Ana səhifə / Siyasət / Təcili: Sərkisyan Qarabağı Ermənistan ərazisi elan etdi

Təcili: Sərkisyan Qarabağı Ermənistan ərazisi elan etdi

“Ermənistan prezidenti Serj Sərkisyan aqressif çıxışına görə siyasi ittihamlara tuş gələcək. Digər tərəfdən Sərkisyanın əsəbdən irəli gələn etirafı Dağlıq Qarabağ probleminin onları çıxılmaz vəziyyətə saldığını göstərir”.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsi sədrinin müavini, YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə Serj Sərkisyanın Dağlıq Qarabağın Ermənistanın tərkib hissəsi olması barədə çıxışını şərh edərkən deyib.

A.Mirzəzadə deyib ki, Serj Sərkisyan bu bəyanatı ilə öz mahiyyətini üzə çıxarır: “Bununla Ermənistan prezidenti beynəlxalq hüquq prinsiplərini kobud şəkildə pozmasını etiraf edib. Sərkisyanın qonşu ölkələrin ərazilərinə göz dikməsi ilə bağlı çıxışı birinci hal deyil. Bir vaxtlar Ermənistanın gəncləri qarşısında çıxış edərkən Sərkisyan Türkiyəyə qarşı ərazi iddiası ilə də çıxış etmişdi”.

Deputatın sözlərinə görə, Ermənistanın bir milli ideyası var, bu da qonşu ölkələrin ərazilərinə göz dikməkdir: “Ermənistan artıq öz tələsinə düşüb. Cəbhədə təxribat törətmək istəyərkən, ağır zərbə alıb və ciddi itki verib. Ermənistan cəzasız qalmayacaq, silahlı təxribatlarına ikiqat cavab alacaq”.

*   *   *18:50

Ermənistan prezidenti Serj Sərkisyan bu gün etdiyi çıxışında işğal altında saxladıqları, bütün dünyanın Azərbaycanın ayrılmaz hissəsi kimi tanıdığı və qəbul etdiyi Dağlıq Qarabağı Ermənistan dövlətinin ərazisi adlandırıb.

Virtualaz.org bildirir ki, bu barədə Ermənistan prezidentinin saytında məlumat yerləşdirilib.

Halbuki bu, Ermənistanın öz rəsmi mövqeyinə də ziddir. Çünki rəsmi İrəvan bir qayda olaraq işğal etdiyi Dağlıq Qarabağı həmişə özündən müəyyən məsafədə saxlayaraq “Dağlıq Qarabağ Respublikası” adlandırırdı.

Ermənistan prezidenti bu sensasion fikirləri öz iqamətgahında “erməni soyqırımı”nın 100 illiyi tədbirlərini koordinasiya edən dövlət komissiyasının 6-cı iclasında səsləndirib.

Sərkisyan deyib: “Ermənistan – mən Ermənistan deyəndə isə Dağlıq Qarabağı onun ayrılmaz hissəsi kimi nəzərdə tuturam – planetin ən hərbiləşmiş ərazilərindən biridir.

Qeyd edək ki, Ermənistanın dövlət başçısı bu çıxışı ilə ilk dəfə olaraq həm də işğal faktını etiraf etmiş olub. Məsələ ondadır ki, indiyə qədər Dağlıq Qarabağdakı hadisələr separatçı konflikt, orada yaşayan ermənilərin öz müqəddəratlarını təyin etmək cəhdi isə müstəqil dövlət qurmaq istəkləri kimi qələmə verilirdi.

Amma S.Sərkisyan bununla da kifayətlənməyib və Azərbaycanın ünvanına kəskin hədələr də səsləndirib: “Biz bundan sonra da – qisas tədbirləri də daxil olmaqla – elə addımlar atacağıq ki, düşmən öz azğın davranışının həzm olunduğunu düşünməsin.

Biz Azərbaycan hökumətini məcbur edəcəyik, inamla məcbur edəcəyik ki, öz xalqına yaşatdığı məşəqqətlərə görə ona hesabat versin…”.

İnformasiya şöbəsi

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın