Cümə axşamı , May 26 2022
Ana səhifə / Siyasət / Təbriz Musayev: “Revanşistlər hakimiyyətə gəlsələr belə, nəyisə dəyişə bilməyəcəklər”

Təbriz Musayev: “Revanşistlər hakimiyyətə gəlsələr belə, nəyisə dəyişə bilməyəcəklər”

Məlum olduğu kimi, günlərdir Ermənistan daxilində gərginlik qalmaqdadır. Revanşist müxalif qüvvələr bütün vasitələrlə Nikol Paşinyanı devirmək istəyirlər. Bu arada Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan “Sübut olunan və sübut olunmayan” adlı məqaləsində ermənilərə və revanşistlərə xəbərdarlıq edərək kompromisləri rədd etmək və status-kvonu saxlamaq siyasətinin ölkədə milli fəlakətə gətirib çıxaracağını qeyd edib.

Maraqlıdır ki, keçmiş prezident Paşinyan hakimiyyətini 44 günlük savaşda biabırçı məğlubiyyətin əsas günahkarı hesab etmir. O, hesab edir ki, məğlub olan yalnız Paşinyan hakimiyyəti deyil, ümumilikdə Ermənistan dövlətidir: “Kompromisləri rədd etmək və status-kvonu saxlamaq siyasətinin milli fəlakətə gətirib çıxardığını sübut etməyə ehtiyac yoxdur, hətta həmin siyasətin bəzi keçmiş tərəfdarları da fəlakətdən sonra bunu etiraf edirlər. Ancaq bir çoxları özlərinə haqq qazandırmaq üçün kompromis yolunu seçsəydilər, eyni şeyin olacağını sübut etməyə çalışacaqdılar. Bu, özünə bəraət qazandırmaq üçün acınacaqlı və tamamilə sübuta yetirilməmiş cəhddən başqa bir şey deyil, çünki tarix “əgər”i sevmir. Tarix artıq əldə edilənləri fiksasiya edir. Odur ki, Qarabağ münaqişəsinin kompromis həllinin əleyhdarları (dövlət xadimləri, partiya rəhbərləri, ziyalılar) nə qədər öz soyqırımı əməllərinə haqq qazandırmağa çalışsalar da onlar gec-tez hələ heç kimin qaça bilmədiyi tarixin məhkəməsi qarşısında dayanacaqlar.

Söhbət hazırkı daxili siyasi qarşıdurmadan gedir və məncə, qarşıdakı çətin danışıqlarda Ermənistanın mövqeyini gücləndirmir, əksinə zəiflədir. Ona görə də bugünkü müxalifətin əsas məqsədinin nə olduğu aydın deyil. Serj Sərkisyanın yüngül əli ilə Nikol Paşinyana “kapitulyant” damğası vuruldu ki, bu, düzgün olsa da yarı həqiqətdir. Əslində təslim olan Paşinyan deyil, Ermənistan idi. Paşinyan sadəcə olaraq Ermənistanın kapitulyasiya aktına imza atdı. Ona görə də Paşinyanı, Robert Köçəryanı, Serj Sərkisyanı, hətta İşxan Saqatelyanı belə kim əvəzləsə, onlar Ermənistanın boynuna dolanan həlli itaətkarlıqla qəbul edəcəklər”.

Ter-Petrosyanın yanaşmasından belə məlum olur ki, Ermənistan mövcud kompromisləri qəbul etməsə, ölkə daha ağır fəlakətlə üzləşəcək.

Məsələyə münasibət bildirən İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayevin fikrincə, Ter-Petrosyanın revanşistlərə xəbərdarlığı ciddi məqamlardan xəbər verir: “Baxmayaraq ki, Azərbaycan əraziləri Levon Ter-Petrosyanın prezidentliyi dövründə işğal olunub, amma o, hələ o zaman bir sıra güzəştlərin tərəfdarı idi. Hansı ki, Birinci Qarabağ müharibəsində Ermənistan qalib, Azərbaycan məğlub tərəf idi. Buna rəğmən, 1997-ci ildə Ter-Petrosyan Qarabağ danışıqlarında “mərhələli həll” variantını qəbul etdi. Ancaq 1998-ci ildə Rusiyanın himayəsi ilə “Qarabağ klanı” Ter-Petrosyanı devirdi. Onu devirməyin bir səbəbi həmin qüvvələrin hakimiyyətdə təmsil olunmaları ilə bağlı idi. Həmin dövrdə Robert Köçəryan Ermənistanın baş naziri, Serj Sarkisyan isə daxili işlər naziri idi. O vaxt radikal qüvvələr hakimiyyətə gəlsələr də Qarabağın işğal altında qalması Ermənistanın inkişafına səbəb olmadı. Dünya işğalı hüquqi baxımdan qəbul etmədi, ölkədə iqtisadi tənəzzül, miqrasiya davam etdi. Ermənistan təcrid vəziyyətindən qaldı. Bütün aparıcı beynəlxalq qurumlar Azərbaycanın ərazi bütövlüyünü dəstəklədi. Ən nəhayət 2020-ci ildə Azərbaycan hərb yolu ilə ərazilərini işğaldan azad etdi. Tamamilə yeni reallıqların yaranması fonunda Ermənistandakı revanşist qüvvələr müqavimət göstərirlər. Bu isə mənasızdır. Revanşistlər lap Paşinyanı devirib hakimiyyətə gəlsələr belə, nəyisə dəyişə bilməyəcəklər. Əksinə, rus sülhməramlıların müvəqqəti nəzarətində olan əraziləri də azad edəcəyik. Çünki Ermənistanın vəziyyəti öz xeyrinə dəyişmək üçün heç bir resursu yoxdur. Sabiq Ermənistan prezidenti bütün bunların fərqində olduğu üçün həyəcan təbili çalaraq xəbərdarlıq edir”.

İAT sədri onu da əlavə etdi ki, Ermənistan yeni reallıqları qəbul etməyə məhkumdur. (Bakı-Xəbər)

Həmçinin oxuyun

Ədalət Vəliyev Ağasif Şakiroğlu ilə görüşdü

Mayın 25-də Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev …