan artır. Dünənin acı statistikası – 590 nəfər. On milyonluq əhali sayına nisbətdə bu kifayət qədər ciddi rəqəmdir. Əslində isə bu yoluxma sayı da deyil, virusa yoluxması müəyyən edilən insan sayıdı. Yoluxanlar, amma yoluxduğu hələ müəyyən edilməyənlərin sayı daha çoxdur. Xəstəliyi simptomsuz keçirənlərin də az olmadığını nəzərə alsaq nəhayət ki, vəziyyətin nə qədər kritik olduğunun fərqində olmalıyıq. Bütün baş verənlərin müqabilində bir çoxlarının hələ də virusun mövcudluğuna inanmaması isə yalnız acı təəssüf doğurur. Bu insanlar doğrudanmı ətrafımızda baş verənləri hələ də anlamayacaq durumdadırlar. İnanmayanların və olanlara barmaqarası baxanların sırasında kifayət qədər təhsilli və Vətəninə bağlılığına şübhə etmədiyim şəxslər olmasaydı bu cür münasibəti hətta düşmən təxribatı da adlandırardım. Amma görünən odur ki, bir çoxları yaxın çevrəsində bu amansız virusa yoluxanların olduğunu görməyincə (əlbəttə ki, bunu heç kimə arzu etmirəm!) vəziyyətin ciddiliyini dərk etməyəcəklər.
Bütün bunların fonunda ölkədə koronavirusla mübarizə sahəsində olduqca yarıtmaz təbliğat aparılır. Əslində təbliğat aparılmır da demək olardı, amma hökumətə yaxın televiziyalar hələ də virusa yoluxma dərəcəsinə görə bizi ermənistanla müqayisə edirlərsə, buna nə ad vermək olar başa düşmürəm. Hökuməti müdafiə etmək məqsədi ilə istənilən məsələdə bizi düşmən dövlətlə müqayisə edib də üstünlüklərimizi qabartmaq başa düşüləndir. Amma söhbət insan həyatından gedirsə və indiki məqamda üstünlüyümüzü göstərmək üçün belə ucuz təbliğatdan istifadə etməyə qalxırsınızsa, başa düşün ki, bununla yalnız öz millətimizə və dövlətimizə ən böyük düşmənçilik etmiş olursuz. Elə qonşu Gürcüstanı, bu ölkənin virusa qarşı mübarizədəki uğurlarının sirrini araşdırıb təbliğ etmək daha doğru olmazmı?
Nəhayət, anlamaq lazımdır ki, indi o zaman deyil, əksinə, verilən səhv qərarları təhlil etmək və insanları doğru-düzgün məlumatlandırmaq lazımdır. Bütün təbliğat virusa yoluxmamaq üçün nələri etmək lazımdır mövzusuna yönəlməlidir. Mütəmadi olaraq mütəxəssisləri, həm də insanlarımız tərəfindən qəbul edilən, yəni bu vaxta qədər televiziya ekranlarından yalanlar tirajlayanları deyil, içində olduğumuz duruma obyektiv münasibət bildirən şəxsləri televiziya məkanına dəvət edib danışdırmaq lazımdır. İnsanları inandırmaq lazımdır ki, özlərini və yaxınlarını qorumaq üçün nə tələb olunursa qeyd-şərtsiz əməl eləsinlər.
Artıq beşinci gündür ki, ölkə yenidən sərtləşdirilmiş karantin rejiminə qayıdılıb. Amma nəsə dəyişibmi? Ətrafda baş verənləri görmək üçün daha nələr olmalıdır? Yalnız avtomobil yollarında, özü də bəlli yerlərdə postlar qurmaqla nəyəsə nail olunacağınımı düşünür yetkililərimiz?
