Ermənistan prezidenti Vaaqn Xaçaturyan Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində DW nəşrinə açıqlamasında bir sıra ziddiyətli fikirlər səsləndirib.
O qeyd edib ki, biz dinc yanaşı yaşamaq üçün imkanlar tapmalıyıq və bu işdə ATƏT-in Minsk Qrupu da vasitəçi ola bilər: “İndi bu realdır, xüsusən ona görə ki, vasitəçilər var: Avropa İttifaqının simasında, Rusiyanın simasında, Minsk Qrupunun simasında. Biz bu imkanlardan yararlanmalıyıq”.
Daha sonra o iddia edib ki, guya Azərbaycan Ukraynada başlayan müharibədən istifadə edərək Qarabağda vəziyyəti gərginləşdirib: “Biz burada bir əlaqə görürük. Çünki biz başa düşməyə çalışdıq ki, Azərbaycan niyə təxribatları, o cümlədən Dağlıq Qarabağa gedən qaz kəmərinin bağlanmasını məhz bu məqamda, qışda seçdi. Axı bu o demək idi ki, “paytaxt” Stepanakert istiliksiz qalıb, insanlar donub. Belə qənaətə gəldik ki, Azərbaycan, görünür, dünyanın Ukrayna böhranına diqqətinin yönəlməsindən istifadə edərək 2020-ci ilin sentyabrında başladığı işi davam etdirib. Biz bu son təxribatla 2020-ci il müharibəsi arasında paralellər də gördük, burada vəziyyətlər oxşar idi. Belə olan halda biz Dağlıq Qarabağdakı Rusiya sülhməramlılarına Azərbaycanın atəşkəs sazişini pozması ilə bağlı sübutlar təqdim edə bildik. Eyni sübutu Avropa İttifaqına, amerikalılara və ATƏT-in Minsk qrupunun nümayəndələrinə təqdim etdik”.
Görünən odur ki, Ermənistan prezidenti hələ də Minsk Qrupunun vasitəçiliyinə ümid edir və öz aləmində Qarabağdakı proseslərlə Ukrayna arasında “bağlılıq” görür.
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayev bununla bağlı bir sıra məqamlara toxundu: “Əvvəla, Ermənistanın ATƏT-in Minsk Qrupunu diriltmək cəhdləri yeni deyil. Baxmayaraq ki, Minsk Qrupunun fəaliyyətini səmərəsiz və daha sonra iflic edən elə məhz Ermənistan olub. 2019-cu ilin avqustunda Paşinyanın Xankəndiyə qanunsuz səfəri zamanı “Qarabağ Ermənistandır” deməsi faktiki olaraq Minsk Qrupunun sonu idi. Artıq bununla Minsk Qrupunun fatihəsi verildi. Həmin təxribatçı açıqlamadan düz bir il sonra Azərbaycan hərb yolu ilə ərazilərini işğaldan azad etməyə qərar verdi. 44 günlük şanlı Vətən müharibəsinin nəticələri yeni geosiyasi reallıqlar yaratmaqla yanaşı, Minsk Qrupu formatı üzərindən də xətt çəkmiş oldu. 2020-ci ilin dekabrında Prezident İlham Əliyev həmsədrləri qəbul edərkən rəsmən onlara öz yerini göstərdi. Bu o demək idi ki, bundan sonra Qarabağ məsələsinin Minsk Qrupuna heç bir dəxli yoxdur. Prezident Vaaqn Xaçaturyanın Qarabağla Ukrayna arasında “paralellər” aparması absurddur. Ən azından ona görə ki, Vətən müharibəsi sayəsində Azərbaycan praktiki olaraq ərazi bütövlüyünü təmin edib. Qarabağın müəyyən hissəsi rus sülhməramlıların nəzarətindədir ki, bu da müvəqqəti xarakterlidir. Azərbaycan dövləti Qarabağdakı etnik ermənilərə öz vətəndaşı kimi yanaşır və onların təhlükəsizliyini təmin etməyə hazırdır. Bunu artıq Avropa İttifaqı, ABŞ və dünyanın digər aparıcı gücləri qəbul edir. Əksinə, Azərbaycan qaz xətlərində yaranan nasazlığı öz imkanları hesabına aradan qaldırdı. Zatən 2025-ci ilin noyabrında Rusiya sülhməramlılarının vaxtı başa çatır. O vaxta qədər bir sıra yol və digər infrastruktur layihələri başa çatır. Bu o deməkdir ki, əraziyə tam nəzarət Azərbaycana keçəcək. Bunun üçün indidən zəmin formalaşdırır”.
Bir sözlə, İAT sədri hesab edir ki, Azərbaycanı heç bir güc dayandıra bilməz.