Bazar , Sentyabr 19 2021
Ana səhifə / Siyasət / Təbriz Musayev: “Reallıq ondan ibarətdir ki, Rusiya Ermənistanda yavaş-yavaş Qərbə uduzur”

Təbriz Musayev: “Reallıq ondan ibarətdir ki, Rusiya Ermənistanda yavaş-yavaş Qərbə uduzur”

Ermənistanda Rusiyaya yönəlik çağırışlar, təbliğat kampaniyası hər keçən gün daha qabarıq formada özünü göstərir. Artıq nəinki Ermənistandakı ermənilər, hətta Rusiyada yaşayan erməni mənşəli ekspert və blogerlər belə, Moskvanı acıq şəkildə “erməni xalqına xəyanətdə” ittiham edirlər.

Azərbaycan-Ermənistan sərhədində baş verən təxribatların zamanına diqqət yetirsək görərik ki, bu addımlar münaqişə ətrafında gedən konkret siyasi proseslərin sürətləndiyi vaxtlarda atılır. Daxili auditoriyada bir cür, xarici səfərlər, müxtəlif ölkə rəhbərləri ilə görüşlərində isə başqa cür çıxışlar edən erməni rəhbərləri getdikcə daha çox ikili oyun oynayırlar. Ermənistan rəhbərliyinin bu riyakar siyasəti böyük ikrah doğurmaqdadır. Özü də Ermənistan hakimiyyəti mətbuatda bu yöndə təftiş və tənqid məzmunlu materialların getməsinə hərtərəfli şərait yaradır.

Bu arada erməni mediası yazır ki, Ermənistan yeni müttəfiqlərin köməyi ilə Rusiyaya qarşı gedə bilər: “Ermənistan Rusiyaya qarşı çıxmalıdır. Ehtiyac olarsa, Ermənistan bu ölkəyə qarşı müharibəyə də getməlidir. Rəsmi İrəvan, Rusiyanın hərbi müdaxilə risqi olsa belə, bütün kommunikasiya layihələrindən tamamilə imtina etməlidir. Ermənistan tərəfi Moskvanın şərtlərinə tabe olmamaq üçün əlindən gələni etməlidir, bütün vasitələrlə ona müqavimət göstərməlidir. İrəvan digər müttəfiqlərini cəlb etmək yolu ilə Rusiyaya qarşı mübarizə aparmalıdır. Yeni müttəfiqlərin köməyi ilə biz Rusiyaya qarşı gedə bilərik”.

Görünən odur ki, bu istiqamətdə sistemli kampaniya aparılır və bu müəyyən hədəflərə hesablanıb.

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayev hesab edir ki, Ermənistanda Rusiyadan uzaqlaşma tendensiyası geridönməz hal alıb: “Rusiya nə etsə də bunun qarşısını ala bilməyəcək. Baxmayaraq ki, rus ordusu orda yerləşir, Ermənistan Avrasiya Birliyində və KTMT-də təmsil olunur, ölkənin aparıcı iqtisadi sahələri Rusiyaya məxsusdur. Ancaq bunların heç biri sözügedən prosesi önləyə bilməyəcək. 20 iyun seçkilərinin nəticələri və ondan sonra gedən proseslər bir daha bunu sübut edir. Baxmayaraq ki, Rusiya revanşistlərin təbliğ olunması ilə bağlı bütün media resurslarını onların ixtiyarına verdi. Ancaq bunların heç biri revanşistlərin xeyrinə əsaslı dönüş yarada bilmədi. Sadəcə parlament də Rusiyapərəst qüvvələrdən ibarət oldu. Reallıq ondan ibarətdir ki, Ermənistan uğrunda Qərblə Rusiya arasında geosiyasi mübarizə gedir və Rusiya Ermənistanda yavaş-yavaş Qərbə uduzur. Ermənilər çox bic millətdilər. Onlar fərqindədilər ki, Rusiya Ukrayna kimi strateji əhəmiyyətli ölkəni itirdi. Belarusda yaşananlar göz qabağındadır. Həmçinin, Qarabağla bağlı əvvəlki status-kvonun geri qayıtmayacağını, reallıqların dəyişdiyini görürlər. Çünki 1993-cü ildəki vəziyyət tamam başqa idi. Ona görə də nicat yolunu Qərbdə görürlər. Çünki pul və texnologiya Qərbdədir, Rusiyada yox. Bu səbəbdən erməni mediası dayanmadan Rusiyanın üzərinə gedir”.

İAT sədri hesab edir ki, Paşinyan mövqelərini daha da möhkəmləndirəndən sonra Ermənistanda Rusiyaya qarşı əks fəaliyyətin yeni bir müstəviyə keçəcəyi ehtimalı böyükdür.

Həmçinin oxuyun

“Öz ata evini belə dağılmış halda görmək çox çətin bir sınaq idi”

“Bu evdə hər şey dağıdılmış, sındırılmış, pəncərələr, qapılar, bütün eksponatlar oğurlanmışdı”. Bunu Üzeyir Hacıbəyli – …