Biz çalışırıq ki, Ermənistan Rusiyaya qarşı bizim partnyorumuz olmaqla bağlı real qərar qəbul etsin. Bu sözləri ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini vəzifəsini icra edən Yuri Kim ABŞ Senatının Xarici Əlaqələr Komitəsində Qarabağdakı vəziyyətlə bağlı dinləmələr zamanı senator Pat Rikettsin sualına cavab verərkən deyib.
Y. Kimin sözlərinə görə, 2022-ci ilin fevralından sonra Rusiya ilə qonşu olan bütün ölkələr “gözləri açıq yatırlar”.
Sualına cavab almayan Riketts növbəti dəfə soruşub: “Ermənistan Rusiyanı Dağlıq Qarabağda fəallaşmağa sövq etmək istəyir, yoxsa doğrudan da Rusiyadan qopmaq istəyir?”. Dövlət Departamentinin sözçüsünün cavabı belə olub: “Bu barədə danışmaq hələ tezdir. Amma bu o demək deyil ki, biz vəziyyəti istədiyimiz nöqtəyə çatdırmağa çalışmamalıyıq. Və bu baxış bizim tərəfdaşımız olmaq üçün real qərardır. Ancaq buna nail olmaq üçün biz orada olmalıyıq. Ona görə də bizim Ermənistana dəstəyimiz və Ermənistanla tərəfdaşlığımız vacibdir. Putin və Rusiya sübut etdi ki, onların iradəsinə tabe olmayan hər kəsə qarşı çox qisascıldırlar. Bəli, biz bu məsələdə çox ayıq-sayığıq. Biz hadisələri diqqətlə izləməli, Ermənistana həm onun inkişafı, həm də müdafiə və təhlükəsizlik sahəsində məqbul olan dəstəyi artırmalıyıq ki, Ermənistan istədiyi dönüşü etsin”.
Bütün bunlardan sonra bəlli olur ki, Paşinyanın son vaxtlar intensivləşən anti-Rusiya ritorikası, demarşları təsadüfü deyilmiş.
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayevin fikrincə, zatən Paşinyanın haradan güc aldığı təxmin olunurdu: “Sadəcə, Dövlət Departamenti rəsmisi Yuri Kim məlum fikirləri ilə bunun açıq şəkildə təsdiq etdi. Açıq etiraf etdi ki, Ermənistanda sözügedən proseslərlə bağlı baş verənlərin arxasında Birləşmiş Ştatlar dayanır. Təsadüfü deyil ki, məhz onun bu fikirlərindən sonra bir sıra Rusiya siyasiləri, ekspertləri Ermənistana qarşı tənqidləri kəskinləşdirdilər. Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Leonid Slutski, rusiyalı politoloq, “Yaxın Şərq İnstitutu” elmi mərkəzinin prezidenti Yevgeni Satanovski o dərəcədə narahatdılar ki, hətta Ermənistanı buna görə hədələməkdən belə çəkinmədilər. Slutski bəyan edib ki, Y.Kimin Ermənistana təhlükəsizlik və ABŞ-la əməkdaşlıq sahəsində dəstək verməsi ilə bağlı bəyanatları Cənubi Qafqazda anti-Rusiya tramplininin yaradılmasına yönəlib. Bütün bunlar Ermənistanda Rusiya ilə Qərb arasında geosiyasi mübarizənin açıq müstəviyə keçməsi anlamına gəlir. Aydın məsələdir ki, Birləşmiş Ştatların dəstəyi olmasaydı Paşinyan Rusiya təzyiqləri qarşısında duruş gətirə bilməzdi. Paşinyan davamlı olaraq KTMT-ni baykot edib oyundankənar duruma sala bilməzdi. Nəzərə alsaq ki, Rusiyanın Ermənistanda hərbi bazaları, agentura şəbəkəsi var, o zaman prinsipcə Paşinyanı devirmək elə də çətin olmamalıydı. Ancaq ABŞ-ın İrəvanda çox böyük səfirliyinin olduğunu görəndə məlum olur ki, diplomatik korpusun böyük heyyəti var. Ermənistan kimi kiçik ölkədə böyük səfirlik binasının olması o deməkdir ki, orda olanlar təkcə diplomatlar deyil. Onların bir qismi hərbçilər və kəşfiyyatçılardır. Bunu Rusiyada yaxşı bilir. Ancaq Ukrayna bataqlığı Rusiyanı Ermənistanda Birləşmiş Ştatlar qarşısında daha da zəiflədib. Bax əsas məsələ bundan ibarətdir. Paşinyanı 44 gülük müharibədən sonra güclü edən də budur. Hesab edirəm ki, Azərbaycan Ermənistanda kəskinləşən geosiyasi qarşıdurmadan maksimum faydalanmalıdır. Çünki bir də belə fürsət yaranmaya bilər”.