İctimai nəqliyyat, parklar, gəzinti yerləri, iri marketlər, məhəllələr əvvəlki kimi insanlarla doludur. Əksəriyyət də nə qoruyucu maskadan istifadə edir, nə də sosial deyilən ara məsafəsi gözləyir. İş o yerdədir ki, SMS-lə icazə almadan çıxıb rahat gəzməyi ilə, hansısa kənar yolla daimi hərəkət izni almasıyla öyünür vətəndaşımız. Mən “vətəndaşımız məsuliyyətsizdir” deyiminə qarşı olmuşam həmişə, amma bu gün etiraf etməyə məcburam ki, ilk gözə görünən də elə vətəndaş məsuliyyətsizliyidir. Amma buna görə hesab edirəm ki, günah vətəndaşımızdan daha çox həmin vətəndaşa vəziyyətin ciddiliyini çatdırmayan yetkilələrdədir. Bu yetkililərin hansı qurumu, Operativ Qərərgahı, TƏBİB-i və ya Səhiyyə Nazirliyini təmsil etdiyinin də geniş anlamda heç bir fərqi yoxdur. Bir neçə gündən sonra bu qurumlarda təmsil olunan yetkililər əvvəlki həftə sonlarında iki dəfə evə qapanma qərarının effektiv olmadığını dedikləri kimi, bu dəfə də karantin rejimini sərtləşdirməyin nəticə vermədiyini sakitcə, heç nə olmamış kimi çıxıb deyəcəklərsə bu etirafın sağlamlığını və həyatını itirən insanlarımıza və doğmalarına nə istisi ya soyuğu olacaq? Bu lazımsız etirafla itirilmiş insan həyatını geri qaytarmaq olacaqmı? Nəhayətdə işin düzgün qurulmadığının, səhv qərarlar verildiyinin məsuliyyətini bəs kim daşıyacaq?
Hazırki yaranmış vəziyyətdə hesab edirəm ki, əsas məsuliyyət hökumətin üzərində fokuslanmalıdır. Hökumət yaxasını kənara çəkməməli, əksinə, öz səlahiyyətlərindən istifadə edərək təcili surətdə həm təbliğat işini düzgün təşkil etməli, həm də təşkilati məsələləri bilavasitə yoluna qoymalı və tabeliyindəki qurumlar arasında lazımi iş bölgüsü apararaq hər sahə üzrə mütəxəssisləri işə cəlb etməlidir. Ehtiyac varsa (düşünürəm ki, artıq belə zərurət yaranıb) təcili olaraq xaricdən mütəxəssislər dəvət olunmalıdırlar. Söhbət, insanlarımızın həyatından gedirsə bu işdə hər dəqiqə qiymətlidir və heç bir halda gecikmək olmaz. Yox, əgər hökumət bunu da etmək gücündə deyilsə və ya bacarmırsa zəhmət çəkib siyasi mədəniyyət göstərməli və istefa verməlidir.
Azərbaycan hökumətinə, eləcə də hər bir vətəndaşımıza xitabən soruşuram, bilirsinizmi artıq neçə-neçə ailədə faciələr yaşanmaqdadır? Virusa yoluxan ailə üzvləri bir çox hallarda bir-birindən xəbərsiz durumda, müxtəlif məkanlarda can çəkişirlər. Artıq xəstəxanalarda yer çatışmazlığı var. Bu səbəbdən xəstələrin çoxu stasionar müalicəyə götürülmür və evdə müalicə almaq məcburiyyətindədirlər. Xəstəxanalarda həkimlərimiz fədakarcasına mücadilə edirlər. Bir çoxları günlərlə, həftələrlə evinə, ailəsinə getmədən xəstələrin keşiyindədirlər. Neçə nəfər dəyərli tibb işçilərimiz həyatlarını itiriblər bu günlər ərzində. Belə davam edərsə həkim çatışmazlığı ilə də üzləşə bilərik və toplum olaraq hələ hansı faciələr yaşaya biləcəyimizi heç təsəvvür belə etmək istəmirəm. Nəzərə alın ki, qorxulu və gözəgörünməz düşmənlə üz-üzəyik. Belə bir durumda heç kim yaxasını kənara çəkməməlidir. Hökumət doğru qərarlar vermək və icrasına nəzarət etmək məsuliyyəti daşıyırsa vətəndaşlarımız da verilən qərarlara lazımi səviyyədə əməl etmək məsuliyyəti daşıyır. Təhlükə artıq hər birimizin astanasındadır! Məsuliyyətli olaq, özümüzü və yaxınlarımızı mövcud təhlükədən qoruyaq!

Arzuxan Əlizadə, AMİP-in sədr əvəzi

Həmçinin oxuyun

Deputat: “Ermənistanda bədbəxtlik hələ bundan sonra başlayacaq”

Ermənistan KİV-lərində yayılan məlumatlarda bu ölkədə müharibə aparılan dövrdə kəskin bahalaşmanın yaranması öz əksini tapmaqdadır. …