Ana səhifə / Siyasət / Təbriz Musayev: “Zatən bütün bunlarda strateji hədəf Rusiyanı Ermənistandan çıxarmaqdır”

Təbriz Musayev: “Zatən bütün bunlarda strateji hədəf Rusiyanı Ermənistandan çıxarmaqdır”

Aprelin 3-də, yəni aprelin 5-də Brüsseldə keçirilməsi nəzərdə tutulan Ermənistan-Aİ-ABŞ formatında görüşdən düz iki gün əvvəl caliber.az-ın redaksiyası diplomatik dairələrdəki mənbələrə istinadən xəbər verib ki, Brüsseldə Nikol Paşinyan, Ursula fon der Lyayen və Entoni Blinken İrəvanın Avro-Atlantik məkana inteqrasiyası məqsədilə siyasi, iqtisadi və humanitar sahələrdə çoxsaylı saziş imzalamaq niyyətindədirlər. 

Ən əsası isə, bağlı qapılar arxasında təhlükəsizlik sahəsində MDB ölkələri üçün görünməmiş hərbi pakt bağlanacaq.

Burada iki məqam xüsusilə diqqəti çəkir. Birincisi, Rusiyanın hərbi bazalarının və sərhəd qoşunlarının 2044-cü ilə qədər qalmasına imkan verməmək planda özünü göstərir. ABŞ ilə yeni sazişlər kontekstində Ermənistanın bu proqramlar çərçivəsində əməkdaşlığı əhəmiyyətli dərəcədə intensivləşəcək. Bu, təkcə NATO ilə hərbi əlaqələrin dərinləşdirilməsi deyil, həm də Ermənistan silahlı qüvvələrinin qarşılıqlı fəaliyyət və hazırlıq səviyyəsinin yüksəldilməsi deməkdir. Artan əməkdaşlığa NATO təlimlərində daha çox iştirak, qabaqcıl texnologiyaların əldə edilməsi və təcrübə mübadiləsi daxil ola bilər ki, bu da öz növbəsində Ermənistanın hərbi potensialını gücləndirməyə kömək edir. Birləşmiş Ştatlar Ermənistanın qabaqcıl hərbi texnika və yeni texnologiyalara çıxışını asanlaşdırmaq üçün Xarici Hərbi Maliyyələşdirmə (FMF) vəsaiti ayıracaq. İkincisi, ABŞ bütün Ermənistan ərazisində GPS texnologiyasının geniş tətbiqinin sürətləndirilməsi üzərində işləyəcək. Ermənistanın hərbi sahədə GPS (Global Positioning System) texnologiyasının tətbiqi hərbi əməliyyatların dəqiqliyi və səmərəliliyinin artırılmasında mühüm rol oynayır. GPS qoşunlara mürəkkəb və ya tanış olmayan ərazilərdə dəqiq naviqasiya imkanı verir, mobilliyi və dəyişən şəraitə operativ reaksiyanı xeyli yaxşılaşdırır.

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayevin fikrincə, bütün bunlar Qərbin Ermənistanı yaxın perspektivdə Rusiyadan uzaqlaşdırmasına hesablanıb: “Artıq bu proses praktiki mərhələyə keçib. İlk əvvəl “Zvartnots” hava limanından Rusiya sərhədçilərinin çıxarılması məsələsini qaldırdılar. Artıq avqusta qədər rus sərhədçiləri hava limanını tərk edəcəklər. Niyə bu hava limanı Qərb üçün belə önəmlidir? Məsələ ondadır ki, Ermənistanın Qərblə hərbi təmasları hava limanında Rusiya sərhədçiləri tərəfindən fiksə olunurdu. Bununla bağlı məlumatlar dərhal Moskvaya ötürülürdü. Bunu önləmək üçün məlum addım atıldı. Aprelin 5-də Brüssel görüşü başlamazdan əvvəl Qərbin Ermənistanı hərbi baxımdan himayə edəcəyi ilə bağlı ciddi şübhələr var idi. Sonra elə oldu ki, həmin görüşdə bununla bağlı məsələlər gizli formada müzakirə edildi. Qərb 5 aprel görüşü ilə bağlı nə qədər bunu inkar etsə də, reallıq əksini göstərir. Zatən bütün bunlarda strateji hədəf Rusiyanı Ermənistandan çıxarmaqdır. Azərbaycanda, Gürcüstanda Rusiyanın hərbi bazaları yoxdur. Abxaziya və Cənubi Osetiyada hərbi bazalar olsa da, nəzərə almaq lazımdır ki, həmin ərazilər işğal altındadır. Rəsmi Tbilisinin ora nəzarəti yoxdur. Ona görə də Ermənistanın üzərində bu qədər fokuslanırlar. Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Ermənistanda 102-ci hərbi bazanın 2044-cü ilədək orada qalmasına dair iki ölkə arasında müqavilə var. Ancaq proseslər elə sürətlə gedir ki, Paşinyan hakimiyyəti 2044-cü ili gözləməyəcək. Həm KTMT-dən çıxacaq, həm də Gümrüdəki bazaları birtərəfli şəkildə ölkədən çıxaracaq. Qərb də Ermənistanı Rusiyadan qorumaq üçün müxtəlif vasitələrə əl atacaq. Nəzərə almaq lazımdır ki, Rusiyanın Ermənistanla birbaşa quru sərhədi yoxdur”.

Həmçinin oxuyun

Müsavatın dialoqda iştirakına etiraz: Vəfa Cümşüdlü partiyadan istefa verdi

Müsavat Partiyasının keçmiş Divan üzvü və sabiq Qadınlar Təşkilatının sədri Vəfa Cümşüdlü partiyadan istefa verib. …