Məlum olduğu kimi, Rusiya mediasında ermənilərin təsir imkanları çox genişdir. Ancaq Rusiya telekanallarında nə qədər çox ermənipərəst ekspertlərə yer verilsə də, arada obyektiv mövqedən çıxış edənlərə də imkan yaradılır.
Bu arada hərbi ekspert Mixail Xodoryonok rus telekanallarına açıqlamasında Azərbaycanla bağlı diqqəti çəkən məqamlara toxunub: “Azərbaycanın çox güclü ordusu var. Amma məsələ həll edilməmiş qalır. Bu gün həll edə bilmədiklərini gələcəkdə mütləq əldə edəcəklər. Bu mərhələlərdə strateji üstünlüyə sahib olan Azərbaycan gec-tez öz ərazi bütövlüyünü bərpa edəcək. Azərbaycan silahlı qüvvələri gündən-günə güclənir. Təxirəsalınmaz seleksiya işləri həm komandir heyətində, həm də döyüş əməliyyatı hazırlığında fərqli səviyyədə qurulub. Müasir silah tədarükü üçün hər cür imkana malikdirlər. Ən başlıcası, onların güclü müttəfiqi var. Bu da regional planda Azərbaycanın imkanlarını daha da artırır. Ermənistana gəlincə, bütün vektorlar mənfi xarakterlərlə əhatə olunub. Bəzi erməni liderlərin ağıllanması üçün istefalarını istisna etmirəm”.
Məsələ ilə bağlı “Bakı-Xəbər”ə açıqlama verən İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayev hesab edir ki, bir sıra faktorlar Rusiya hərbi ekspertlərini reallığı əks etdirən mövqedən çıxış etməyə məcbur edir: “Bəli, Rusiyanın əksər media orqanlarında, telekanallarda ermənilərin mövqeyi güclüdür. Ermənilər hər fürsətdə bundan istifadə edir və Azərbaycan əleyhinə materialların yayılmasında xüsusi canfəşanlıq edirlər. Ancaq o da var ki, tarixən Rusiya imperiya maraqlarından çıxış edərək ermənilərdən bir maşa kimi istifadə edib. Rusiya tərəfindən ermənilərdən təkcə Azərbaycana qarşı yox, Orta Asiyanın türkdilli ölkələrinə qarşı da istifadə olunub. 1989-cu ildə Özbəkistanda Fərqanə hadisələri baş verəndə pərdə arxasında toqquşmaları alovlandıran ermənilər idi. Qaldı ki, hərbi ekspert Mixail Xodoryonokun obyektiv fikirlərinə yer verilməsinə, bu, mövcud reallıqlardan irəli gəlir. Məsələ ondadır ki, Azərbaycan Ordusu 44 günlük müharibədə parlaq qələbə qazandı. Müharibədə tətbiq olunan taktikalar müasir hərb elmində böyük yenilikləri özündə ehtiva edirdi. Təsadüfi deyil ki, dünyanın aparıcı dövlətləri, beynəlxalq hərbi araşdırma mərkəzləri bunu tədqiq edirlər. Rusiya görür ki, ötən 3 ildə vəziyyət Azərbaycanın xeyrinə inkişaf edir. Həm hərbi baxımdan, həm də siyasi nöqteyi-nəzərdən. Hərbi baxımdan Qarabağda müharibədən sonra bir sıra strateji yüksəkliklər nəzarətə götürülüb. Laçın yolunun başlanğıcında nəzarət-buraxılış məntəqəsi qurulub. Bütün bunların heç birinə Rusiya sülhməramlıları mane ola bilməyib. Bütün bunlarla paralel, Azərbaycanın NATO ölkəsi olan Türkiyə kimi müttəfiqi var. O Türkiyə ki, regionda əsas söz sahiblərindən biridir. Siyasi baxımdan ötən üç ildə beynəlxalq müstəvidə Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə dəstək daha da artlb. Avropa İttifaqı, ABŞ birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Özü də bu, təkcə sözdə yox, praktiki əməldə özünü göstərir. Bütün bu üstünlüklərin fərqində olan Rusiyanın siyasi, hərbi ekspertləri Azərbaycanın üstün tərəf olduğunu bəyan edirlər. Üstəlik, internet əsrində yaşayırıq. Rusiyanın təbliğat vasitələri Azərbaycana qarşı ara-sıra şovinist mövqedən çıxış etsələr də, alternativ media resursları gerçək vəziyyəti olduğu kimi təqdim edir. Belə olan halda birtərəfli təbliğat nəyəsə yaramır”.