Çərşənbə axşamı , Oktyabr 26 2021
Ana səhifə / Siyasət / Təbriz Musayev: “Qərb Qarabağ tənzimlənməsinin Rusiyanın moderatorluğu altında həyata keçirilməsini istəmir”

Təbriz Musayev: “Qərb Qarabağ tənzimlənməsinin Rusiyanın moderatorluğu altında həyata keçirilməsini istəmir”

İkinci Qarabağ müharibəsindən təxminən səkkiz ay sonra ermənilər Azərbaycana qarşı hərbi təxribatlara yenidən başlayıb. Son günlər tez-tez həm dövlət sərhədi boyunca, həm də Qarabağın ermənilər yaşayan hissəsində Azərbaycanın mövqeləri atəşə tutulur.

Ağdam rayonunda törədilmiş silahlı təxribatın ardınca ermənilər bu dəfə Azərbaycan ordusunun Şuşa şəhərindəki mövqelərini atəşə tutub. Bölgədə təhlükəsizliyin təmin edilməsinə məsul olan Rusiya sülhməramlıları isə, nədənsə, vəziyyətə çevik müdaxilə etmir. ABŞ, Fransa və Rusiya səfirlərinin Şuşaya getməkdən imtina etməsi, eləcə də Ermənistanın Baş naziri vəzfəsini icra edən Nikol Paşinyanın köməkçisi İsaxanyanın Xankəndiyə qanunsuz səfəri fonunda atəşkəsin pozulması halları diqqəti cəlb edir.

Bununla yanaşı, ABŞ dövlət katibi Entoni Blinken Paşinyana zəng etdi. Ardınca Fransanın Ermənistandakı səfiri Conatan Lakott Paşinyanla görüşdü və məlum oldu ki, Fransa prezidenti Emmanuel Makron İrəvana səfər edəcək. Bu təmaslar Qərbin (ABŞ və Fransa) Ermənistanda seçkilərdən sonra münasibətləri aydınlaşdırmaq istəyindən irəli gəlir və Paşinyanın Moskvada Putinlə görüşündən sonra baş verməsi də buna hesablanıb. Başqa bir tərəfdən, sözügedən təmasların Paşinyanın Moskvada Putinlə görüşündən sonra və paralel olaraq atəşkəsin pozulmaqda davam etməsi fonunda baş verməsi nə deməkdir? Bütün bunlar təsadüfdürmü?

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayevin fikrincə, baş verənlər arasında hardasa sinxron bağlılıq var: “O baxımdan əsla düşünmürəm ki, burada hansısa təsadüf var. Məsələ ondadır ki, bütün bunlar Ermənistanda keçirilən seçkilərdən sonra baş verir. Seçkilərdən sonra Avropa İttifaqı Ermənistana 1,5 milyard avro maliyyə yardımı edəcəyini bəyan etdi. Bu onu göstərir ki, Qərb Paşinyan hakimiyyətinin ayaqda dura bilməsini istəyir. Bunun üçün başlıca amillərdən biri iqtisadi yardımdır. Məlum olduğu kimi, 44 günlük müharibə və üstəgəl pandemiya Ermənistan iqtisadiyyatına güclü zərbə vurub. Paşinyan hakimiyyətinə cəmiyyətin inamını qaytarmaq üçün mütləq müəyyən iqtisadi canlanma olmalıdır. Bu da Qərbin yardımından keçir. Seçkilərdən əvvəl belə proqnozlar səslənirdi ki, Paşinyanın qalib gəlməsi danışıqların davamı, ardınca kommunikasiya xətlərinin açılması deməkdir. Ancaq reallıqda biz bunun əksini görürük. Paşinyan Rusiyaya səfərdən və Qərb ölkələri ilə telefon təmaslarından sonra ritorikanı sərtləşdirir. Delimitasiya və digər məsələlərlə bağlı şərt irəli sürür. Fikrimcə, o müəyyən yerlərdən cəsarət alaraq buna gedir. ABŞ dövlət katibinin Paşinyana zəngi, Blinkenin fransalı həmkarı ilə Qarabağla bağlı müzakirələr aparması, eyni zamanda Makronun Ermənistsana səfər edəcəyini bəyan etməsi bəzi məqamlardan xəbər verir. Məsələnin məğzi ondan ibarətdir ki, Qərb Qarabağ tənzimlənməsinin Rusiyanın moderatorluğu altında həyata keçirilməsini istəmir. Ola bilsin ki, müxtəlif istiqamətlərdə ermənilərin atəşkəsi pozması buna hesablanıb. Qərbin prosesə qoşulmasının müxtəlif tərəfləri var. Bu minvalla Qərb Qarabağ tənzimlənməsini Rusiyanın monopoliyasından çıxarmaq istəyir. Ancaq tənzimlənmə tək Rusiyanın təsir dairəsində deyil. Kimin nə deməsindən aslı olmayaraq, Türkiyə praktiki olaraq proseslərin içindədir. Yəni tənzimlənmədə tək Rusiyanın hegemon olduğunu düşünmək doğru olmaz. Məsələnin mənfi tərəfi odur ki, Qərb prosesə qatılmaqla ATƏT-in Minsk Qrupunu yenidən canlandırmaq istəyir. Bu isə əsla bizim mənafeyimizə uyğun deyil. Çünki ortada acı təcrübə var. Ona görə də atəşkəsin pozulması təsadüfü deyil və bunların arasında müəyyən əlaqə var. Qərbin aktivləşməsi Rusiyaya sərf etmir. Ancaq maraqlı olan odur ki, Kreml atəşkəsin pozulmasını önləmək üçün çevik tədbirlər görmək istəmir”.

İAT sədri hesab edir ki, Azərbaycan prosesləri son dərəcə həssaslıqla izləyib təhlil etməli və Türkiyə ilə birlikdə, koordinə olunmuş formada hərəkət etməlidir.

Həmçinin oxuyun

Ərdoğan bu gün Azərbaycana səfərə gəlir

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana bir günlük işgüzar səfərə gəlir. Dövlət başçısının …