Ana səhifə / Siyasət / Təbriz Musayev: “Saakaşvilinin toxunduğu məsələlər Paşinyan üçün ciddi siqnaldır”

Təbriz Musayev: “Saakaşvilinin toxunduğu məsələlər Paşinyan üçün ciddi siqnaldır”

Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili Ermənistanın baş naziri Nikol Paşinyana növbəti dəfə müraciət edib.

Saakaşvili müraciətində Paşinyana Avropa Birliyinə, NATO-ya qaçmağı məsləhət görüb: “Putin erməni konyakını yox, Paşinyanın özünü bəyənmədi və qadağa onu hakimiyyətdən sıxışdırmaq üçün növbəti addımdır. Mən bunu Ermənistanın Baş naziri üçün bir daha təkrar etmək istəyirəm: Hörmətli Nikol, qaç, daha sürətli qaç, KTMT-dən, Avrasiya Birliyindən arxaya baxmadan qaç. Avropa Birliyinə, NATO-ya, yeni regional birliklərə qaç. Ən əsası, ayağınızı Rusiyadan uzaqlaşdırın, özünüzü və erməni dövlətçiliyini xilas edin! Putin “bulldoq” kimidir. Dişlərini sıxana qədər dişləyir və buraxmır. Sağ qalmaq üçün bu dişləmədən uzaqlaşın. Əminəm ki, hələ də gec deyil. Və tərəddüd etməyi və oyalanmağı dayandırın. Gecikmə ölüm kimidir!”.

Qeyd edək ki, M.Saakaşvili bundan əvvəl oktyabrın 18-də Paşinyana müraciət edib. O, Ermənistanın KTMT, MDB və Gömrük İttifaqından çıxmasını tövsiyə edərək bildirmişdi ki, regionun və Ermənistanın taleyindən narahatdır.

Məsələ ilə bağlı “Bakı-Xəbər”ə açıqlama verən İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayev hesab edir ki, Saakaşvilinin toxunduğu məsələlər Paşinyan üçün ciddi siqnaldır: “Əvvəla, nəzərə almaq lazımdır ki, Putin çox kinli bir siyasətçidir. İstər ölkə daxilində, istərsə də ölkə xaricində onunla hesablaşmayanların bəzilərinin aqibəti çox faciəli oldu. O cümlədən, Saakaşvili Putinin fəaliyyəti sayəsində dramatik siyasi aqibətlə üzləşdi. Taleyin ironiyasına bax ki, Qərbin dəstəyi ilə hakimiyyətə gələn, Gürcüstanda bir sıra fundamental islahatlara imza atan Saakaşvili bu gün sahibsizdir. 15-20 il əvvəl Qərb ona verdiyi dəstəyi bu gün vermir, onu taleyin ümidinə buraxıb. Hazırda Qərb Paşinyanın mühafizəsinə texniki və dəgər yardımlar edir. Ancaq bunun nə dərəcədə davamlı olacağını demək çətindir. Üstəlik, Putinin rəngli inqilablara patoloji nifrətini nəzərə alsaq, məqam yaranan kimi Paşinyanla bağlı öz bildiyini edəcək. Saakaşvili demək istəyir ki, Paşinyan Rusiyadan uzaqlaşma kursunu yarımçıq saxlasa, bu ona baha başa gələcək. Yəni nə qədər ki Rusiyanın başı Ukraynaya qarışıb, Nikol prosesləri sürətləndirməlidir. Ancaq Saakaşvili bir məqamı nəzərə almır ki, Gürcüstandan fərqli olaraq, Ermənistan Rusiyaya çox bağlıdır. Abxaz separatizmi üzündən 1991-ci ildən Rusiya-Gürcüstan münasibətləri gərgin olub. Hələ Eduard Şevardnadzenin hakimiyyəti dövründə Qərblə Gürcüstan arasında sıx əlaqələr olub. Gürcüstanın açıq dənizə çıxışı var. Ancaq Ermənistanda bu imkanlar yoxdur. Həm iqtisadi-siyasi, hərbi baxımdan Ermənistan Moskvaya çox bağlı olub, həm də Rusiyada yaşayan ermənilərin sayı Ermənistan ermənilərindən çoxdur. O baxımdan Paşinyan üçün risqlər daha çoxdur”.

Həmçinin oxuyun

Netanyahu İlham Əliyevi təbrik etdi

İsrailin Baş naziri Benyamin Netanyahu Prezident İlham Əliyevə təbrik məktubu göndərib.Məktubda deyilir:“Hörmətli cənab Prezident.Bu yaxınlarda …