Cümə axşamı , May 26 2022
Ana səhifə / Siyasət / Təbriz Musayev: “Revanşistlər ümid edir ki, Rusiya qalib gəlsə, proseslər onların xeyrinə işləyəcək”

Təbriz Musayev: “Revanşistlər ümid edir ki, Rusiya qalib gəlsə, proseslər onların xeyrinə işləyəcək”

1998-2008-ci illərdə Ermənistanın xarici işlər naziri olanVardan Oskanyan son məqaləsində keçmiş prezident Levon Ter-Petrosyanla hazırki baş nazir Nikol Paşinyan arasında belə bir müqayisə aparıb: “Levon Ter-Petrosyan, Laçın istisna olmaqla, Dağlıq Qarabağ ətrafındakı rayonları Azərbaycana qaytarmağın yerinə Dağlıq Qarabağın statusunu sonraya saxlamağı təklif edirdi. Nikol Paşinyan isə statusdan vaz keçərək Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanımağa hazırdır”.

Bununla belə, V.Oskanyan Paşinyanın Azərbaycanla sülh sazişi imzalaması ideyasının əleyhinədir. Oskanyan Paşinyanın beynəlxalq aləmə istinadının yanlış olduğunu belə izah edib: “Tam əksinə, beynəlxalq aləm dağınıqdır, bundan istifadə edib Azərbaycanın xeyrinə addım atılmamalıdır. Bu gün nəyin bahasına olursa-olsun sülh müqaviləsinin imzalanmasından yan keçmək və ondan yayınmaq lazımdır. Çünki bu, Qarabağın Azərbaycanın tərkibində statusunu istər-istəməz möhkəmləndirəcək”.

Görünən odur ki, Ermənistanda revanşist siyasi qüvvələrə yaxın olan sabiq məmurlar hər vasitə ilə Azərbaycanla sülh sazişinin imzalanmasını əngəlləməyə çalışırlar. Bütün resursları səfərbər ediblər ki, 6 apreldə Brüsseldə keçirilən görüşdə əldə olunan prinsipial razılaşmalar həyata keçməsin. Onları ən çox narahat edən məqam Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanıyacağı ilə bağlı verdiyi vəddir.

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayevin fikrincə, V.Oskanyanın belə bir tələblə çıxış edəcəyi gözlənilən idi: “Suriya əsilli Oskanyan Levon Ter-Petrosyanın prezidentliyi dövründə xarici işlər nazirinin 1-ci müavini olub. Əvvəldən Qarabağ danışıqlarının içində olub. 1998-ci ildə Ter-Petrosyan devriləndən sonra prezident olan Robert Köçəryan Oskanyanı xarici işlər naziri təyin etdi. Oskanyan istər nazir olduğu dövrdə, isdərsə də ondan sonrakı dövrdə Qarabağ məsələsində radikal və güzəştsiz mövqedən çıxış edən siyasi persona olub. Hər vasitə ilə işğal altında olan ərazilərin boşaldılmasının əleyhinə olub. Zaman-zaman müxtəlif destruktiv açıqlamaları ilə gündəmə gəlib. Hətta bəzi zamanlarda radikal mövqe sərgilədiyi üçün beynəlxalq müstəvidə tənqidlərə məruz qalıb. O baxımdan Oskanyanın belə çağırışla çıxış edəcəyi gözlənilən idi. Nəinki Oskanyan, digər radikal mövqedən çıxış edən erməni siyasilər maksimum çalışırlar ki, Azərbaycanla Ermənistan arasında indiki məqamda sülh sazişi imzalanmasın. Hesab edirlər ki, Rusiyanın Ukraynaya davam edən hücumunun nə ilə nəticələnəcəyi bəlli deyil. Revanşistlər ümid edir ki, Rusiya qalib gəlsə, proseslər bu və ya digər dərəcədə onların xeyrinə işləyəcək. Ona görə də hər vasitə ilə müqavimət göstərirlər. Hətta bu minvalla Paşinyanı devirəcəklərinə ümid edirlər. Sözügedən proseslərdə Rusiyanın da rolu var. Məsələ ondadır ki, Kreml Avropa İttifaqının təşəbbüsü ələ alaraq tərəfləri barışdırmasında maraqlı deyil. Çünki sülh sazişi həm də sülhməramlıların Qarabağdan tezliklə çıxmasına təkan verə bilər. Bu isə Rusiyanın Cənubi Qafqazın 2 dövlətinə təsir imkanlarının azalması deməkdir”.

Bütün bunlardan çıxış edən İAT sədri hesab edir ki, Ermənistanın sülh danışıqları prosesini uzatması ehtimalı böyükdür.

Həmçinin oxuyun

Fərid Qayıbov Azad Rəhimovun qaynını işdən çıxardı – FOTO

Bakı Su İdman Sarayının direktoru Elçin Həsənov işdən çıxarılıb. Fərid Qayıbovun əmri ilə onun yerinə …