Çərşənbə axşamı , Oktyabr 26 2021
Ana səhifə / Siyasət / Təbriz Musayev: “Rəsmi Parisin verdiyi boş-boş bəyanatlar, heç bir təsir gücünə malik olmadı”

Təbriz Musayev: “Rəsmi Parisin verdiyi boş-boş bəyanatlar, heç bir təsir gücünə malik olmadı”

“Biz ortalığa beynəlxalq hüquq qoymuşuq, ədalət qoymuşuq, güc qoymuşuq”. 

Bunu Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Silahlı Qüvvələr Günü münasibətilə “Gülüstan” sarayında Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüşü zamanı deyib.

Ölkə başçısının sözlərinə görə, müharibə dövründə Ermənistanı dəstəkləyənlərin bəyanatları heç nəyi dəyişə bilmədi: “Biz ikitərəfli formatda əlaqələrimizi gücləndirməli idik. Baxın, görün, son illər ərzində bizim dostlarımızın sayı nə qədər artıb. Bu gün Azərbaycanla daha yaxın əlaqələr qurmaq istəyən ölkələrin sayı durmadan artır və İkinci Qarabağ müharibəsi onu bir daha göstərdi. Ermənistan demək olar ki, tamamilə təcrid edilmiş vəziyyətdə idi. Bəzi ermənipərəst xarici dairələrin çıxışlarını, bəyanatlarını mən indi kənara qoyuram. Amma bizim yorulmaz fəaliyyətimiz nəticəsində, bütövlükdə, dünyada bu müharibə ilə bağlı artıq tam konkret və həqiqəti əks etdirən təsəvvür var idi. O cümlədən, ikitərəfli formatda bir çox ölkələrlə bərabərhüquqlu və qarşılıqlı maraqlar üzərində qurduğumuz münasibətlər bizim gücümüzü artırırdı. Qardaş ölkələr – Türkiyə başda olmaqla, Pakistan və Əfqanıstan, eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər ölkələr müharibənin ilk saatlarından bizə öz dəstəyini göstərirdi. Bu, əyani şəkildə onu göstərir ki, bizim nə qədər güclü beynəlxalq dəstəyimiz vardır. Ermənistanı kim dəstəklədi? Biz onu yaxşı bilirik və o ölkələrin adlarını bugünkü mərasimdə çəkmək yersizdir. Ancaq o bəyanatlar nəyi dəyişdi? Heç nəyi. Çünki biz ortalığa beynəlxalq hüquq qoymuşuq, ədalət qoymuşuq, güc qoymuşuq”.

Bütün bunlar müharibə dövründə Azərbaycana olan beynəlxalq dəstəyin bu və ya digər formada Ermənistanla müqayisəolunmaz dərəcədə böyük olduğunu ortaya qoyur.

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayev bununla bağlı bir sıra məqamlara toxundu: “Müharibə zamanı Azərbaycanın haqlı olmasını şərtləndirən başlıca amil beynəlxalq hüququn xeyrimizə olması ilə bağlı idi. Bununla belə, ötən müddət ərzində bir sıra beynəlxalq qurumların Qarabağ məsələsi ilə bağlı Azərbaycanın ərazi bütövlüyünü birmənalı dəstəkləməsi xeyrimizə işlədi. Düzdür, bir sıra aparıcı dövlətlər uzun illərdir Qarabağ məsələsində ikili siyasət sərgiləyirlər. Hansı ki, onlar birmənalı mövqe ortaya qoysaydılar, o zaman Qarabağ məsələsinin həlli bu qədər uzanmazdı. Ermənistanı müharibə dövründə dəstəkləyən dövlət Fransa oldu. Fransa Senatının, prezident Emmanuel Makronun sərgilədiyi qərəzli mövqe hər kəsə bəllidir. Ancaq Fransa dövlətinin sərgilədiyi canfəşanlıq, praktiki olaraq, nəyisə dəyişə bilmədi. Bu isə, nəticə etibarilə, Fransa kimi bir dövlətin nüfuzuna zərbə vurdu. Çünki rəsmi Parisin verdiyi boş-boş bəyanatlar, faktiki olaraq, heç bir təsir gücünə malik olmadı. Müharibə dövründə bir neçə dəfə Makron Vladimir Putinə telefon açaraq minnətçi düşdü. Ancaq bütün bunlar Azərbaycan Ordusunun qarşısına qoyduğu məqsədləri əngəlləyə bilmədi. Rəşadətli ordumuzun sürətlə irəliləməsi Ermənistanı 3 rayonu (Ağdam, Kəlbəcər, Laçın) döyüşsüz boşaltmağa məcbur etdi. Hardasa 10 min kvadratkilometr ərazi işğaldan azad olundu ki, bunun təxminən yarısı döyüş yolu ilə, digər yarısı isə döyüşsüz azad edildi. Sözün həqiqi mənasında, bu çox böyük nəticə idi. Müharibə dövründə Rusiyada və digər ölkələrdə fəaliyyət göstərən erməni lobbisi qanunsuz yollarla Ermənistana silah göndərdi. Müxtəlif media qurumlarında Azərbaycana yönəlik kirli təbliğat kampaniyası təşkil etdilər. Ancaq bunların heç biri bizə mane ola bilmədi”.

İAT sədri hesab edir ki, diplomatik müstəvidə Azərbaycan səylərini daha da artırmalıdır.

Həmçinin oxuyun

Ərdoğan bu gün Azərbaycana səfərə gəlir

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana bir günlük işgüzar səfərə gəlir. Dövlət başçısının …