Cümə , Dekabr 9 2022
Ana səhifə / Siyasət / Təbriz Musayev: “Qondarma “soyqırım”la bağlı qərarlar ABŞ-a qarşı nifrət yaradır”

Təbriz Musayev: “Qondarma “soyqırım”la bağlı qərarlar ABŞ-a qarşı nifrət yaradır”

Kalifotniya əhali sayına görə ABŞ-ın ən böyük və nüfuzlu ştatıdır. Ərazisinə görə Alyaska və Texasdan sonra 3-cü ən böyük ştatdır. Əlavə olaraq Kaliforniyanın Los Anceles şəhərində yerləşən Hollivud dünya kinematoqrafiyasının mərkəzi kimi tanınır. Ən başlıcası, həm də sözügedən ştat erməni lobbisinin beşiyi sayılır.

Bu arada  Kaliforniya Ştat Şurasının üzvü Edrin Nazaryanın təşəbbüsü ilə ermənilər bu ölkədə bir uğura da imza atıblar. Belə ki, qondarma “24 aprel erməni soyqırımı” günü ilə bağlı yeni qərar qəbul edilib. Həmin qərara əsasən, hər il bu tarix “soyqırım qurbanlarının anım günü” olaraq matəm kimi qeyd ediləcək. Kaliforniyada hər ilin bu günü dövlət müəssisələri, o cümlədən məktəblər, bələdiyyə kolleclərinin bağlanacağı, dövlət işçiləri üçün ödənişli istirahət günü olacağı da qanunda yer alıb.

Qeyd edək ki, dünyanın ən böyük və maliyyə baxımından ən güclü lobbilərindən olan erməni lobbisinin ABŞ, Fransa, Braziliya, Böyük Britaniya, Almaniya və diğər Avropa ölkələrində olduğu heç kimə sirr deyil. Hazırda ABŞ-da yerləşən erməni lobbisi ABŞ-ın 50 ştatında qondarma erməni soyqırımını rəsmən tanıtmağa nail olub. Son iki ildə isə 1915-ci il uydurmasını ABŞ prezidenti Cozef  Bayden “soyqırım” kimi tanıyıb.

Kaliforniya ermənilərinin belə bir qanunun qəbul edilməsinə nail olması əslində ABŞ-da erməni lobbisinin bu dövlətin milli maraqlarını ayaq altına atmasının bir əlamətidir. Çünki artıq ayrı-ayrı ştatlarda, o cümlədən Kaliforniyada bütün ştatın siyasətini erməni lobbisinin mənafelərinə tabe ediblər. Onsuz da heç nəyə nail ola bilmirlər, amma yenə öz bildiklərini edirlər. Əslində bu, ABŞ-ın milli təhlükəsizliyi üçün böyük təhdiddir. Nəzərə almaq lazımdır ki, Kaliforniya ştatının qərarı Ermənistanda revanşizmin güclənməsinə rəvac verir. Revanşistlərə bir dəstəkdir ki, onlar ruhdan düşməsinlər. Həm Türkiyəyə, həm də Azərbaycana qarşı düşmənçiliyi körükləsinlər. Özü də aprelin 24-nə hələ bir neçə ay var. Ermənistanda revanşizm mövzusunda beynəlxalq müzakirələrin aktivləşdiyi bir dövrdə belə qərar qəbul olunur. Demək hədəf odur ki, Ermənistanda revanşizm sönməsin. Bütün bunlar ABŞ-ın milli təhlükəsizlik siyasətinə ciddi zərbə vurur. Ona görə də ABŞ hökuməti Kaliforniya ştatının bu qərarına mütləq şəkildə münasibət bildirməlidir.

Məsələyə münasibət bildirən İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayev hesab edir ki, Konqres və bir sıra ştatların administrativ orqanları inanılmaz dərəcədə ABŞ-ın milli maraqlarına qarşı gedir: “Belə baxanda, təxminən 1 milyon erməni 330 milyondan çox ABŞ əhalisi üçün elə də böyük rəqəm deyil. Ancaq əfsuslar olsun ki, uzun illərdir formalaşan erməni lobbisi Birləşmiş Ştatların siyasətində müəyyən rol oynaya bilir. Düzdür, zaman-zaman Dövlət Departamenti bəyan edir ki, bu kimi ştat müstəvisində qəbul olunan qərarlar ABŞ-ın xarici siyasətinə təsir göstərmir. Ancaq bunlar anlamaq istəmirlər ki, qondarma “soyqırım”la bağlı qərarlar Türkiyə və Azərbaycanda ABŞ-a qarşı nifrət yaradır. Bu isə ABŞ-ın milli maraqlarına zərbədir. Türkiyənin əhalisi 85 milyon, Azərbaycan əhalisi isə 10 milyon nəfərdir. Marionet, dünya xəritəsində görünməyən Ermənistana görə bütün bunlar doğru deyil. Bax, bu kimi yanlış siyasətin nəticəsidir ki, Türkiyə Rusiya ilə yaxınlaşmaya xüsusi önəm verir. Bu baxımdan hesab edirəm ki, Vaşinqton hökuməti öz siyasətinə yenidən baxmalı və erməni lobbisinin girovu olmamalıdır”. (Bakı-Xəbər)

Həmçinin oxuyun

“Müdrik qardaşım Patriarx Kirillə Azərbaycan xalqı adından minnətdarlığımı ifadə edirəm” – QMİ sədri

30 illik işğal dövründə Azərbaycanın Qarabağ torpaqlarında mədəni-mənəvi irs abidələrinə qarşı həyata keçirilmiş vandalizm aktlarını, …