Şənbə , Yanvar 29 2022
Ana səhifə / Siyasət / Təbriz Musayev: “Vəziyyəti siyasi yollarla Ermənistanın xeyrinə dəyişmək istəyirlər”

Təbriz Musayev: “Vəziyyəti siyasi yollarla Ermənistanın xeyrinə dəyişmək istəyirlər”

Avropa Parlamentində (AP) ATƏT-in nazirlər konfransı çərçivəsində müzakirələr keçirilib. Avropa millət vəkilləri parlament müzakirəsinə Avropa İttifaqının Cənubi Qafqazla məşğul olan iki yüksək vəzifəli rəsmisini dəvət ediblər.

Müzakirələrdə Azərbaycanın mənafeyinə uyğun olmayan fikirlər gündəmə gətirilib. Avropa Parlamentinin Cənubi Qafqazla əlaqələr üzrə nümayəndə heyətinin rəhbəri, Marina Kalyurand deyib ki, Azərbaycan Qarabağ məsələsini müzakirə etməkdən imtina edir: “Məni yeni meyl görürəm. Azərbaycan gündəliyə Dağlıq Qarabağ məsələsinin salınmasından imtina edir. Onlar deyirlər ki, bu, Ermənistan və Azərbaycan arasında olan münaqişədir. Kommunikasiyaların açılmasına gəlincə isə, burada müsbət dəyişikliklər var. Mən “dəhliz” sözünü işlətmək istəmirəm, amma bu ərazi ciddi gərginlik yaradır. Ermənistan keçmişdə, sovet illərində istifadə olunmuş yollara qayıtmaq istədiyi halda, Azərbaycan yeni yollar istəyir. Mənim bu məqamda bir sualım var: Avropa İttifaqı nə edə bilər? Öz siyasətini necə təkmilləşdirə bilər?”.

Bu sualın cavabında Avropa İttifaqı Xarici Fəaliyyət Departamentinin nümayəndəsi Lyuk Devin deyib ki, Aİ imkanında olan hər şeydən istifadə edir. Diplomat bu istiqamətdə kifayət qədər iş görülmədiyinə dair tənqidləri rədd edib: “Hərbi gücünün olmadığı bir şəraitdə Avropa İttifaqı bundan artıq nə edə bilər ki? Yeri gəlmişkən, ATƏT-in Minsk Qrupunun həmsədrlərindən təkcə Fransa deyil, ABŞ-ın da orada qoşunları yoxdur. Ötən il olduğu kimi tüfənglər atanda, diplomatlar üçün bunun qarşısını almaq və ya dayandırmaq çox çətin olur”.

Həmçinin, L.Devin dəhliz məsələsinə toxunaraq deyib ki, 9 noyabr üçtərəfli bəyanatında söhbət dəhlizdən yox, bütün iqtisadi bağların blokdan çıxarılmasından gedir.

Görünən odur ki, Avropa İttifaqı təsisatları Qarabağ və dəhlizlərin açılması məsələlərində ziddiyətli, ən başlıcası pozucu tonda çıxış edirlər. Hər vasitə ilə vəziyyəti ermənilərin xeyrinə dəyişmək istəyirlər.

Məsələyə münasibət bildirən İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayevin fikrincə, belə silsilə xarakterli qərəzli müzakirələrin təşkil olunmasında başlıca məqsəd Azərbaycanın mövqelərini zəflətməkdir: “Məlum olduğu kimi, ötən il 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan əldə etdiyi qələbə sayəsində tamamilə yeni reallıq yaratdı. Bunun nəticəsində həm 30 ilə yaxın işğala son qoyuldu, həm də Minsk Qrupunun danışıqlarda mənasız vasitəçiliyi praktiki olaraq ortadan qaldırıldı. Ondan sonra Azərbaycan azad olunan ərazilərdə quruculuq işlərinə start verdi. Prezident İlham Əliyev rəsmən bətan etdi ki, Dağlıq Qarabağ məsələsi həll olunub. Ümumilikdə, Azərbaycan qalib mövqedə olduğu üçün diqtə edən tərəfə çevrilib. Avropa qurumları isə Azərbaycanın güclü, Ermənistanın zəif tərəf olmasını istəmirlər. Zatən müharibədən sonra Ermənistan zəif duruma düşüb. Ancaq problem ondadır ki, Avropa qurumları yaranmış vəziyyəti siyasi yollarla Ermənistanın xeyrinə dəyişmək istəyirlər. Son vaxtlar Avropa qurumlarının Azərbaycana yönəlik ard-arda təzyiqləri buna hesablanıb. Hər vasitə ilə Minsk Qrupunu yenidən aktivləşdirmək istəyirlər. Qarabağın status məsələsini gündəmə gətirmək istəyirlər. Zəngəzur dəhlizinin açılması Avropa İttifaqının maraqlarına uyğun olsa da, dəhliz məsələsində Ermənistana təzyiq göstərilmir. Bəlkə də Paşinyan Qərbdəki dairələrdən təlimat alaraq bu cür dirəniş göstərir. Çünki Soçi görüşünə getməzdən əvvəl o birdən-birə çox sərt fikirlər səsləndirdi. Hesab edirəm ki, bütün bunlar bir-biri ilə əlaqəli məsələlərdir. Ona görə də yaranmış vəziyyət son dərəcə ciddi təhlil olunmalıdır”.

İAT sədri onu da qeyd etdi ki, diplomatik müstəvidə Azərbaycan maksimum dərəcədə hücum mövqeyindən çıxış etməlidir. (Bakı-Xəbər)

Həmçinin oxuyun

Azərbaycanda partiya rəhbəri YAP-ın rayon təşkilatının sədri oldu (FOTO)

Şamaxı rayon İcra Hakimiyyəti başçısının sabiq 1-ci müavini Qasım Qasımova vəzifə verilib.  Qaynarinfo-nun əldə etdiyi məlumata …